İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölkə mehmanxanaları böhranda

İlin sonuna qədər turistlərin sayında müəyyən artım gözlənilir; turizm sahəsində islahatlar aparılmalıdır

2025-ci ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə səviyyəsi ölkə üzrə 19,3 faiz olub (2024-cü ilin yanvar-mart aylarında 17,8 faiz).

İqtisadiyyat.az  Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici Şabranda 68,2 faiz, Qusarda 43,5 faiz, Naftalanda 31,2 faiz, Bakıda 28,0 faiz, Sabirabadda 27,2 faiz, Qəbələdə 24,5 faiz, Bərdədə 19,7 faiz, Ağdamda 19,2 faiz, Şamaxıda 16,4 faiz, Ağstafada 16,3 faiz, Beyləqanda 15,7 faiz, Lənkəranda 15,6 faiz, Qubada 15,3 faiz, digər şəhər və rayonlarda isə 15,3 faizdən aşağı olub.

Qeyd edilib ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə 11,9 faiz artaraq 484,9 min olmuşdur ki, bu da ümumi gecələmələrin 55,8 faizini təşkil edir.

Gecələmələrin ümumi sayının 21,8 faizi Hindistan, 14,3 faizi Rusiya Federasiyası, 8,8 faizi Türkiyə, 6,3 faizi Birləşmiş Ərəb Əmirlikləri, 4,7 faizi Səudiyyə Ərəbistanı, 3,3 faizi ABŞ, 3,1 faizi İsrail, 3,0 faizi Küveyt, 2,7 faizi Pakistan, 2,4 faizi Çin, 2,4 faizi Qazaxıstan, 1,9 faizi Böyük Britaniya, 1,4 faizi Özbəkistan, 0,9 faizi Almaniya, 0,8 faizi Bəhreyn, 0,8 faizi İran, 0,8 faizi İtaliya, 0,7 faizi Gürcüstan, 19,9 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 77,5 faizi Bakıda, 12,7 faizi Qusarda, 3,5 faizi Naftalanda, 2,7 faizi Qəbələdə, 1,8 faizi Qubada, 0,4 faizi Şamaxıda, 1,4 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.

Azərbaycan vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə 10,8 faiz artaraq 383,4 min olub ki, bu da ümumi gecələmələrin 44,2 faizini təşkil edir.

Ceyhun Aşurov: "Turistlərin Azərbaycana gəlməsi üçün DAHA ÇOX səbəblər  yaratmalıyıq" - Oxu.az

Ceyhun Aşurov

Turizm sahəsi üzrə ekspert Ceyhun Aşurov “Yeni Müsavat”a sözügedən statistikanı şərh edərkən bildirdi ki, 2024-cü illə müqayisədə cüzi artım olsa da, rəqəmlər  il üzrə təqvimlərin orta statistikasına əsaslanır: “Turizm sahəsi bilavasitə mövsümdən asılı olaraq fəaliyyət göstərir. Bu baxımdan fəsillər üzrə hotellərin doluluq səviyyəsində fərqlərin yaranması təbiidir. Adətən qış aylarında hotellərin doluluğu orta hesabla 50 faiz civarında olur. Nəzərə alsaq ki, bu ilin birinci rübündə ölkəyə gələn turistlərin sayında azalma müşahidə olunub, hotellərdə də boşluq olması təəccüblü deyil. Azərbaycana səfər edən turistlərin təxminən 80 faizi paytaxtı gəzməyə üstünlük verib. O ki qaldı bölgələrə, turistlər arasında Qusar, Qəbələ, Naftalan populyar istiqamətlərdir. Quru sərhədlər bağlı olduğu üçün ölkəyə giriş və çıxış əsasən Bakı şəhəri üzərindən həyata keçirilir. Odur ki, zaman itkisi yaşamaq istəməyən və rahatlığını düşünən turistlərin Bakıda qalmağa üstünlük verməsi təəccüblü deyil. 2025-ci ilin ilk 3 ayında  turizm sektoru göstəricilərində cüzi geriləmə müşahidə olunub, amma ümid edirik ki, ilin sonuna qədər müəyyən artım olacaq”.

C.Aşurov vurğulayıb ki, turizm sektoru COVİD-dən öncəki göstəricilərinə hələ tam çatmayıb, bazarın bərpaolunma prosesi gedir: “Bununla yanaşı, son zamanlar müəyyən ölkələrlə viza rejiminin aradan qaldırılması, bəzi ölkələr arasında birbaşa uçuşların bərpa olunması, beynəlxalq tədbirlərin bütün təqvim boyu bölünməsi turistlərin sayının artmasına müsbət təsir göstərəcək”.

Millət vəkili Vüqar Bayramov: “Azərbaycan yeni mərhələyə qədəm qoyur”

Vüqar Bayramov

Milli Məclisin deputatı Vüqar Bayramov da bu məsələ ilə bağlı açıqlama verib: “Bu ilin ilk rübündə Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1.1 faiz azalaraq 508 min nəfər olub. Ötən ilin eyni dövrü ilə müqayisədə İsraildən gələnlərin sayı 4,0 dəfə, Tacikistandan - 2,0 dəfə, Çindən - 1,8 dəfə, İordaniyadan - 1,6 dəfə, İspaniyadan - 1,6 dəfə, Hindistandan - 47,6 faiz, Qırğızıstandan - 32,6 faiz, Yaponiyadan - 26,5 faiz, Misirdən - 25,0 faiz, ABŞ-dan - 17,3 faiz, Kanadadan - 15,2 faiz, Niderlanddan - 12,2 faiz, Pakistandan - 11,5 faiz artsa da, Avropa İttifaqından gələnlərin sayı 7.8 faiz, körfəz ölkələrindən gələnlərin sayı 9,3 faiz, MDB dövlətlərindən gələnlərin sayı 10.7 faiz azalıb.

Göründüyü kimi, 3 əsas istiqamət üzrə ölkəmizə gələn tursitlərin sayında azalma qeydə alınıb. Azərbaycan üçün gəlmə turzimdə əsas regionlardan olan körfəz ölkələrindən və eləcə də MDB dövlətlərindən gələnlərin sayının azalması ümumi turistlərin sayına mənfi təsir göstərib. Nəticədə, bu ilin ilk rübünü gəlmə turizm azalma ilə başa vurub. Bu ilin birinci rübündə gələnlərin 24,7 faizi Rusiya, 18,3 faizi Türkiyə, 10,8 faizi Hindistan, 9,8 faizi İran, 5,0 faizi Gürcüstan, 3,6 faizi Qazaxıstan, 2,7 faizi Pakistan, hər birindən 2,1 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı, 1,8 faizi Özbəkistan, 1,7 faizi Çin, hər birindən 1,5 faiz olmaqla Türkmənistan, Ukrayna və İsrail, 1,2 faizi Küveyt, 1,0 faizi Belarus, 10,7 faizi digər ölkələrin vətəndaşları olub.

Son statistika göstərir ki, gəlmə turizmdə yeni regionların payının artırılması, dayanıqlı turizm məhsullarından istifadə olunması və davamlılığın gücləndirilməsi üçün bu sahədə islahatların dərinləşdirilməsi daha da aktuallaşıb".

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat” 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR