İnsanlara hürriyət, millətlərə istiqlal!

Şimali Kipr Türk Cümhuriyyəti Azərbaycan üçün niyə önəmlidir?

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 11-də Antalyada Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar ilə görüşü olub.

Söhbət zamanı Prezident İlham Əliyevlə Ersin Tatar arasında ölkəmizdə və beynəlxalq tədbirlər çərçivəsində keçirilən görüşlər, həmçinin ötən il onun Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə toplantısında iştirakı məmnunluqla xatırlanıb.

Prezident İlham Əliyev Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində qatılmasını qeyd edib.

TATAR YENİ.jpg (93 KB)

Ersin Tatar dövlətimizin başçısına Şimali Kipr Türk Cümhuriyyətinə göstərdiyi həmrəyliyə və dəstəyə, həmçinin bir neçə gün əvvəl ADA Universitetində keçirilən beynəlxalq forumda dediyi sözlərə görə minnətdarlığını ifadə edib.

Söhbət zamanı müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin həyata keçirilməsi və bir sıra sahələrdə əməkdaşlıq məsələlərinə toxunulub. (AZƏRTAC)

Siyasi elmlər doktoru, Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədr müavini Nazim Cəfərsoy bildirib ki, Şimali Kipr Türk Respublikası (ŞKTC) Azərbaycan üçün sadəcə qardaşlıq perspektivi baxımından önəmli deyil.

CEFERSOY.jpg (192 KB)

Musavat.com-un xəbərinə görə, Şimali Kipr Türk Respublikasının Azərbaycan üçün əhəmiyyətini şərh edən N.Cəfərsoy qeyd edib ki, ŞKTC Aralık dənizində, xüsusilə onun şimal hissəsində çox mühüm strateji mövqeyə malikdir:

“Azərbaycan üçün isə Aralıq dənizinin təhlükəsizliyi və oradakı güc balansı çox mühüm strateji əhəmiyyət daşıyır. Azərbaycanın strateji gücünün və müstəqilliyinin ən mühüm hissələrindən birini iqtisadi parametr təşkil edir. Hamıya yaxşı məlumdur ki, Azərbaycanın bu iqtisadi gücünün əsasını enerji mənbələrinin mövcudluğu və onların dünya bazarlarına təhlükəsiz çıxışı təşkil edir.

Aralıq dənizi isə Azərbaycan enerji mənbələrinin dünya bazarlarına çıxdığı yerdir. Bu çərçivədə neftimizi və qazımızı satdığımız yerin təhlükəsizliyi bizim üçün strateji əhəmiyyət kəsb edir. Şimali Kipr Türk Respublikası isə Aralıq dənizində bu məsələnin təminatında coğrafiyası, siyasi mövqeyi və adada yerləşən Türk Ordusu səbəbiylə vazkeçilməz amillərdəndir”.

Nazim Cəfərsoyun sözlərinə görə, Aralıq dənizi sadəcə geoiqtisadi deyil, geosiyasi baxımdan da Azərbaycan üçün strateji önəmə malik coğrafiyadır:

“Birincisi, Azərbaycanın strateji müttəfiqi Türkiyə ilə münasibətlərimizdə enerji əməkdaşlığı xüsusi önəmə malikdir. Bu enerji əməkdaşlığının mövcudluğu və gələcəyi baxımından başda Ceyhan limanı olmaqla, Aralıq dənizi kritik əhəmiyyət kəsb edir. Bu durum ŞKTC-nin strateji önəmini daha da artıran növbəti amildir.

İkincisi, Azərbaycanın tərəfdaşı İsrail ilə münasibətlərində digər amillərlə yanaşı, enerji faktoru xüsusi önəm kəsb edir. İsrail neft ehtiyacının təxminən 30 faizini Azərbaycan vasitəsilə təmin edir. Və bu Aralıq dənizinə çıxan neft ilə təmin edilir. ŞKTC bu münasibətlərin təhlükəsiz davamı baxımdan da kritik önəmə malikdir.

Üçüncüsü, Azərbaycanın Avropa ilə münasibətlərində mühüm yeri tutan və təxminən 16 milyard dollar dövriyyə ilə ən böyük ticarət tərəfdaşımız olan İtaliya Aralıq dənizi ölkəsidir. Azərbaycan ilə İtaliya arasında başda enerji olmaqla, çox milyardlıq iqtisadi əlaqələrin mühüm bir hissəsi Aralıq dənizi vasitəsilə aparılır.

Azərbaycanın bir digər Aralıq dənizi ölkəsi İspaniya ilə də yaxşı ticarət əlaqələri mövcuddur. Beləliklə, ŞKTC Avropa Birliyinin bu ölkələri ilə siyasi və ticari münasibətlər kontekstində də mühüm əhəmiyyətə malikdir.

Dördüncüsü, Azərbaycan Türk dünyasının xarici siyasətinin əsas prioritet istiqaməti elan edib. ŞKTC bu baxımdan Türk dünyasının qərb vektorunu təşkil edir və buradakı varlığı Türk dünyasının regional və qismən də qlobal güc balansı baxımından çox mühümdür. Üstəlik, Azərbaycanın Avropa-Yaxın Şərq-Türkistan üçbucağında daha da güclənəcəyi görünən fəallığı fonunda Aralıq dənizinin strateji önəminin daha da artması gözlənilir. Bu durum da ŞKTC-nin önəmini artırmaqdadır”.

N.Cəfərsoy əlavə edib ki, ŞKTC-nin varlığının Azərbaycana Şimali Aralıq dənizində enerji axtarışı imkanı yaratması da bir başqa mühüm məqam kimi nəzərə alınmalıdır.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR