Onlayn ictimai-siyasi qəzet
“2025-ci ildə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş 11-ci sinif buraxılış imtahanında maksimal – 300 bal toplayan abituriyentlərin sayı cəmi 23 nəfər olub. Bu, əvvəlki illərlə müqayisədə nəzərəçarpacaq dərəcədə azalmadır. 2024-cü ildə bu göstərici 2-ci zonada 39 nəfər, 1-ci zonada isə 14 nəfər idi”.
Bu barədə Musavat.com-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
Ekspert qeyd edir ki, əgər bu rəqəmlərə yüzminlərlə abituriyentin iştirak etdiyi buraxılış imtahanlarının kontekstində baxsaq, bu qədər az sayda yüksək nəticə göstərənlərin olması ölkənin ümumi təhsil keyfiyyətinə dair narahatedici siqnaldır:
“Çünki 300 bal yalnız buraxılış imtahanının nəticəsidir və burada yalnız riyaziyyat, Azərbaycan dili və xarici dil üzrə biliklər yoxlanılır. Bu üç əsas fənn üzrə yüksək nəticə əldə edənlərin sayının bu qədər az olması biliklərin səviyyəsində ciddi çatışmazlıqların olduğunu göstərir.
Azərbaycan Respublikası “Təhsil haqqında” Qanunun 14-cü maddəsinə əsasən, ümumi təhsil pilləsinin məqsədi şəxsiyyətin formalaşması, məntiqi təfəkkürünün inkişafı və onu həyatın müxtəlif sahələrinə hazırlamaqdır. Lakin yüksək nəticə göstərənlərin sayı bu məqsədə tam çatılmadığını göstərir. Qanunda qeyd olunan “təhsil alanların biliyinin qiymətləndirilməsi müasir tələblərə cavab verməlidir” bəndinə əsasən, qiymətləndirmə obyektiv və şaxəli olmalıdır. Amma nəticələr göstərir ki, ya qiymətləndirmə mexanizmi real bilikləri üzə çıxarmır, ya da tədris sistemi şagirdləri bu tələblərə hazırlaya bilmir.
Bu göstəricinin müsbət tərəfi ondan ibarətdir ki, 2024-cü illə müqayisədə 1-ci zonada artım var – 14 nəfərdən 23 nəfərə yüksəlib. Amma bu, sistem səviyyəsində inkişafdan çox fərdi uğurların nəticəsi kimi görünür. Bu 23 nəfər əsasən özəl kurslarda hazırlaşan və ya fərdi müəllim dəstəyi alan şəxslər ola bilər. Deməli, bu nəticə dövlət məktəblərində verilən təhsilin keyfiyyətinə dair ümumiləşdirilmiş fikir formalaşdırmaq üçün yetərli baza deyil. Əgər bu rəqəmin arxasında dövlət məktəbləri dayanırsa, o zaman bu, həmin məktəblərin nüfuzunu artırır, amma əgər bu nəticələr əsasən özəl təhsil xidmətlərinin nəticəsidirsə, o zaman bu, dövlət təhsilinin zəifliyinə işarədir.
Dünya təcrübəsinə nəzər salsaq, bir çox inkişaf etmiş ölkələrdə – məsələn, Finlandiyada və Estoniyada – qiymətləndirmə sistemləri standart testləşmədən daha çox tətbiqə yönəlmiş metodlara əsaslanır. Orta təhsil pilləsini başa vuran şagirdlər üçün “maksimal bal” anlayışı deyil, funksional savadlılıq əsas göstəricidir. Burada əsas məqsəd şagirdin real həyatda qarşılaşa biləcəyi problemləri necə həll edə bildiyini ölçməkdir. ABŞ-da da SAT və ACT imtahanları vasitəsilə müəyyənləşdirilən yüksək nəticələr statistik olaraq daha geniş yayılıb və bu, təhsil sisteminin rəqabətə açıq və geniş resurslarla təmin olunduğuna dəlalət edir”.
Kamran Əsədov Azərbaycanda yüksək nəticə göstərənlərin sayının az olmasını bu cür izah edib:
“Azərbaycanda yüksək nəticə göstərənlərin sayının az olması bir neçə əsas problemi ön plana çıxarır: tədris proqramlarının hələ də reproduktiv təfəkkürə əsaslanması, müəllim hazırlığında davamlı problemlər, dərsliyin keyfiyyəti və məktəbdaxili qiymətləndirmənin real göstəricilərlə üst-üstə düşməməsi. Belə nəticələr, həmçinin regionlar üzrə təhsil imkanları arasında ciddi fərqlərin olduğunu göstərir. Bölgələrdə fəaliyyət göstərən məktəblərdə yüksək bal toplayanların olmaması bərabərsizlik problemini dərinləşdirir.
Bu cür nəticələr təhsil siyasətində dəyişiklikləri qaçılmaz edir. Birincisi, buraxılış imtahanlarının strukturuna yenidən baxılmalı, test mərkəzli qiymətləndirmədən funksional savadlılığı ölçən modellərə keçid təmin olunmalıdır. İkincisi, müəllimlərin ixtisasartırma və peşəkar inkişaf proqramları daha çox tətbiqi və şagirdyönlü metodlara fokuslanmalıdır. Üçüncüsü, imtahanın məqsədi və nəticəsi yalnız universitetə qəbul prosesi ilə deyil, həm də ümumi təhsilin nəticələrini ölçən mexanizm kimi qəbul edilməlidir.
Yekun olaraq, 23 nəfərin maksimal bal toplaması həm zəif nəticədir, həm də xəbərdaredici siqnaldır. Bu nəticə göstərir ki, yalnız fərdi səviyyədə deyil, sistemli şəkildə islahatlara ehtiyac var. Əgər təhsil siyasəti bu siqnalları düzgün oxuyarsa, gələcəkdə bu rəqəmlər artacaq, amma yalnız rəqəmlərlə deyil, funksional və real həyatda tətbiq edilə bilən biliklərə əsaslanan təhsil modeli formalaşacaq. Bu zaman imtahanda maksimal bal toplayanların sayı yox, məzunların həyat bacarıqları əsas göstəriciyə çevriləcək”.
Xalidə Gəray
Musavat.com
12 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ