Onlayn ictimai-siyasi qəzet
ABŞ Ali Məhkəməsi Tramp administrasiyasını növbəti dəfə məyus edib. Əhəmiyyətinə görə medianın diqqətini sıx çəkən deportasiya işini uduzub. Ali Məhkəmə yekdilliklə qərar verib ki, Tramp administrasiyası Kilmar Abreqo Qarsianı səhvən El Salvadordakı “meqa həbsxanaya” deportasiya edib.
Ali Məhkəmədə işə baxılarkən ABŞ Ədliyyə Departamentinin nümayəndələri Abreqo Qarsianın səhvən deportasiya olunduğunu etiraf ediblər. Lakin aşağı məhkəmə instansiyasında administrasiya Abreqo Qarsiyanın mafiya qrupunun üzvü olduğunu və Salvador həbsxanasında qalmalı olduğunu iddia edib.
Rayon məhkəməsi kifayət qədər sübut olmadığını müəyyən edib və administrasiya Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmənin qərarına əsasən, Abreqo Qarsiya həbsdən qayıtdıqdan sonra onun işinə “sıfırdan” baxılacaq.
29 yaşlı Kilmar Abreqo Qarsia Merilenddə yaşayırdı və mart ayında 200-dən çox digər mühacirlə birlikdə El Salvadora deportasiya edilib, onların əksəriyyəti Venesuelalı Tren de Araqua bandasına aid olmaqda günahlandırılıb.
Tramp bu dəstəni xarici terror təşkilatı elan edib. Eyni zamanda, Abreqo Qarsianın məhkəməsində administrasiyanın vəkilləri onun Salvador MS-13 dəstəsinin üzvü olduğunu iddia ediblər.
ABŞ vətəndaşı ilə evli olan Abreqo Qarsiya 2019-cu ildə ABŞ-da qorunan şəxs statusu alıb: o vaxt məhkəmə onun ölkəsində təhlükə altında olduğu üçün deportasiya edilə bilməyəcəyinə qərar vermişdi. Abreqo Qarsiya yeniyetmə ikən ABŞ-a qeyri-qanuni yollarla daxil olub və 2019-cu ildə polis tərəfindən həbs edilib və immiqrasiya rəsmiləri tərəfindən nəzarətə götürülüb, lakin məhkəmə onun deportasiya ediləcəyi təqdirdə Salvador mafiyası tərəfindən öldürüləcəyinə qənaətinə gəlib.
Ali Məhkəmə Merilend Dairə Məhkəməsinin Abrego Qarsiya işində Prezident administrasiyasını rədd edərkən ifadələri ilə tamamilə razılaşmayıb. Dairə məhkəməsinin hakimi qərar verib ki, Tramp administrasiyası Abreqo Qarsiyanı ABŞ-a qaytarmağa məcbur edilməlidir. Administrasiya iddia edib ki, iş beynəlxalq münasibətlər, yəni El Salvadorla münasibətlər sferasına düşür və məhkəmə prezidentə göstəriş verə bilməz.
ABŞ Ədliyyə Departamenti Ali Məhkəmənin qərarının bu hissəsinə belə münasibət bildirib:
“Bu qərarda icra hakimiyyətinə hörmətlə yanaşılmalı olduğu açıq şəkildə ifadə edilsə də, bir daha onu göstərir ki, fəal hakimlərin xarici siyasətə nəzarəti prezidentdən almaq hüququ yoxdur”.
Kilmar Abreqo Qarsiya El Salvador və ABŞ arasında bağlanmış müqaviləyə əsasən, latın amerikalı mühacirlərin saxlandığı xüsusi Salvador həbsxanası CECOT-a deportasiya edilib. Tramp administrasiyası onu həbsdən azad etdirib geri qaytarmalıdır.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
13 Aprel 2025
12 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ