Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə görkəmli Azərbaycan portretçisi və ornamentalist rəssamı, dəzgah boyakarlığının banisi Mirzə Qədim İrəvaninin anadan olmasının 200 illiyi münasibətilə silsilə tədbirlər həyata keçirilir. Bu günlərdə Bakı Şəhər İcra Hakimiyyətinin qərarı ilə paytaxtın mərkəzi küçələrindən birinə Mirzə Qədim İrəvaninin adı verilib.
Musavat.com xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının mətbuat katibi Ülviyyə Zülfiqar məlumat verib. O qeyd edib ki, bu qərar dahi rəssamın xatirəsinin əbədiləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
“Qərbi Azərbaycanın və ümumilikdə Azərbaycan xalqının tarixən mühüm mədəniyyət və incəsənət mərkəzlərindən biri olmuş İrəvan şəhərində yaşayıb-yaratmış sənətkarın adının Qərbi Azərbaycan İcmasının yerləşdiyi küçəyə verilməsi xüsusi rəmzi məna daşıyır. Xatırladaq ki, xalqımızın Qərbi Azərbaycandakı çoxsaylı mədəni irs nümunələri kimi, rəssamın bir çox əsəri də 1918–1920-ci illərdə Ermənistanın azərbaycanlılara qarşı törətdiyi zorakılıq və talanlar zamanı məhv edilib. Qərbi Azərbaycan İcması Mirzə Qədim İrəvaninin yaradıcılığı və onun timsalında Qərbi Azərbaycanın mədəni irsinin təbliği sahəsində həyata keçirilən ardıcıl və prinsipial siyasətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürünü bildirir”, deyə o əlavə edib.
Nigar HƏSƏNLİ,
Musavat.com
13 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ