İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkdilli dövlət Türküstana qarşı - Aşqabad nonsesi

Ekspert: “Ata və oğul Berdiməhəmmədovlar Türkiyənin Türk dünyasındakı nüfuzunu qısqanaraq əlavə ”cığır" açmaq haqqında düşünürlər"

Aşqabadda türkmən şairi Məhtumqulu Fəraqinin 300 illik yubileyinə həsr olunmuş forumda Türkiyə və Azərbaycan prezidentlərinin iştirak etməməsi diqqət çəkib. 

“Nezavisimaya qazeta” yazıb ki, ekspertlər bunu Türkmənistanla Türkiyə arasında türkdilli xalqların tarixi özəyi və müasir liderliyi məsələsində ziddiyyətlərin olması ilə izah edirlər. Türkmənistan, yeri gəlmişkən, Türk Dövlətləri Təşkilatına (TDT) tamhüquqlu üzv olmağa tələsmir. Eyni zamanda konfransın əsas nəticəsi hesab oluna bilər ki, Aşqabadın Türk dünyasında rolu güclənir və o, Türkiyənin təklif etdiyi “Böyük Turan”ın orbitinə çıxmaq perspektivinə alternativ yaratmağa çalışır.

Bəllidir ki, Türkiyə “Orta Asiya” adını “Türküstan” adlandırmaq qərarına gəlib. Türkiyənin Milli Təhsil Nazirliyi də məktəb proqramında analoji dəyişikliklər edib. Prezident Rəcəb Tayyib Ərdoğan təşəbbüsün əhəmiyyətini vurğulayaraq, Türkiyə ilə türk ölkələrinin ortaq gələcəyə nail olmaq üçün birlikdə çalışacağını bildirib: “Biz çiyin-çiyinə növbəti dövrü türklərin dövrünə çevirəcəyik, "Türkiyə Əsri" vizyonumuzu bütün TDT-yə yayacağıq", - deyə Ərdoğan qeyd edib.

Ekspertlərin fikrincə, bu cür dəyişikliklər “ortaq tarix, ədəbiyyat, xəritə və əlifbanın yaradılması da daxil olmaqla, Türk dünyasında əlaqələrin gücləndirilməsi üzrə daha geniş strategiyanın” tərkib hissəsidir.

Türkiyənin bu qərarı digər Rusiya medialarında da ciddi müzakirələrə səbəb olub. Politoloq, Etno-Milli Strategiyalar Agentliyinin direktoru Aleksandr Kobrinski “İzvestiya”ya deyib ki, Türkiyə Rusiyanın Mərkəzi Asiyadakı maraqlarını təhdid edir: “Rusiya rəhbərliyi ənənəvi olaraq iqtisadi əməkdaşlığa və iri infrastruktur layihələrinin həyata keçirilməsinə arxalanır. Hesab edilir ki, bu, qonşu ölkələrin və regionların dostluq şəraitində qalmasını təmin etmək üçün kifayətdir. Türkiyə fərqli davranır, insanların özünü qavrayışını yenidən formatlayır”.

Ekspert iddia edir ki, Ankara getdikcə daha çox “türk dünyası” ideyalarını təbliğ edəcək, “sonra dilin birləşməsi başlayacaq və nə vaxtsa geosiyasi oriyentasiya məsələsi ortaya çıxacaq”. Ekspert əlavə edir ki, Türkiyə təkcə Orta Asiya ölkələrində deyil, Rusiyanın türkdilli regionlarında da bu istiqamətdə fəal işləyəcək.

Elçin Mirzəbəyli Ağsu Mədəniyyət Sarayında seçicilərlə görüşüb (FOTO)

 Elçin Mirzəbəyli 

Ədalət, Hüquq və Demokratiya Partiyası sədrinin müavini, deputat Elçin Mirzəbəyli məsələ ilə bağlı “Yeni Müsavat”a bunları dedi: “Mövcud türk arealının formalaşmasında, Avrasiyada nəhəng türk imperiyalarının yaradılmasında və çağdaş türk dövlətlərinin təşəkkül tapmasında türkmən (türk) tayfalarının bütün boyları iştirak edib. Lakin bu türkmən boyları təkcə qardaş Türkmənistanda yaşayan türklərdən ibarət deyil. Türkmənistanda yaşayan soydaşlarımız kınık, salur, qayı, bayat, beydilli boylarının birləşməsi ilə meydana gələn Oğuz qövmlərinin kiçik bir hissəsidir və onlar böyük türk etnosunun ayrılmaz parçasını təşkil edirlər. Bu baxımdan, Türkmənistanda yaşayan qardaş və bacılarımızın digər türklərdən, xüsusilə də Türkiyə, Güney və Quzey Azərbaycanda yaşayan türklərdən heç bir fərqi yoxdur, ola da bilməz. Bu istiqamətdə üstün mövqeyə yiyələnmək üçün bölücülüyə əl atanları heç bir perspektiv gözləmir və onlar da özlərindən əvvəlkilər kimi vahid milli iradənin təzyiqi altında əzilib gedəcəklər. Bütövlükdə Türk Dünyasının birliyi kimi tarixi, həyati bir məsələdə "böyük qardaş", “kiçik qardaş”, “daha qədim”, “daha ulu” iddiaları ilə çıxış etmək Türk millətinin iradəsinə qarşı getməkdir və bu işin sonu da bəllidir - rüsvayçı məğlubiyyət. Doğrusu, Türkmənistanın Türk dünyasının gələcəyi ilə bağlı fərqli bir baxış bucağına, bütövlükdə isə hansısa strateji viziona malik olduğunu düşünmürəm. Zənnimcə, hazırda özünün tarixi formalaşma mərhələsini yaşayan Türk Dövlətləri Təşkilatı türk xalqlarının birliyini, bərabərliyini və vahid mədəni-siyasi-iqtisadi, gələcəkdə ola bilsin ki, hərbi platforma üzərindən təmin edə biləcək yeganə təşkilatdır.

Hesab edirəm ki, Azərbaycanın dövlət başçısının “bizim ailəmiz türk ailəsidir” ideyası türk dünyasının möhkəm, sarsılmaz birliyinin təmin edilməsi üçün ən doğru və strateji baxış bucağıdır. Azərbaycan Prezidentinin təklif etdiyi Böyük Türk Ailəsi modeli hər kəsin yerini, mövqeyini təbii şəkildə müəyyənləşdirir".

Deputat Rusiya və İranın da gələcəkdə quruma üzv ola biləcəklərini ehtimal edir: “Rusiyanın Türk Dövlətləri Təşkilatına qoşulmaq perspektivinə gəldikdə isə, bunun bu və ya digər şəkildə nə zamansa mümkün olacağını düşünürəm və bu proses ilk növbədə Rusiyanın gələcəyi üçün çox vacibdir. Rusiya dövlətçiliyinin formalaşması prosesində türk xalqlarının iştirakı kimsəyə sirr deyil. Rusiyanın yenicə formalaşmaqda olan geosiyasi Avrasiya nəzəriyyəsinin əsasını da türk-slavyan birliyi təşkil edir. Amma bu nəzəriyyənin özünə fərqli yanaşmalar var. Qənaətimə görə, Rusiyanın "yeni Avrasiya" nəzəriyyəçilərinin türk arealına daxil olaraq bu arealın aparıcı, lider gücünə çevrilmək iddialarının heç bir perspektivi yoxdur. Ən doğrusu, klassik Avrasiya nəzəriyyələri üzərindən hərəkət etmək, Qumilyovun və Heydər Camalın baxış bucaqlarını diqqətə almaqdır.

İndiki mərhələdə əsas hədəf Türk Dövlətləri Təşkilatının cazibədarlığının artırılması olmalıdır ki, bu istiqamətdə də zəruri addımların atıldığını düşünürəm və zamanla Rusiyanın da, İranın da Türk Dövlətləri Təşkilatında təmsil oluna biləcəklərini ehtimal edirəm".

Deputat Sona Əliyeva SÜKUTU POZDU: “Məni və övladlarımı öldürməklə təhdid  etdilər”-QALMAQAL

Sona Əliyeva

Siyasi təhlilçi Sona Əliyeva bunu iki qardaş ölkənin Türkmənistanı TDT-yə gətirmək üçün etdiyi yumşaq təzyiq vasitəsi sayır: “Azərbaycan və Türkiyə prezidentlərinin Fəraqinin 300 illik yubiley tədbirlərində iştirak etməməsi əslində Bakı və Ankaradan Aşqabada yumşaq təzyiq vasitəsi sayıla bilər. Bu yumşaq təzyiq dost və qardaş ölkə olan Türkmənistanı TDT-yə qoşulmağa tələsdirmək mahiyyəti daşıyır. Amma qardaş ölkə Türkmənistan özünü bütün dünyada bitərəf ölkə kimi tanıdıb. Düşünürəm ki, Aşqabad balanslı siyasət yürütməkdə israrlıdır. Rusiya və İranın Türkmənistandakı iqtisadi və siyasi rolu danılmazdır. Ona görə də Berdiməhəmmədov hakimiyyəti bu barədə soyuqqanlı addımlar atmağı daha üstün sayır. Üstəlik, Türkmənistan özünü Türk dünyasının varisi sayır. Hətta keçmiş prezident Niyazov deyirdi ki, Turanın ürəyi Türkmənistanda döyünür, çünki oğuzlar bütün dünyaya məhz buradan yayılıblar. Bu baxımdan, ata və oğul  Berdiməhəmmədovlar Türkiyənin Türk dünyasındakı nüfuzunu qısqanaraq əlavə "cığır" açmaq haqqında düşünürlər. Aydındır ki, TDT-nin güclənməsini istəməyən Rusiya amili də mövcuddur. Hazırkı şəraitdə Rusiya Türküstan diyarına, Orta Asiyaya özünün “arxa bağçası” kimi baxmağa davam edir. Üstəlik, özünün iri iqtisadi layihələrinin logistik qaynaqlarını da məhz burada görür. Bu baxımdan, TDT Rusiyanı da müşahidəçi üzv qismində öz sıralarına qatmalıdır ki, Kreml amilini müəyyən qədər neytrallaşdıra bilsin. Bu addım Rusiyadakı türk topluluqlarının milli oyanışı baxımından da önəmlidir".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR