Onlayn ictimai-siyasi qəzet
Heç demə, bu ilin fevral ayında ABŞ-dan Kosta-Rikaya deportasiya edilən 200-dən çox miqrantın içində Azərbaycan vətəndaşlar da varmış.
Bu barədə yayılan ilk xəbərdə deportasiya edilən miqrantların Mərkəzi Asiya ölkələrindən (Pakistan, Əfqanıstan, Özbəkistan, Qazaxıstan) olduğuı bildirilir, azərbaycanlıların adı çəkilmirdi.
Xəbərdə o da göstərilirdi ki, onları gətirib Kosta-Rikanın bir əyalətinə, taleyin ümidinə buraxıblar. Kosta-Rika hökuməti isə miqrantlara öz ölkələrinə getmələri üçün vaxt verib.
Biz bu xəbərlə tanış olanda onların sırasında azərbaycanlıların ola biləcəyindən şübhələndik və ABŞ-də yaşayan dostlara mesaj yazdıq ki, maraqlansınlar, soraqlasınlar, çarəsiz durumda olan azərbaycanlı miqrantların olub-olmadığını öyrənsinlər. Onların birindən belə cavab gəldi ki, ABŞ-yə Meksikadan qeyri-qanuni keçdiyi dəqiq bilinənlər də “bizimlə bağlı heç bir problem yoxdur” deyirlər.
İndi məlum olur ki, azərbaycanlılar bu kimi məsələlərdə nə qədər fərasətli olsalar da, ABŞ-nin yeni hakimiyyətinin miqrantlara qarşı sərt siyasətinin burulğanından kənarda qalmayıblar.
ABŞ-nin yeni administrasiyasının zarafatı yoxdur. Bu komanda hələ ötən ilin ortalarında, seçkiqabağı təbliğat-təşviqat kampaniyasında miqrantlara “qara gün” vəd edirdi, hazırda onu yerinə yetirir. Miqrantların ABŞ ərazisindən kütləvi şəkildə qovulması ABŞ vətəndaşlarının iki böyük istəyindən biridir.
Dünən Qazaxıstanın ABŞ-dəki səfirliyi ölkədə olan qazaxıstanlılara müraciətlə onları könüllü olaraq və mümkün qədər tez öz ölkələrinə qayıtmağa çağırıb.
Səfirlik bildirib ki, ABŞ hakimiyyəti könüllü gediş üçün “CBP Home” proqramından istifadəni təklif edir və getmək istəyənlərə öz uçuşlarını seçməyə, həbsdən və məcburi deportasiyadan qaçmağa imkan verir. Üstəlik, ABŞ-dən könüllü çıxan miqrant gələcəkdə bu ölkəyə qanuni qayıdış imkanına malik olur.
ABŞ-ni könüllü olaraq ölkəni tərk etməkdən imtina edən şəxslər isə əşyalarını toplamaq üçün vaxt verilmədən deportasiya oluna, cərimələnə (1000-5000 dollar arasında) bilərlər.
Bu, o deməkdir ki, ABŞ-dəki xarici diplomatik korpuslar bu ölkəyə sığınmış miqrantların başına nə gələcəyini yaxşı bilirlər və bəri başdan çalışırlar ki, ölkədən qovulan miqrantlar onlara iş artırmasınlar.
ABŞ artıq “miqrant cənnəti” olmaqdan çıxıb. Əslində bu ölkədə miqrantlara həmişə çətin olub. Amma dünya ölkələrinin çoxunda vəziyyət ABŞ-dəki çətin həyatla müqayisədə əsl cəhənnəm əzabıdır. Ölümdən, zorlanmadan, işsizlik və kasıbçılıqdan, hüquqsuzluqdan qurtulmuş adamlar üçün ABŞ-dəki həyat onların gözünə o qədər də çətin görünmür.
Məşhur rus yazıçısı və siyasətçisi Eduard Limonov bir zamanlar sovet dissidenti olaraq ABŞ-də mühacir həyatı yaşayıb, restoranda ofisiant işləyib. Onun öz yaşayışı ilə bağlı qələmə aldığı belə qeydlər var: “Mən təbiətcə qul deyiləm, xidmət göstərməyi də yaxşı bacarmıram. Yan eyvanda nahar edən menecerimiz Fred, Bob və Ricardo hər zaman məni harasa buyurardılar. Şişman bir gənc olan Boba bir stəkan süd verəndə içimdə büzüşmə hiss edirdim - xoşuma gəlmirdi. Bəzən bir qadın və ya qız bizim rəhbərlərlə nahar edərdi. Mənə elə gəlirdi ki, onlar mənə ikrahla baxırlar. Bir il əvvəl bir neçə ölkənin səfiri ilə dostluq etdiyimi, onlarla əyləndiyimi deyə bilmirdim. Necə deyim ki, xatırladığım bir məclisdə İsveç və Meksika, İran və Laos kimi ölkələrin 12 səfiri vardı və məni o məclisə xüsusi qonaq kimi dəvət etmişdilər. Mən onlara (ofisianta ikrahla baxanlara) başa sala bilməzdim ki, öz ölkəmdə ən yaxşı şairlərdən biri idim. Bunu desəm, hər kəs güləcəkdi”.
Təsəvvür edin, Moskvada səfirlərlə oturub-duran, tanınmış şair olan biri ABŞ-də restoranda ofisiant işləyir və menecerlər ona masa sildirir, ora-bura buyururlar.
Bu günlərdə ABŞ-də miqrantlara qarşı münasibəti əsaslandırmaq üçün qara yumor janrında belə bir lətifə də uydurublar:
“Los-Ancelesin cənubunda dörd mərtəbəli bina tamamilə yanır. Birinci mərtəbədə çeklərin saxtalaşdırılması ilə məşğul olan 6 nəfərlik nigeriyalı ailə həlak olur. İkinci mərtəbədə bələdiyyə işçilərini aldadaraq sosial yardım almağı bacaran 7 nəfərlik keniyalı mühacirlərin hamısı ölür. Üçüncü mərtəbəni zəbt edən latın amerikalı narkotacirlər dəstəsi də hamılıqca yanıb ölürlər.
Evin sakinlərindən yalnız dördüncü mərtəbəni tutan ağdərili cütlük sağ qalır.
Yanğının detalları barədə xəbərlər yayılanda ictimaiyyət qəzəblənir: “Necə olur ki, bir binada yaşayan əcnəbilərin hamısı ölür, amma ağdərili cütlük sağ qalır?”
Yanğınsöndürmə rəisinin onlara cavabı qısa olur: “Çünki onlar yanğın zamanı işdə idilər...”.
Bu lətifənin mənası odur ki, miqrantlar işləyib-eləmirlər və Amerikanın orqanizmindəki parazitdirlər.
Burada həqiqət payı, əlbəttə, var. Ancaq milyonlarla miqrant da Amerikada ən ağır işlərdə çalışaraq ailələrini dolandırırdı. İndi onların hamısı öz ölkələrinin “cəhənnəm”inə göndərilir.
20 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ