Onlayn ictimai-siyasi qəzet
Milli Məclisin sədri Sahibə Qafarova parlamentin 11 aprel tarixli plenar iclasında çıxış edib.
Musavat.com parlament sədrinin çıxışını təqdim edir:
“Hörmətli həmkarlar!
Bildiyiniz kimi, Milli Məclis sədrinin başçılığı ilə nümayəndə heyəti aprelin 4-dən 7-dək Özbəkistan Respublikasında işgüzar səfərdə olub. Səfərdə məqsəd Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin dördüncü konfransını təşkil edib, iştirak etmək və həmçinin, Parlamentlərarası İttifaqın 150-ci Assambleyasında və Assambleya çərçivəsində keçirilən Asiya Parlament Assambleyasının Koordinasiya iclasında iştirak etmək idi.
Xatırladım ki, bu gün Milli Məclisin sədri 5 beynəlxalq parlament təşkilatına sədrlik edir və Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Asiya Parlament Assambleyası bunlardan ikisidir.
Qeyd edim ki, səfərin ilk günü nümayəndə heyətinin üzvləri Daşkənddə Heydər Əliyev Meydanında oldular. Orada biz Ulu Öndərin abidəsini ziyarət etdik və onun əziz xatirəsini ehtiramla yad etdik.
Hörmətli həmkarlar!
Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin dördüncü konfransında Hərəkatın üzvü olan dövlətlərin parlamentlərindən və beynəlxalq təşkilatlarından 48 nümayəndə heyəti, başqa sözlə, 280-dən artıq nümayəndə iştirak etdi. Azərbaycanın sədrliyi ilə konfransda “Bandunq ruhunun 70 illiyinin qeyd olunması: Bandunq prinsiplərinin dəstəklənməsində parlamentlərin rolu” mövzusunda müzakirələr aparıldı.
Giriş nitqimdə mən Qoşulmama Hərəkatının təməlində dayanan Bandunq prinsiplərinin bu gün üçün əhəmiyyətindən danışdım.
Qeyd etdim ki, suverenlik, ərazi bütövlüyü, bərabərlik, daxili işlərə qarışmamaq, ədalətə hörmət və beynəlxalq öhdəliklər kimi prinsiplərə ciddi əməl olunması bütün xalqların dinc yanaşı yaşaması və daha yaxşı gələcək naminə səmərəli əməkdaşlığı üçün vacibdir.
2019-2024-cü illərdə Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyini xatırlatdım. Onu da vurğuladım ki, Qoşulmama Hərəkatının Sədri kimi Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin bir sıra təşəbbüsləri Hərəkatın üzvləri arasında həmrəyliyin, qarşılıqlı dəstəyin və əməkdaşlığın gücləndirilməsi, habelə onun institusional inkişafı üçün həyati əhəmiyyət kəsb edib.
Cənab Prezidentin təşəbbüsü ilə Parlament Şəbəkəsinin yaradılmasının Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin mühüm nailiyyətlərindən biri olduğunu bildirdim. Konfransdakı çıxışımda Parlament Şəbəkəsinə rəhbərlik etdiyim 3 il ərzində görülmüş işlər haqda danışdım.
Qeyd etdim ki, ilk növbədə, ötən dövr ərzində Şəbəkənin institusional inkişafı üzrə mühüm addımlar atılmışdır. Belə ki, Büro və 4 daimi komitə yaradılmış, Şəbəkənin fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində nizamnaməyə müvafiq dəyişikliklər edilib.
Qeyd olunan dövrdə Parlament Şəbəkəsinin beynəlxalq əlaqələrinin gücləndirilməsi məqsədilə 8 təşkilatla əməkdaşlıq memorandumları imzalanıb, 6 təşkilatda müşahidəçi statusu əldə edilib. Hazırda 7 təşkilat da Parlament Şəbəkəsində müşahidəçi statusuna malikdir.
Hörmətli həmkarlar!
Konfransda təşkilati məsələlərə baxıldı. Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinə Milli Məclisin sədrliyinin növbəti 3 illik dövr üçün yenilənməsi qərara alındı.
Konfransın yekununda Daşkənd Bəyannaməsi qəbul olundu. Bəyannamədə digər mühüm məsələlərlə yanaşı, Qoşulmama Hərəkatına üzv dövlətlərdə yaşayış yerlərini zor gücü ilə dəyişməyə məcbur qalmış insanların, o cümlədən Qərbi Azərbaycan İcmasının sülh yolu ilə təhlükəsiz şəraitdə və ləyaqətlə ata-baba torpaqlarına qayıtmaq hüququna dəstək ifadə edilib.
Xatırladım ki, Asiya Parlament Assambleyasından sonra bu ikinci dəfədir ki, Azərbaycanın sədrlik etdiyi beynəlxalq parlament təşkilatının bəyannaməsində – Qoşulmama Hərəkatının Parlament Şəbəkəsində Qərbi Azərbaycan mövzusu öz əksini tapıb.
Hörmətli həmkarlar!
Parlamentlərarası İttifaqın 150-ci Assambleyası isə “Sosial inkişaf və ədalət naminə parlament fəaliyyətləri” mövzusuna həsr edilmişdi.
Mən həmin Assambleyada çıxış etdim. Öz çıxışımda bu günün aktual məsələləri, o cümlədən dünyada baş verən münaqişələr və geosiyasi gərginlik, iqtisadi bərabərsizlik, ekoloji və digər çağırışlar, sosial inkişaf məsələləri və onların həlli yolları barədə fikirlərimi bölüşdüm.
Xüsusən sosial inkişaf məsələləri ilə bağlı Azərbaycanın təcrübəsi və nailiyyətləri haqqında geniş məlumat verdim.
Konstitusiyamızın müvafiq müddəalarına uyğun olaraq, parlament tərəfindən müxtəlif sahələrə aid əsas qanunların qəbul edildiyini və mövcud qanunların daim təkmilləşdirildiyini bildirdim.
Hörmətli həmkarlar!
Qeyd edim ki, Azərbaycanın sədrliyi ilə keçirilən Asiya Parlament Assambleyasının Koordinasiya iclası da oldu. Həmin iclasda Assambleyanın bu ilin fevral ayında Bakıda keçirilmiş 15-ci plenar iclasının yekunlarının əlverişli imkanlar yaratdığını bildirdim.
Sədrliyimiz dövründə irəli sürülən prioritetlər barədə də danışdım.
Bu prioritetlər Asiya Parlament Assambleyasının institusional imkanlarının inkişafı, üzvlərin sıralarının genişləndirilməsi və mövcud orqanların effektivliyinin artırılması ilə bağlıdır. Həmçinin qeyd etdim ki, Asiya Parlament Assambleyası konstruktiv dialoq və əməkdaşlıq üçün mühüm çoxsahəli bir qurumdur.
Hörmətli həmkarlar!
İşgüzar səfər çərçivəsində bir sıra ikitərəfli görüşlər də keçirildi. Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyev ilə söhbət zamanı ölkələrimiz və xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin ruhuna uyğun olaraq, parlamentlərimizin geniş əməkdaşlıq əlaqələrinə malik olmasından məmnunluq ifadə edildi.
Bundan başqa, hörmətli həmkarlar, 9 ikitərəfli görüş keçirdim. Onlardan Parlamentlərarası İttifaqın Baş katibi, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı Daimi Komitəsinin sədri(İCAPP), Rusiya, Pakistan, Bəhreyn, İsrail, Mərakeş parlamentlərinin sədrləri, Tolerantlıq və Sülh Təşkilatının, Türk Mədəniyyəti və İrsi Fondunun rəhbərləri ilə görüşlərdə ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri nəzərdən keçirildi.
Konfransın ikinci günündə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə Tolerantlıq və Sülh Təşkilatı, eləcə də Türk Mədəniyyəti və İrsi Fondu arasında memorandumlar da imzalandı.
Hörmətli həmkarlar!
Mən hesab edirəm ki, Özbəkistan Respublikasına işgüzar səfər uğurlu oldu və bununla əlaqədar nümayəndə heyətinin hər bir üzvünə öz dərin minnətdarlığımı bildirirəm”.
E.Paşasoy,
Musavat.com
13 Aprel 2025
12 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ