İnsanlara hürriyət, millətlərə istiqlal!

Uşaqpulu versəydilər...

Dünyanın bir yarısında yeni trend əmələ gəlib: gənc cütlüklər uşaqsız həyatı üstün tuturlar və bu, get-gedə yayğınlaşır.

Bunu əsasən ağ gündə olan ağ adamlar, yəni avropoid irqinə mənsub olan və Amerikada, Avropada yaşayan insanlar edir. Qara gündə yaşayan qaraşınlara bu trendin dəxli yoxdur.

Amerikalı milyarder İlon Mask bir müddət əvvəl bu xüsusata dair həyəcan təbili, döyüş şeypuru, əndişə saksafonu çalıb, ingiliscədə adı “çayldfri” olan hərəkəti, daha dəqiqi, hərəkatı "sivilizasiyanın gələcəyi üçün ən böyük risk" adlandırıbmış.

Alimlər də təhqiqat, araşdırma, sorğu aparıblar, axırda bu qərara gəliblər ki, Mask düz deyir, bu gedişlə ağ adamların nəsli tükənəcək.

Xüsusilə miçiqanlı tədqiqatçıların içi qan ağlayır. Onlar müəyyən ediblər ki, ABŞ-da son 20 ildə heç vaxt uşaq sahibi olmaq istəməyən insanların sayı iki dəfə artıb. Ö mrü boyu subay-salıq qalmaq istəyən amerikalı yetkin şəxslərin faizi 2002-ci ildəki 14 faizdən 2023-cü ildə 29 faizə yüksəlib. 20 ildən sonra bu faizin necə olacağını düşünəndə Maskı ağlamaq tutur.

Bu məsələdə Asiyada, Hindistan, Çin, Banladeş, İndoneziya tərəflərdə problem yoxdur. Hamısı o tərəfə dursun, təkcə hindistanlılar istəsələr bir döl kampaniyasında ABŞ-nin 10 illik kəsirini kompensasiya edərlər.
Bunu Mask da bilir. Onu narahat edən bəşər əhlinin tükənməsi, azalması deyil, çünki belə bir şey yoxdur.

Maskı narahat edən odur ki, ağ adamlar azalır, əsmərlər, qaralar artır.

Bu həyəcanlanmada bir az irqçilik də var. Adama deyərlər, insan insandır də, nə fərqi var? Bax, bəşər əhlinin sayı 8 milyardı ötüb, avropoidlər azalanda, monqoloidlər və neqroidlər artanda nə olacaq ki?

Ancaq yox, nə qədər olmasa da fərqi var.

Bəzən bizdə də sosioloqlar həyəcanlanırlar ki, ölkəmizin əhalisi əvvəlki templə artmır. Amma bu, əbəs əndişədir. Hökumətimiz istəsə 1 ilin içində, oxumuş adamların sözü olmasın, demoqrafik vəziyyəti dəyişə bilər. Heç nə yox, uşaqpulu verilməsini bərpa etməklə partlayış yarada bilər.

Uşaq əkib-doğmağın sovet dönəmindəki tempinə gəlincə, o zirvəyə yetişmək çətindir. Ötən əsrin 50-60-cı illərində hər ailədə orta hesabla 6 uşaq olub. Sonrakı onilliklərdə uşaq sayı bir-bir azalıb, hazırda hər ailə 1-2 uşaqla kifayətlənir. Amma xeyli ailə də var ki, şəxsi heyəti “iki qız-bir oğlan”dan ibarətdir.

Avropalıların nədən uşaqsevməz olmalarının sirri dərində deyil. 5 günlük dünyada rahat yaşamaq istəyirlər. Uşaq böyütmək, bir tərəfə çıxarmaq, oxutmaq, adam etmək baha başa gəlir, ömrü yeyir-bitirir, rahatlığı pozur. Ona görə də onlar fikirləşirlər ki, uşaqların qayğısını çəkə-çəkə qocalacaqlar, bir gün görməyəcəklər.

Bizim camaatın anaları gerçəkdən qəhrəman analarmış (atalar da həmçinin), 10-dan çox uşaq böyüdüblər, onunu da oxuda bilməsələr də, onunu da ev-eşik ediblər, evləndirib, ərə veriblər. Zarafat deyil. Amma bu müddət ərzində onlar bircə dəfə olsun, qoşalaşıb kurorta, səyahətə gediblərmi? Heç uzağa demirəm, bir dəfə gəlib Xəzərin qırağında istirahət ediblərmi? Etməyiblər. Yalnız yaşlaşandan, orqanizm əldən düşəndən sonra yaxın rayonlardakı sanatoriyaya gedirlər ki, şəfa tapsınlar. Gəncliyində beli becərəndən sonra yaşlaşanda belə parafin çəkdirməyin nə xeyri var.

Ağ adamlar isə canlarının qədrini bilirlər, bəşəriyyətin, öz irqlərinin gələcəyini düşünmürlər. Onlar bar-bar gəzib əylənərkən heç veclərinə də deyil ki, barbar adlandırdıqları insanlar kəhildəyə-kəhildəyə dünya demoqrafiyasına töhfə verirlər.

Əslində əksinə olmalıdır: firavan ölkələrdə yaşayan insanlar daha çox doğub törəməlidirlər və dünyadakı xoşbəxt insanların sayını artırmalıdırlar, kasıb ölkələrin yoxsulları isə hər gecə evdə böyür-böyürə yatışan bədbəxtləri sayıb fikirləşməlidirlər. Bu say onlar üçün çəkindirici qüvvə olmalıdır.

Belə baxanda Maska nə var, multi-milyarderdir, 400 milyardlıq varidatı var. O, bu sərvəti 14 övladının arasında bölsə, yenə hamısı milyarder olacaq. Dərd kasıbın dərdidir, onun da gücü yalnız gələcəyə nikbin baxmağa çatır.

P.S. Firavan ölkələrdə ailələrə uşaqpulu verirlər, amma bu, doğuş statistikasına təsir etmir, çünki pulları onsuz da var.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR