Onlayn ictimai-siyasi qəzet
2020-ci il müharibəsi başlayandan bu günə qədər mina partlayışları nəticəsində 392 nəfər ölüb və ya yaralanıb. Aprelin 6-da Ağdamda ata, azyaşlı oğlu və qızı minaya düşərək ağır xəsarətlər alıb.
Azərbaycan Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti minatəmizləmə səylərinə qəsdən mane olan Ermənistanı məsuliyyətə cəlb etməyə çağırıb. “Biz beynəlxalq ictimaiyyəti Azərbaycanın minatəmizləmə səylərinə qəsdən mane olmasına, günahsız insanların həyatını təhlükə altına atmağa davam etməsinə, münaqişədən sonrakı bərpaya mane olan genişmiqyaslı minalarla çirklənməyə görə Ermənistanı məsuliyyətə cəlb etməyə çağırırıq”, deyə şərhdə qeyd olunub.
Milli Məclisin deputatı Nigar Məmmədova Musavat.com-a şərhində bildirib ki, Ermənistan bir neçə dəfə qeyri-dəqiq xəritələr təqdim edərək beynəlxalq ictimaiyyəti aldadıb. Deputat vurğulayıb ki, ümumiyyətlə, bu məsələ ilə bağlı qarşı tərəf təzadlı mövqedən çıxış edir: “Gah iddia edirdilər ki, guya onlarda dəqiq xəritə yoxdur, bununla yanaşı, Ermənistan rəsmiləri xəritələri təhvil verməyə hazır olduqlarını da bildiriblər. Lakin əvvəl olduğu kimi, son təqdim edilən formulyarlarda da məlumatlar qeyri-dəqiqdir. Cəmi 25% dəqiqlikdən söhbət gedir. Qeyd edilən məlumatların real mina sahələri ilə uzlaşmadığı müəyyən edilib. Səbəb aydındır – onlar daha çox insan itkisinin baş verməsinə can atırlar, eyni zamanda “Böyük Qayıdış” proqramına mane olmaq məqsədilə bu xəritələri verməkdən imtina edirlər. Təsadüfi deyil ki, Ermənistanın davam edən mina terroru nəticəsində günahsız insanlar həyat və sağlamlıqlarını itirməkdədir. Bir neçə gün əvvəl Cəbrayılda və Ağdamda baş verən mina partlayışı nəticəsində 4 Azərbaycan vətəndaşı, o cümlədən uşaqlar ciddi xəsarət alıb. 2020-ci ildən etibarən Ermənistan tərəfdən basdırılmış minalar, həmçinin, partlamamış hərbi sursatların partlaması nəticəsində 392 nəfər həlak olub və ya yaralanıb. Mina terroru müharibə cinayətidir və Ermənistan buna görə məsuliyyət daşıyır, çünki bu minalar məqsədli şəkildə basdırılıb və mülki insanlara qarşı yönəlib. Xəritələrin təqdim edilməsi üçün Ermənistana təzyiq olmalıdır”.
N.Məmmədova hesab edir ki, xəritələrin təqdim edilməsi üçün ən effektiv vasitə beynəlxalq miqyasda təzyiqdir: “Azərbaycan tərəfi dəfələrlə beynəlxalq platformalarda bu məsələni qaldırıb və bu proses davam edir. Amma təəssüf ki, bu məsələdə də ikili standartların şahidi oluruq. Beynəlxalq təşkilatlar Ermənistanın minalarla çirkləndirdiyi ərazilərdəki humanitar vəziyyəti ciddi şəkildə nəzərə almalıdırlar. Ermənistan beynəlxalq hüquq çərçivəsində məsuliyyətə cəlb edilməlidir. Burada mülki insanların hüquqlarının pozulmasından, günahsız, dinc insanların həlak olmasından və ya şikəst qalmasından söhbət gedir. Ermənistana təzyiqlər artırılmalı, bu humanitar fəlakətin qarşısı alınmalıdır. Postmünaqişə dövründə dinc insların mina terrorunun qurbanı olması yolverilməzdir”.
Nigar HƏSƏNLİ,
Musavat.com
13 Aprel 2025
12 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ