Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsi ilə bağlı sensasion açıqlama verib.
Musavat.com xəbər verir ki, Tramp “ABC” telekanalına müsahibəsində Rusiya prezidenti Vladimir Putinin Ukraynanı tamamilə işğal etmək niyyətindən danışıb. O bildirib ki, Putin bu planı həyata keçirməyəcək, çünki ona – yəni Trampa hörmət edir:
“Düşünürəm ki, belə desək, o mənə hörmət edir və inanıram ki, məhz bu səbəbdən bütün Ukraynanı işğal etməyəcək. Halbuki bu, onun seçimi və qərarı ola bilərdi”, – deyə Tramp qeyd edib.
ABŞ prezidenti eyni zamanda Putinin mümkün sülh danışıqları zamanı onu “bir qədər aldatmağa” çalışa biləcəyini də istisna etməyib:
“Putin bir az başımı qatmağa cəhd edə bilər. Amma mən onu tanıyıram”, – deyə Tramp əlavə edib.
Trampın bu sözləri onun Rusiya ilə bağlı əvvəlki ritorikasının davamı kimi qiymətləndirilir. Xatırladaq ki, Donald Tramp əvvəllər də bir neçə dəfə Vladimir Putinlə “yaxşı münasibətlərindən” bəhs etmiş və onunla sülhə tez nail ola biləcəyini demişdi.
Analitiklərə görə, Trampın bu açıqlamaları həm ABŞ daxilində, həm də beynəlxalq müstəvidə ciddi müzakirələrə səbəb ola bilər. ABŞ-ın hazırkı prezidenti kimi belə fikirlər səsləndirməsi Vaşinqtonun Ukrayna siyasəti ilə bağlı mövqeyinin dəyişəcəyinə dair ehtimalları gücləndirir.
Musavat.com
30 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ