İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatdan Şimali Kiprlə bağlı ÇAĞIRIŞ

“Asiya Parlament Assambleyasının bu ilin fevralında Bakı deklarasiyasında olduğu kimi, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin 6 apreldə Daşkənddə keçirilmiş IV konfransında Qərbi azərbaycanlıların öz yurdlarına təhlükəsiz və ləyaqətli qayıdış səylərinə dəstəyin ifadə olunmasını 2024-cü il 5 may “Banjul Bəyannaməsi” ilə başladılan prosesin davamı, dövlətimizin bu yöndəki səylərinə parlament diplomatiyası müstəvisində göstərilən böyük töhfə kimi qiymətləndirir, alqışlayır və qardaş Özbəkistanın başqa bir şəhərində - Səmərqənddə keçirilən Mərkəzi Asiya-Avropa Birliyi sammitindən sonra Ermənistanın Azərbaycanla Gürcüstan arasındakı kommunikasiya xətlərinin cəmi bir neçə kilometrliyində strateji gərginlik yaratmaq cəhdi haqqında danışmaq istəyirəm”.

Musavat.com bildirir ki, bunu Milli Məclisin iclasında çıxış edən deputat Sahib Alıyev söyləyib.

Deputat ardınca bildirib:

“Maraqlıdır, deyilmi? Xanım fon der Lyayen həmin sammitdə orta dəhlizi “qlobal qapı” adlandırıb, o qapının açarını da Ermənistana vermək niyyətində olduqlarını açıqladıqdan dərhal sonra düşmən, bəli, məhz düşmən şərti sərhədin Qazax rayonundan keçən hissəsinin bir yerində özünün 12 ədəd 122 millimetrlik D-30 haubitsalarını döyüş mövqeyinə çıxarır, digər yerində böyük çaplı silahları atəş açmağa hazırlaşırlarmış kimi hərbçilərimizə doğru tuşlayır. Bu, təsadüfdürmü, mümkün deyil. Avropa Birliyinin Ermənistandakı casus missiyasının sevimlilərinin bu əməlindən xəbəri varmı?

Fikrimcə, nəinki xəbəri var, düzdür, döyüş mövqeyinə çıxarılanlar dırnaqarası sülh fondunun ayırdığı vəsaitlə alınan və Fransanın ötürdüyü silahlar olmasa da, bu yeni gərginlik ssenarisinin hətta birgə yazıldığını belə istisna etmirəm. Amma haylar anlamalıdırlar ki, onları belə təxribatlara sürükləyənlər Ermənistan sərhədlərini açdırmaq əvəzinə onu büsbütün yox etdirə bilərlər”.

Sahib Alıyev qeyd edib ki, hay havadarları ADA-dakı beynəlxalq forumda “Azərbaycanı Mərkəzi Asiyadan ancaq Xəzər ayırır” sözlərinin nə anlam daşıdığını, Avropa Birliyindəkilərdən fərli olaraq bizi ortaq tarix, eyni kök, dil, mental dəyərlər birləşdirdiyini, Səmərqənddəki sammitdən dərhal sonra Özbəkistan liderinin Prezident İlham Əliyevə niyə zəng etdiyini anlamırlarsa, öz problemləridir:

“Amma əmin olmaq istərdim ki, sözügedən forumda Prezidentimizin TDT-nin güc mərkəzinə çevrilməsi üçün tarixi fürsətin yarandığı, burda ləngimənin yolverilməzliyi haqda fikirlərini digər türk dövlətlərinin başçıları da bölüşürlər. Ümid etmək istərdim ki, onlar Şimali Kiprə yanaşmada Azərbaycan Prezidentinin ortaya qoyduğu açıq, prinsipial və təəssübkeş mövqeyi diqqətdən qaçırmayacaqlar. Avropalılarla imzaladıqları birgə bəyanatda BMT-nin 541, 550-ci qətnamələri vurğulansa da, həmin BMT baş katibinin təşəbbüsü ilə keçirilən refendumda nədən birləşməyə “hə” deyən Şimali Kiprin yox, “yox” deyən yunan Kiprinin Avropa Birliyinə üzv qəbul edildiyinin üzərində də düşünəcəklər”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR