Onlayn ictimai-siyasi qəzet
"ABŞ prezidenti Donald Tramp Çinə qarşı tarif müharibəsini davam etdirərkən, digər ölkələr üçün etdiyi güzəşt və tariflərin artırılmasının 90 günlüyünə dondurulması həmin ölkələrə fasilə üçün zaman qazandırıb".
Bu barədə Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Politoloq qeyd edib ki, Trampın geri addımından sonra Avropa İttifaqı cavab olaraq ABŞ məhsullarına tətbiq etməyi planlaşdıran tarifləri dondurub:
"Brüssel ümid edir ki, Vaşinqtonla ticarət razılaşması əldə edəcək. Görünür, Trampın və onun müşavirlərinin məqsədi elə bu idi. Ağ Ev sahibi əvvəlcə ölkələrə yüksək tariflər tətbiq edəcəyini elan edir, bir neçə gün sonra isə bu tarifləri 3 ay donduracağını açıqlayır. Məqsəd həmin ölkələri ABŞ-la yeni ticarət sazişləri imzalamağa təşviq etməkdir. Misal üçün, Ağ Evdə Donald Trampla görüşən İsrailin baş naziri Benyamin Netanyahu etiraf edib ki, vaxtilə ölkəsinin ABŞ məhsullarına tətbiq etdiyi tariflər doğru olmayıb və o, Vaşinqtonla yeni ticarət sazişi imzalamağa hazırdır".
Politoloq bildirib ki, ABŞ-la razılaşmaya ümid edən ölkələrdən biri də Hindistandır:
"Bu ölkənin təxminən 37 min şirkəti məhsullarını müxtəlif ölkələrə ixrac edir. Hindistan il ərzində ABŞ-a 14 milyard dollarlıq elektronika məhsulları və 9 miyard dollarlıq qiymətli daşlar ixrac edir. Dehli yaranan fasilədən istifadə edərək Vaşinqtonla yeni ticarət razılaşması əldə edəcəyinə ümidlidir. Donald Tramp Hindistanın baş naziri Narendra Modi ilə tərəfdaşlıq münasibətlərinə malikdir. Əgər ABŞ Çinə qarşı yüksək tarifləri tətbiq edərsə, digər ölkələrin, o cümlədən Hindistanın eyni adlı məhsullarına ehtiyac duya bilər. "Reuters" agentliyinin məlumatına görə, Hindistan ABŞ-la ticarət sazişi imzalayacaq ilk ölkələrdən olacaq. 2030-cu ilə qədər iki ölkə arasında ticarət mübadiləsinin həcminin 500 milyard dollara çatdırılması hədəflənib.
Buna baxmayaraq, "The New York Times" nəşri Hindistan şirkətlərinin Trampın son qərarından zərər gördüyünü yazıb. Donald Trampın qərarından sonra Mumbay birjasında şirkətlərin səhmlərinin 170 milyard itkisi qeydə alınıb. Bu, Mumbay birjasının Trampın tariflərin artırılması qərarına ilkin reaksiyasi olub. Buna görə də Vaşinqtonla ticarət razılaşması Dehli üçün əhəmiyyətlidir. Bu, həm böyük ABŞ bazarının Hindistan üçün itirilməməsi, həm də bu ölkənin şirkətlərinin səhmlərinin qiymətlərinin artırılması deməkdir".
Xalidə Gəray
Musavat.com
13 Aprel 2025
12 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ