Onlayn ictimai-siyasi qəzet
Bilik dövründə biliksiz qalmaq təhlükəsi...
Qlobal Bilik İndeksinin (Global Knowledge Index - GKI) 2024-cü il nəticələri açıqlanıb. Təhsil, elm, texnologiya, innovasiya və infrastruktur kimi sahələri qiymətləndirən bu indeks ölkələrin bilik iqtisadiyyatını necə inkişaf etdirdiyini göstərir. Təəssüf ki, Azərbaycan bu reytinqdə 141 ölkə arasında 100-cü yerdə qərarlaşıb. Üstəlik, qonşu ölkələr - Gürcüstan 53-cü, Ermənistan isə 64-cü yerdədir. Fərq nəinki böyükdür, həm də düşündürücüdür. Bütün göstəricilər üzrə qonşu və keçmiş sovet ölkələrinin hamısından gerilik müşahidə olunur. Çox ciddi problemlərlə üzləşmə təhlükəsi gözlənilir. Ölkə bilik iqtisadiyyatını inkişaf etdirməkdə çətinliklərlə üzləşir.
Reytinqə liderlik edən ilk onluq - İsveç (68.2), Finlandiya (67.99), İsveçrə(67.91), Danimarka (66.84), Niderland (66.84), Lüksemburq (66.48), Amerika Birləşmiş Ştatları (66.24), Böyük Britaniya (65.82), Norveç (65.77) Avstriyadır(64.99). Maraqlıdır ki, bu ölkələrin heç biri müsəlman dövləti deyil. Halbuki reytinqin sonuncu sıralarında yer alan ölkələrin böyük əksəriyyəti ya müsəlman ölkələridir, ya da əhalisinin çoxunu müsəlmanlar təşkil edir. Müsəlman dünyasının bu indeksdəki zəif mövqeyi təkcə statistik göstərici deyil - bu, həm də uzun illər ərzində elmə, təhsilə və innovasiyaya önəm verilməməsinin nəticəsidir.
Azərbaycanın vəziyyətinə gəlincə, ölkə 42.40 bal toplayaraq “təhlükəli zona”ya yaxınlaşıb. Təhsildə, texnologiyada müəyyən irəliləyişlər müşahidə olunsa da, elm, tədqiqat və innovasiya sahəsində vəziyyət olduqca zəifdir. Ölkə orta səviyyədə göstəricilərə malikdir, innovasiya və tədqiqat sahələrinə daha çox diqqət yetirilməlidir.
Türkiyə də bu il 59-cu yerdə qərarlaşaraq 49.20 bal toplayıb. Bir zamanlar islam dünyasında elm və təhsil göstəricilərinə görə lider olan Türkiyənin belə geriləməsi vəziyyətin ümumən nə qədər ciddi olduğunu göstərir.
Azərbaycan üçün isə nəticələr həm xəbərdarlıqdır, həm də çağırış. Elm və təhsil sahəsində real islahatlar aparılmadan, tədqiqat və innovasiya dəstəklənmədən ölkənin “rəqəmsal əsrə” ayaq uydurması mümkün olmayacaq.
Kamran Əsədov
Təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, ölkəmizin 100-cü yerdə qərarlaşması və 42.40 balla “təhlükəli zona”ya yaxınlaşması, ölkənin bilik əsaslı cəmiyyət quruculuğunda ciddi çətinliklərlə üzləşdiyini açıq şəkildə göstərir: “İndeksin strukturu, yəni onun alt indikatorları - təhsil, tədqiqat, innovasiya, informasiya texnologiyaları, iqtisadi fəaliyyət, sosial kontekst və institusional çərçivə üzrə ölçülməsi bizə bu geriləmənin səbəblərini sistemli şəkildə təhlil etməyə imkan verir.
Ən başlıca səbəb bilik istehsalının zəifliyidir. Azərbaycan universitetləri və elmi tədqiqat institutları istər elmi məqalə sayı, istərsə də yüksək impakt-faktorlu jurnallarda dərc olunan elmi işlərin sayı baxımından beynəlxalq miqyasda son dərəcə zəif mövqedədir. Məsələn, Web of Science və Scopus bazalarına daxil olan məqalələrin sayına görə Azərbaycan hələ də Qafqaz regionunun ən zəif ölkələrindən biridir. Müqayisə üçün qeyd edək ki, Ermənistan və Gürcüstan 2020-2023-cü illər arasında elmi nəticələrin beynəlxalq dövriyyəyə çıxarılması baxımından Azərbaycandan daha yüksək temp nümayiş etdiriblər. Bu isə bilik cəmiyyətinin əsas sütunlarından olan “elmi istehsal”da struktur zəifliyə işarədir.
Digər tərəfdən, təhsil sistemi - xüsusən ali və peşə təhsili - əmək bazarının tələblərinə adekvat şəkildə yenilənmir. Əgər GKI-nin “təhsil və təlim” bölməsində ölkə nisbətən orta nəticə göstərirsə də, “tədqiqat, inkişaf və innovasiya” sahəsində çox zəif nəticə göstərməsi, yalnız bilik ötürülməsi ilə məşğul olduğumuzu, lakin bu bilikdən iqtisadi və texnoloji üstünlük yaratmaq bacarığımızın olmadığını göstərir. Rəqəmsal texnologiyalardan istifadə, süni intellekt və data analitikası kimi yeni sahələrin təhsil sisteminə inteqrasiyası çox zəifdir, bu isə həm universitetlərin proqramlarında, həm müəllim hazırlığında, həm də dövlət strategiyalarında görünür".
Ekspert bildirir ki, institusional zəiflik də diqqətdən qaçmamalıdır: “İndeksdəki "institusional çərçivə" və “iqtisadi performans” komponentləri göstərir ki, qərar qəbul etmə prosesində şəffaflıq, hesabatlılıq və planlı yanaşma yoxdur. Elmi-tədqiqat fondlarının məhdudluğu, layihə əsaslı maliyyələşmənin yoxluğu, elmi ideyaların kommersiyalaşdırılması mexanizmlərinin olmaması həm akademik, həm də texnoloji inkişafı tormozlayır. Dövlətin elmi-tədqiqat xərcləri ÜDM-in 0.2%-i səviyyəsindədir ki, bu da inkişaf etmiş ölkələrdəki ortalama 2-3% göstəricidən on dəfə azdır.
Digər bir səbəb də beynəlxalq əməkdaşlığın zəifliyidir. Təəssüf ki, Azərbaycan universitetləri və elmi mərkəzləri hələ də geniş beynəlxalq şəbəkəyə inteqrasiya oluna bilməyib. İkili diplom proqramları, birgə tədqiqat layihələri, beynəlxalq laboratoriyalar, elmi mübadilə mexanizmləri çox zəifdir və əsasən formaldır. Gürcüstan və Ermənistan isə Avropa İttifaqının “Horizon Europe”, “Erasmus+” kimi proqramlarında daha fəal iştirak edərək həm maliyyə, həm də bilik dəstəyi əldə edir".
K.Əsədovun fikrincə, bu vəziyyətdən çıxmaq üçün isə yalnız formal islahatlar yetərli deyil, sistemli və çoxpilləli transformasiya tələb olunur: "Əvvəla, elmi-tədqiqat institutları ilə universitetlərin fəaliyyətində koordinasiya gücləndirilməli, layihə əsaslı maliyyələşmə modeli tətbiq olunmalı, gənclər üçün tədqiqat fondları və inkubasiya mərkəzləri yaradılmalıdır. Bunun üçün ilk növbədə dövlət büdcəsindən elmi-tədqiqatlara ayrılan vəsait 3-5 qat artırılmalıdır.
Ali təhsil sistemi təməlindən yenilənməlidir: yalnız diplom verən deyil, bilik və bacarıq yaradan, tədqiqat aparan, innovasiya inkişaf etdirən struktura çevrilməlidir. Təhsil proqramlarında interdisiplinar yanaşma tətbiq olunmalı, tələbələrin praktiki bacarıq və layihə əsaslı öyrənməsi sistemə salınmalıdır.
Rəqəmsal transformasiya sürətlənməlidir. Universitetlər və tədqiqat mərkəzləri bulud texnologiyalarından, süni intellektdən, böyük verilənlər bazasından istifadə etməli, yeni texnoloji platformalar yaradılmalıdır. Bu proses yalnız texniki vasitələrlə deyil, idarəetmə fəlsəfəsi ilə də dəstəklənməlidir. Məsələn, universitet rəhbərlikləri akademik nailiyyətə və elmi nəticəyə görə qiymətləndirilməlidir.
Beynəlxalq əməkdaşlıq strategiyası köklü şəkildə yenilənməlidir. Avropa və Asiyanın qabaqcıl universitetləri ilə birgə doktorantura və magistratura proqramları, ortaq laboratoriyalar, postdok proqramları qurulmalı, Azərbaycan elminin xaricdə tanıdılması üçün dövlət dəstəyi sistemli hala gətirilməlidir".
Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”
30 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ