Onlayn ictimai-siyasi qəzet
Beynəlxalq Əmək Günü təqvimdə qeyd edilən bayram günləri siyahısında yer almır, amma...
Sabah - yəni mayın 1-də dünyanın bir çox ölkələrində Beynəlxalq Əmək Günü kimi qeyd olunacaq. Həmin gün əməkçilərin hüquqlarının müdafiəsi və işçi həmrəyliyinin simvolu olaraq, xüsusilə kapitalist ölkələrində mühüm əhəmiyyət kəsb edir. Türkiyədə, Fransada və digər Avropa dövlətlərində 1 may münasibətilə təşkil olunan yürüşlər bəzən kütləvi nümayişlərə, hətta təhlükəli qarşıdurmalara və toqquşmalara çevrilir. Bu da bir daha göstərir ki, kapitalist cəmiyyətlərdə əməkçilərin sosial və iqtisadi tələbləri hələ də aktuallığını qoruyur.
1 may tarixinin beynəlxalq zəhmətkeşlər günü kimi qeyd olunması qərarı 1889-cu ilin iyul ayında Paris şəhərində keçirilən II İnternasional Konqresində qəbul edilib. Konqres iştirakçıları bu günü işçi sinfinin hüquqları uğrunda qlobal mübarizənin simvoluna çevirmək niyyətində idilər.
Bu qərarın əsas ilham mənbəyi isə daha əvvəl, 1886-cı ilin 1 mayında ABŞ-ın Çikaqo şəhərində baş verən tarixi hadisələr idi. Həmin gün minlərlə fəhlə 8 saatlıq iş günü tələbi ilə küçələrə çıxmış, nümayişlər təşkil etmişdi. Bu nümayişlər polis zorakılığı ilə nəticələnmiş və bir neçə insanın ölümü ilə yadda qalmışdı. Bu qanlı hadisə həmkarlar ittifaqı hərəkatını və işçi hüquqları uğrunda mübarizəni gücləndirmiş, nəticədə 1 may dünya işçi hərəkatının simvolik günü kimi qəbul edilmişdi.
Bu gün də 1 may bir çox ölkələrdə həm əmək hüquqlarının müdafiəsi, həm də sosial ədalət uğrunda çağırışların simvolu olaraq yaşayır və müxtəlif formalarda qeyd olunur.
Azərbaycanda 1 May - Beynəlxalq Əməkçilər Günü uzun və mürəkkəb tarixi mərhələlərdən keçərək, rəsmi və ictimai həyatda yeri zamanla dəyişib, müxtəlif ideoloji, siyasi yanaşmalarla formalaşıb.
Ölkəmizdə 1 may bayramı ilk dəfə 1900-cü illərin əvvəllərində, xüsusilə neft sənayesinin mərkəzi olan Bakıda fəhlə sinfinin təşəbbüsü ilə qeyd olunmağa başlanıb. 1901-ci ildə Bakıda ilk dəfə təşkil olunan 1 may yürüşləri və toplantıları əsasən işçi sinfinin əmək şəraitinin yaxşılaşdırılması, iş saatlarının azaldılması və əmək hüquqlarının qorunması tələblərini əks etdirirdi. Çar Rusiyası dövründə bu tədbirlər əsasən qeyri-rəsmi şəkildə və çox vaxt təzyiqlərlə qarşılanırdı.
1918-ci ildə Azərbaycanın istiqlaliyyəti elan edildikdən sonra, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə 1 may bayramına münasibət xüsusi maraq doğurur. 1919-cu ildə AXC rəhbərliyi dövlət başçısı Məhəmməd Əmin Rəsulzadənin başçılığı ilə 1 may tədbirlərində iştirak etmiş və bu günü sırf “sinfi qarşıdurma” bayramı kimi deyil, həmrəylik və əmək əməlinin təntənəsi kimi qiymətləndirmişdir. Rəsulzadə və onun rəhbərlik etdiyi demokratik hökumət 1 mayın sinfi ziddiyyətləri kəskinləşdirən bir faktor olmasını qəbul etməmiş, əksinə, bu gün ümumbəşəri əmək dəyərlərinin təntənəsi kimi qiymətləndirilib. Bu yanaşma Azərbaycanın öz demokratik və dünyəvi dövlətçilik ənənələrini formalaşdırmaq istiqamətindəki siyasətinin bir parçası idi.
1920-ci ildə Azərbaycanın sovetləşdirilməsindən sonra isə 1 may tamamilə fərqli bir məzmun qazandı. Bolşevik ideologiyası bu günü proletar inqilabının rəmzi kimi qəbul edirdi. Azərbaycanda da 1 may artıq sovet ideologiyasının təbliğat alətinə çevrildi. Bu tarixdə Bakı və digər şəhərlərdə genişmiqyaslı yürüşlər, nümayişlər, paradlar keçirilir, işçilər Kommunist Partiyasının siyasətinə dəstək nümayiş etdirirdilər. Məktəblərdən fabriklərə qədər bütün sahələrdə insanlar zorən bu tədbirlərdə iştirak etməyə məcbur edilirdi.
Sovet hakimiyyəti dövründə 1 may dövlət səviyyəsində qeyri-iş günü elan olunmuş və təntənəli şəkildə qeyd olunurdu. Bu gün, bir tərəfdən, əməkçi hüquqlarının simvolu kimi təqdim edilsə də, əslində sovet rejiminin siyasi gücünün nümayişi üçün istifadə edilirdi.
1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən sonra ölkənin siyasi kursu da dəyişdi. 1992-ci ildə mərhum prezident Əbülfəz Elçibəyin göstərişi ilə 1 mayın Azərbaycanda dövlət səviyyəsində rəsmi bayram kimi qeyd olunmasına son qoyuldu. Bu qərar 1 mayın sovet ideologiyasının atributlarından biri kimi qiymətləndirilməsi ilə əsaslandırıldı.
Əbülfəz Elçibəy və onun rəhbərlik etdiyi Xalq Cəbhəsi hökuməti Azərbaycanın müstəqil dövlətçilik ənənələrini bərpa etmək, sovet dövrünün simvolik bayramlarını aradan qaldırmaq siyasəti yürüdürdü. 1 mayın rəsmi qeyd edilməsinin dayandırılması bu strategiyanın bir hissəsi idi. Beləliklə, 1 may Azərbaycanda dövlət bayramı statusunu itirdi və adi iş günü kimi qəbul edilməyə başlandı.
Bu gün Azərbaycanda 1 may bayramı rəsmi səviyyədə qeyd olunmur. Lakin bir sıra kommunistyönümlü siyasi partiyalar və sol təmayüllü qruplar kiçik miqyaslı tədbirlər və yürüşlər keçirir, 1 mayı əmək hüquqlarının müdafiəsi günü kimi xatırladırlar. Bu tədbirlər əsasən rəmzi xarakter daşıyır və geniş ictimai dəstək qazanmır.
Buna baxmayaraq, bəzi beynəlxalq şirkətlərdə və qeyri-hökumət təşkilatlarında 1 mayda işçi hüquqlarının müdafiəsi ilə bağlı müxtəlif tədbirlər təşkil edilir. Həmçinin bəzi vətəndaş cəmiyyətləri əmək hüquqlarının qorunması və işçilərin hüquqi vəziyyətinin yaxşılaşdırılması mövzusunda ictimai müzakirələr aparırlar.
Azərbaycan Kommunist Partiyasının üzvü Telman Nurullayev ölkə rəhbərliyinə və Milli Məclisə dəfələrlə müraciət edərək, 1 mayın Azərbaycanda rəsmi şəkildə qeyri-iş günü elan olunması və əmək bayramı kimi rəsmiləşdirilməsi təşəbbüsü ilə çıxış etdiyini bildirib. O, bu müraciətlərində 1 mayın tarixi və ictimai-siyasi əhəmiyyətinə toxunaraq, dünyanın bir çox ölkəsində bu günün əməkçilərin həmrəyliyi və hüquqlarının müdafiəsi günü kimi qeyd olunduğunu vurğulayıb. Azərbaycan Xalq Partiyasının sədri, sabiq deputat Pənah Hüseyn də 2000-2005-ci illərdə Milli Məclisdə təmsil olunduğu dövrdə bu məsələni gündəmə gətirib. O, parlamentdə iki dəfə rəsmi şəkildə təşəbbüs qaldıraraq, 1 mayın Azərbaycanda əmək və həmrəylik günü kimi qeyri-iş günü elan edilməsini təklif edib. Pənah Hüseyn çıxışlarında vurğulayıb ki, 1 mayın rəsmi bayram statusu alması əmək hüquqlarının müdafiəsinə, işçi qüvvəsinin sosial vəziyyətinin yaxşılaşdırılmasına və cəmiyyət daxilində əməkçi həmrəyliyinin təşviqinə mühüm təsir göstərə bilər.
Bu istiqamətdə səsləndirilən fikirlər ölkədə ictimaiyyətin müəyyən kəsimlərində dəstək tapsa da, hələlik rəsmi qərar qəbul edilməyib.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, əməkçilərin hüquqları və azadlıqları dövlət tərəfindən qorunur. İşçilərin əmək hüquqlarının pozulmasına qarşı müdafiə mexanizmləri mövcuddur. Lakin 1 may rəsmi təqvimdə qeyd edilən bayram günləri siyahısında yer almır.
Hazırladı: Xalidə GƏRAY
30 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ