Onlayn ictimai-siyasi qəzet
Milli Məclisin plenar iclasında “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara dəyişikliklər müzakirəyə çıxarılıb.
Musavat.com-un məlumatına görə, layihəyə əsasən, ordu generalı ilə yanaşı müvafiq icra hakimiyyəti orqanının və Azərbaycanın Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının (dövlət orqanlarının strukturuna daxil olan qurumlar istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəzifəyə təyin edilən rəhbəri və müavini üçün yaş həddi müəyyən edilməyəcək.
Dəyişikliklərdə o da bildirilib ki, həqiqi hərbi xidmətdə və ya ehtiyatda olmağın son yaş həddini keçmiş həmin şəxslər vəzifədən azad edildikdə yaşa görə həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. Qanun layihəsi həqiqi hərbi xidmətdə olmağın son yaş həddi müəyyən edilməyən şəxslərin dairəsinin genişləndirilməsini nəzərdə tutur. Təklif olunan dəyişikliyə görə, ordu generalı ilə yanaşı, Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin edilən müvafiq dövlət orqanlarının rəhbəri və müavini üçün də son yaş həddi müəyyən edilməyəcək.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq ilk oxunuşda qəbul edilib.
E.Paşasoy,
Musavat.com
13 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ