Onlayn ictimai-siyasi qəzet
Muzeylər tarixin müəyyən məqamını özündə yaşadan, ötən əsrlərin müxtəlif olaylarından xəbər verən eksponatları komplektləşdirən, qoruyan, saxlayan, öyrənən, nümayiş etdirən maddi-mənəvi xəzinə sayılır. Bu xəzinələr mahiyyətinə görə müxtəlif təmayüllü olurlar. Məsələn, dövlət, memorial, səyyar, ədəbiyyat, incəsənət, tarix, musiqi, qoruq və s.
Bəzən muzeylərdə insanı həqiqətən valeh edən əsərlər, eksponatlar olur. Bəzən də elə əsərlər “əzizlənib” müzeyin ən gözəl guşəsində yerləşdirilir ki, təəccüblənməmək əldə olmur. İnsanın incəsənətə, yaradıcılığa olan dərin hörmət və anlayışı da bu təəccübü aradan qaldıra bilmir. Belə əsərlərin qiyməti mahiyyətindən daha qəribə olur. Milyonlarla qiyməti olan belə “əsər”lər adətən çox varlı insanlar tərəfindən bu muzeylərə hədiyyə olunur. Bəzən bu hədiyyələrin qiyməti muzeylərin büdcəsindən də çox olur.
Musavat.com bu dəfə təmirə ehtiyacı olan muzeylərdə qiyməti milyonlarla dollar olan belə tabloların yer almasının əsl səbəbini araşdırıb.
Bütün dövlətlərin mövcudluğunu təmin edən əsas amillərdən biri vergidir. Çünki büdcələrdəki vəsaitlərin böyük qismini vergilər təşkil edir. Varlı insanlar vergi ödəməyə əsla həvəsli olmurlar. Vergidən yayınmağın cəzası hər dövlətin qanununa görə dəyişir. Artıq müsir dövrdə insanların gəlirlərinin miqdarını gizlətməsi demək olar ki, mümkün deyil. Ona görə varlı insanlar pullarının heç olmasa bir qismini vergidən yayındırmaq üçün belə “sərfəli” bir üsula əl atırlar. Belə ki, dünyada məşhur bir tablonun əslini və ya saxtasını 5 milyon dollara satın alırlar. Sonra 5 milyonluq tablonu 20-25 milyon dollara sənədləşdirib əvvəlcədən sövdələşdikləri muzeylərə hədiyyə edirlər. Bununla da həm xalqın gözündə imiclərini yüksəldirlər, həm də heç olmasa 20 milyon dolları vergidən xilas edə bilirlər.
Musavat.com
Şahanə Rəhimli
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ