Onlayn ictimai-siyasi qəzet
Qurduğu şəbəkə ilə "Onlayn lotereya" təşkil edən və bununla 1 milyon 232 min manat ələ keçirməkdə təqsirləndirilən Tənzilə Kərimovanın cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Musavat.com xəbər verir ki, Tənzilə Kərimova bu sistemi necə qurduğunu danışan zaman bildirib ki, “Teleqram” sosial şəbəkəsində “gift of legacy” adlı oyunla tanış olub. Bütün dünyada yayılmış bu platformaya qoşulan 35 yaşlı Tənzilə qısa müddətdə qaydaları öyrənib. Qaydalara əsasən yaradılan qruplarda 8 nəfər olub və hərə 180 manat ödəniş edib. Növbəli şəkildə hər kəs yığılan məbləği götürürmüş. Yəni bilinən lotereya qaydası kimi.
2022-ci ilin aprel ayından başlayaraq Tənzilə Kərimova internet üzərindən "onlayn lotereya" oyunları təşkil etməyə başlayıb. Bunun üçün sosial şəbəkələr üzərindən qruplar yaradıb.
İstintaqla müəyyən edilib ki, Kərimova insanların etibarından sui-istifadə edərək 81 nəfərin 1 milyon 232 min 559 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.
Oyuna qoşulmaq üçün hər bir şəxsdən 180 manat pul qəbul olunub, 8 nəfərin ödənişi - cəmi 1440 manat isə qalib gəlmək növbəsi olan şəxsə ödənilib. 2022-ci ilin iyul ayından "qat" sistemli oyun yaradıb. Həmin sistemə əsasən, yatırım etmiş şəxs bir ayın tamamında yatırdığı pulun bir neçə qatı müqabilində gəlir əldə edib. Pul vəsaitləri onun və qrup rəhbərinin kartında toplanıb.
Daha sonra həmin kartlardan qalib gələn şəxsin kartına ödəniş edilib. Yəni iyul ayının 5-də 500 manat yatırım etmiş şəxs avqust ayının 5-də 2500 manat pul götürüb. Bu məqsədlə iştirakçıların pulundan müəyyən qədərini kəsib depozit hesaba yatırıb. Depozit pullar onun bank kartı hesablarında yığılıb.
Zərərçəkmiş şəxslər deyib ki, ayın əvvəlində qoşulmuş və 180 manat yatırım etmiş şəxs 1440 manat deyil 900 manat ödəniş qəbul edirdi, qalan 540 manat isə depozit hesaba yatırılırmış. Depozit hesabdan isə iyul ayının 5-dən sonra 5 qat ödəniş qazanmaq adı ilə yatırım etmiş şəxsə verilirmiş.
Bu 5 qat ödənişlər bir ay ərzində verildikdən sonra dayanıb. Kərimova pulunu tələb edən şəxslərə bildirib ki, bank kartında 500 min manat olduğu üçün bank tərəfindən hesabı bloklanıb. Bir müddət pulunu tələb edən şəxsləri bu şəkildə yola verib. Sonra isə şikayətlər çoxalıb.
Əsasən qadınlardan ibarət olan zərərçəkənlər məcbur qalıb Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə şikayət ediblər və Tənzilə Kərimova barədə Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə cinayət işi başlanıb. Onun barəsində "polis nəzarətinə altına verilmə" qətimkan tədbiri seçilib.
Məhkəmə istintaqı dövründə də Kərimova azadlıqda olub. Lakin zərərçəkənlərin pulu ödənilməyib. Məhkəmədə məlum olub ki, Kərimova bu söz-söhbətlərdən sonra ərindən boşanıb. Onun əri mayor rütbəli hərbçi olub.
Kərimova son sözündə və ifadəsindən əməlindən peşman olduğunu deyib. Qeyd edilən məbləğlə razı olmayaraq zərərin 50 min manat olduğunu bildirib.
Məhkəmə mülki iddia verən zərərçəkmişlərin mülki iddiasının təmin edilməsi barədə qərar çıxarıb. Hökmə əsasən Kərimova 10 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalından həbsə alınıb.
İ.Muradov
Musavat.com
30 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ