Onlayn ictimai-siyasi qəzet
Ermənistan Baş naziri Nikol Paşinyan ölkənin hazırkı konstitusiyasını dəyişdirmək üçün əlavə əsaslar axtarır. Yəqin ki, ən əvvəl o səbəbə ki, dəyişikliyə rəsmi Bakının legitim tələbi ilə getmədiyi görüntüsünü yaratmaq istəyir. Hər necə olmasa, cəmiyyətin əhəmiyyətli bir kəsimi hələ də radikal-revanşist ovqatdadır. Hərgah Azərbaycan qeyri-adi heç nə tələb eləmir. Bu, Bakıdan öncə beynəlxalq hüququn tələbidir.
Yeni əsas axtarışına gəlincə, Paşinyan bu gün bəyan edib ki, Ermənistanın əvvəlki konstitusiya referendumları xalqın iradəsini əks etdirmir. Onun sözlərinə görə, ölkədə bu səbəbdən asayiş və cəmiyyət arasında uçurum var. “Ədliyyə sektorunda problemlər bundan qaynaqlanır. Və bu boşluq, digər məsələlərlə yanaşı, bütün konstitusiya referendumlarında ictimaiyyətin rəsmi nəticələrin xalqın iradəsini ifadə etmədiyi və ya tam ifadə etmədiyinə əmin olması ilə bağlıdır”, - Nikol fikrini tamamlayıb...
Paşinyan sözsüz ki, konstitusiyadan Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları ilə bağlı istinadlar çıxarılmadan Bakı və Ankara ilə uzunmüddətli sülhün mümkünsüz olacağını indi heç vaxt olmadığı qədər yaxşı dərk edir. Yəni əks halda, nə onun 29.7 min kv km-lik “real Ermənistan”ı reallaşacaq, nə də kapitulyant ölkə təcriddən çıxa biləcək. Ermənistan bölgənin “kor bağırsağı”, dalan ölkə kimi bir az da inkişafdan qalacaq, sürətlə boşalacaq. Nəyi bacarmasa da, köç etməyi “Hindistan qaraçıları” yaxşı bacarır.
Yaxın illər isə Güney Qafqaz da daxil, regionda son dərəcə önəmli, taleyüklü logistik layihələrin həyata keçirilməsi gözlənilir. Əgər işğal dövründəki kimi, Ermənistan yenə mənasız təkəbbür göstərib Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis Ərzurum, Bakı-Tiflis-Qars kimi qlobal əhəmiyyətli projelərdən kənarda qalsa, bu, artıq özünü intihar anlamına gələcək.
Zaman isə gedir. Odur ki, Paşinyan tələsmək, eyni zamanda, bütün bu acı perspektivləri öz xalqına səbirlə izah etmək zorundadır. Bu isə əlbəttə ki, “barıt qoxulu” konstitusiyanı dəyişməkdən başlayır...
Yeri gəlmişkən, konstitusiyada kilsənin (Eçmiədzinin) ölkənin siyasi həyatında rolu barədə xüsusi bənd var. Hansı ki, katolikoslara faktiki hakimiyyətə müdaxilə üçün imtiyaz tanıyır. Təsadüfi deyil ki, təxminən bir il əvvəl parlamentdəki çıxışı zamanı baş nazir belə də demişdi: “Ölkəmizdə kilsə ictimai fikrə ən böyük təsir agentidir və biz bunu aradan qaldıracağıq”.
Şübhəsiz ki, dindarlarla arası olmayan Paşinyan həmin bənddən də qurtulmaq istəyir. Əlbəttə, ilk növbədə öz hakimiyyətinin gələcəyi naminə. Ancaq o, erməni kilsəsinin daim öz xalqını qonşulara qarşı avantüralara səsləyın bir terror yuvası olduğunun da fərqindədir. Neçə vaxtdır cəmiyyətin və hakimiyyətin baş-beynini aparan avantürist keşiş Baqrat Qalstanyanın hoqqalarını yada salmaq yetər...
Yəni Nikol Vovayeviç kilsənin cəmiyyətə destruktiv təsirini minimuma endirmək, onun “dəmir dişləri”ni çıxarmaq niyyətində səmimidirsə, bunu yalnız təqdir eləmək olar.
Çünki Azərbaycan və Türkiyə ilə sülhə iki ən böyük əngəldən biri və bəlkə də birincisi məhz erməni kilsəsidir. Bu səbəbə referenduma gedilərsə, – onun bu il baş tutması heç də az ehtimallı deyil, – o halda keşiş-dindarlarla radikal-revanşist müxalifətin iqtidara qarşı vahid cəbhədə birləşib cəmiyyəti psixoloji terror etməsi gözləniləndir.
Əvəzində Paşinyan da öz soydaşlarına səbirlə və arqumentli şəkildə izah eləməlidir ki, Azərbaycan radikalların Ermənistanda hakimiyyətə gəlməsinə son dərəcə dözümsüz və sərt münasibətdə olacaq, erməni xalqı üçün yaxşıya heç nə dəyişməyəcək və bunun altını da ilk növbədə onun özü çəkəcək. Həm də qısa zamanda. Kəsəsi, bu dəfə seçimi düz etsinlər...
Analitik xidmət,
Musavat.com
21 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ