İnsanlara hürriyət, millətlərə istiqlal!

Söhbətgahın açılışı

İranın rəisi ağayi Məsudun ölkəmizə uğurlu səfərindən xeyli xoşnud olduq. Özəlliklə, Şəhriyarın şeirlərini oxumasıyla qəlbimizi fəth etdi. Deyəsən xarici dövlət başçıları artıq bizim şair xalq olduğumuzu ciddi şəkildə anlamışlar. Açarı tapıblar. Nə deyək, sevindirici haldır. Ədəbiyyatımızın hörmətidir. İnşallah, bir gün Tramp da gəlib Zəlimxan Yaqubdan şeir oxusun.

Səfərin mühüm nəticələrindən biri də İranla dəmiryolumuzun tikintisini sürətləndirmək haqqında oldu. Doğrusu, mən dəqiq bilmirəm o yol harda tikilir, neçə kilometri qalmışdır. İnşallah, o da tikilib qurtarsın. Yoxsa camaatımız – hər iki tərəfdə - çox əziyyət çəkir. Məsələn, görürsən Güneydən Quzeyə bəzi məmulatları dronla göndərirlər. Xərci çox çıxır, sərhədçilər də dağa-daşa düşür. Hələ bəzisi Xəzərdə qayıqla daşıyır, tufan olanda batırlar. Nəyə lazım? Dəmiryolu olsa rahat mübadilə edərik.

İkincisi, hazırda Türkiyə ilə aramızdakı Bakı-Tiflis-Qars dəmiryolu şiddətli sərnişin, yük axınlarıyla müşaiyət olunmaqdadır. İstəyirsən Poyludan min qatara, səhər gözünü Ərzurumun gədiyində aç. Yevlaxda bilet al, İstanbulda zəlzələni gör.

Yeganə problemimiz koronavirusdur. Bildiyiniz kimi, bütün dünyada kökü kəsilən bu mındar xəstəlik məhz bizim ölkənin sərhədlərində, kol-kosda gizlənib güdür. Ona görə Operativ Qərargah, türkün sözü, hər ayın başında karantin müddətini uzadır. Çox çətindir. Xəstəxanalar ağzınacan doludur. Bəs İranla dəmiryolunu necə açacağıq? Bu məni çox düşündürür.

Ümumiyyətlə, ölkəmizin geopolitik arenada mükəmməl manevrləri sevindiricidir. Amerikalılara deyirik ki, ruslarla farsların arasında qalmışıq. Ruslara deyirik çətindir, ABŞ ordan sıxır, Avropa o yandan. Avropaya deyirik qazınızı almısınız, səsinizi kəsin. Çinlilərə deyirik siz bu ruslarla amerikalıları görürsünüz də... Dünyada İsraillə və İranla, Rusiya və Ukrayna ilə, Hindistan və Pakistanla, Çin və ABŞ-la dostluğunu saxlayan neçə ölkə tanıyırsınız? Göz dəyməsin, çox yaxşı gedirik. Azərbaycan dünya üçün qlobal söhbətgah rolundadır.

Uzun sözün qısası, hamıya deyəsi sözümüz var, maşallah. Bircə özümüzə heç bir sözümüz yoxdur, çünki bizi uşaq pulu və Xoşqədəmin verilişi maraqlandırır, siyasətə qarışmırıq. Hətta uşağı olmayanlar da uşaq pulu istəyir. O cümlədən, evində televizoru olmayan verilişdən şikayətlənir. Qalırsan məəttəl.

Ancaq şikayətlənməyə əsasımız yoxdur. Məsud ağanın heyrətləndiyi məsələni götürək. Deyir ölkənizin yarısı Bakıya yığılıb, namxuda. Doğrudan da, hamı Abşeron yarımadasında sıxlaşıb, lakin dənizə batmırıq. Hələ əksinə, dəniz bizdən qorxub geri çəkilir, deyir gəlin, neçə sot istəsəniz torpaq açacam, tikin, qurun, yaradın.

Quruculuq demişkən, bugünlərdə Sumqayıtda deputat məhəllədə söhbətgah açılışı etdi. Hamımız sevinclə izlədik.

Burada bir haşiyə çıxım. “Söhbətgah” əslində yad dildə olan söz birləşməsidir. Ərəbcə “söhbət”, farsca “gah” (zaman, vaxt bildirən şəkilçi) sözlərindən və rusca “besedka”dan təsirlənərək yaradılıbdır. Bu sözün yerinə niyə milli “kölgəlik”, “talvar”, “alaçıq”, “koma”, “arxac”, “ağıl”, “oylaq”, “yaylaq”, “eşənək” və sairə sözlərimizi istifadə etməyək?

Digər tərəfdən, camaat deputata və kölgəliyin tikintisinə milyardlarla yatırım edən, investisiya qoyan yerli iş adamına minnətdarlıq duymaq yerinə mız qoyur. Mən söhbətgah ətrafındakı söhbətləri diqqətlə izlədim. Biri deyir bu nədir, qarpızsatanların obyektinə oxşayır, o biri deyir sanki türmədir və sairə. Guya sovetin vaxtında qazovkadan boğulan bu sumqayıtlılar deyil. Axı hər deputat söhbətgah açmır?! Mən bir də Şirvanın deputatı Heydər Əsədovun bu cür işlərini müşahidə etmişəm. Halbuki, məsələn, Biləcərinin deputatı Elşad Musayev heç bir söhbətgah açılışı etməmişdir. Yəqin seçicilərin yığışıb söhbətləşməsini istəmir. İndi biz nə edək? Yenidən Hacı Madərə səs verməliyik? Axı belə olmaz!

Yazını mən də Şəhriyarın şeiri ilə bitirirəm, trendə qoşuluram:

“İtimiz qurd olalı, biz də qayıtdıq qoyun olduq,

İtilə qol-boyun olduq.

 İt əlindən qayıdıb, qurda da bir zad boyun olduq”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR