İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının mərkəzində şir, yaquar, timsah, nəhəng ilanlar - VİDEO, FOTOLAR

 

Uşaqlar üçün biletin qiyməti cəmi 2 AZN, böyüklər üçünsə vur-tut 7 AZN. Ödə və Bakı Zooloji Parkının ecazkar dünyasına bir neçə saat qonaq ol, yüzlərlə canlıya tamaşa elə. 

Musavat.com-un əməkdaşı Bakı Zooloji Parkından videomaterial hazırlayıb. Qeyd edək ki, bir neçə il öncə Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyevanın iştirakı ilə Parkın yenidənqurmadan sonra açılışı olmuşdu. IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə yenidən qurulan Bakı Zooloji Parkında yaşından asılı olmayaraq, heç kəs darıxmaz.  

Zooparkda 5 yaşında bir erkək, 7-8 yaşlarında isə iki dişi şir var. Şirlərin ikisi köhnə zooparkdan qalıb. Amma Qazaxıstan Respublikasının Almatı Heyvanat Parkından gətirilən “Simba” adlı beş yaşlı erkək şir dəyişmə edilməklə alınıb. Bir neçə dəfə dərindən nərə çəkməklə uşaqlı-böyüklü hər kəsin diqqətini özünə cəlb edən “Simba” ardınca sakit-sakit “taxt”ında oturub, ətrafı məğrur-məğrur seyr edir. Pələng dayanmadan var-gəl edir, amma Yaquar nisbətən tənbəldir, bir az hərləndikdən sonra yorulur və yerini rahatlayır. Üzük quyruqlu Lemur meymunlar Türkiyə və Qazaxıstandan alınıb, uşaqların sevincinə sevinc qatan hərəkətlərindən qalmırlar. Lemurlar burada bala veriblər. Ana lemur balanın yanından ayrılmır, təhlükədən qorumaq üçün bel və qarın nahiyəsində daşıyır.

Canavarlar və ayılar isə bir yerdədirlər, onların bir-biri ilə konfliktləri olmur. Üstəlik, iki il əvvəl ayılar iki bala veriblər, sağlam böyüyüblər, canavarlardan onlara “gözün üstə qaşın var” deyən olmayıb. Burdakı heyvanların bir çoxu giperaktivdirlər, rahat şəkildə yaşayırlar. Dəvələr, yallı qoyunlar burada artmaqdadır. Ceyranlar, nəcib marallar, kirəndazlar Qırmızı Kitaba düşüb. Onlar çoxaldılıb və milli parklara, təbiətin qoynuna buraxılıb. Hətta keçən payızda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın iştirakı ilə paytaxt Bakının Xətai rayonunda yerləşən “Gənclik” parkına 20 sincab buraxılıb. Məqsəd 43 hektarlıq parkda sincabların təbii şəkildə çoxalmasıdır. Bundan əlavə, dağ keşisi, Dağıstan turu da çoxaldıb təbiətə buraxılıb.  Məlum olur ki, ümumilikdə 42 heyvan reprodiksiya edilib, təbiətin qoynuna buraxılıb. Buradakı nəhəng bizonlar da öz aləmindədirlər. Amma vahiməli görünüşləri var.    

Parkın yeraltı “dünyası” da başqa aləmdir. Nəhəng ilanlar, timsahlar, növbənöv balıqlar, ziyarətçiləri sehrli aləmə aparan akvarium, digər canlılar hər kəsi sehrli aləmə aparır. Nil timsahları vahimələndirir, amma ətrafındakı rəngbərəng xırda balıqlara toxunmur. Sirrini də öyrəndik, demə öz enerjilərini balaca balıqlara görə xərcləmirlər, daha “böyük işlərlə” məşğul olurlar.

Parkdakı 125 növ canlının ümumi sayı  mindən çoxdur. Heyvanlara qulluq və diqqət sayəsində hər hansı itki qeyd alınmayıb. Yalnız əvvəlki erkək şir 18 yaşına çatdığından və çox qocaldığından təbii ölüm baş verib. Parkın xüsusi plinikası, baytar həkimləri var. Heyvanlar vaxtaşırı vaksinasiyalar edilir. İşçilər burada təhlükəsizlik qaydalarına əməl olunmasından ötrü çox ayıq-sayıq hərəkət edirlər. Heyvanları yemləmək belə, qadağandır. Şahidik, maralı yemləmək istəyən vətəndaşa dərhal bir gənc əməkdaş yaxınlaşdı və mədəni şəkildə ona qaydaları izah etdi. Məqsəd parkdakı heyvanlara qulluq göstərmək, nadir və nəsli kəsilməkdə olan heyvanların çoxaldılmasına, təbiətin qoynuna buraxılmasına nail olmaqdır. Bundan əlavə, təhsil və maarifləndirmə işləri ilə bağlı layihələr də həyata keçirilir, bağça, məktəb və universitetlərlə əməkdaşlıq edilir. Hər hansı xoşagəlməz hadisələr baş verərsə, o halda bir neçə yerdə quraşdırılmış SOS aparatına yaxınlaşıb, düyməni sıxmaq, yaxud əməkdaşları köməyə çağırmaq kifayətdir.

Parkda bir neçə mərtəbəli, metal və taxta konstruksiyalarla eyvanlı “ev” də tikilib. Ən üst qatından ətraf aləmi, həm də heyvanları yuxarıdan seyr etmək şansı qazanır qonaqlar. Yaşıllıq zolağı, daşlardan süzülən süni çay, göl, hər şey yerindədir.  Təkcə yerli sakinlər deyil, xeyli turistlər də ailə-uşağını Bakı Zooparkına gətirir, ən müxtəlif millətlərin nümayəndələri ilə rastlaşırıq. Hamı məmnun görünür. Burada xüsusi istirahət guşəsi də var. Hava qaralır və Parkı məmnunluqla tərk edirik, paytaxtın mərkəzində belə gözəl, əyləncəli dünyanı uşaqlara bəxş eləyən hər kəsə təşəkkürlər! 

Yeri gəlmişkən, onlayn yolla da bilet almaq olar. Bu halda kassanın qarşısında böyük növbədə gözləməkdənsə, dərhal içəri keçmək imkanı açılır qarşında. İçəridə sehrli aləmə düşür uşaqdan-böyüyə hər kəs.

Xatırladaq ki, vaxtilə Bakıda ilk dəfə Heyvanat Parkı adlandırılan zoopark 1928-ci ildə Xətai rayonundakı Nizami parkının ərazisində açılıb. 1958-ci ildə isə Bayıl ərazisində yeni Heyvanat Parkı fəaliyyətə başlayıb. 1985-ci ildə torpaq sürüşməsindən sonra Zoopark Bayıldan indiki ərazisinə köçürülüb. Əvvəllər ərazinin təmirsiz olması ilə yanaşı, heyvanların saxlanıldığı yerlər də yararsız vəziyyətdə olub. IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə burada genişmiqyaslı yenidənqurma işləri aparılıb. Təxminən 4 il davam edən əsaslı yenidənqurma işləri nəticəsində Bakı Zooloji Parkı ən müasir səviyyəyə çatdırılıb və 2021-ci ildə istifadəyə verilib.

Elşad Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR