Onlayn ictimai-siyasi qəzet
Əhməd Qəşəmoğlu: “Süni intellekt ilan zəhəri kimidir, düzgün istifadə etmədikdə dərhal öldürür”
“Ay qız, indi hansı əsrdir noxudla, kartla fala baxasan? Kompüter əsridir ee”. Bunu hələ 80-ci illərdə çəkilmiş “Yaşıl eynəkli” adam tamaşasında eşitmişdik.
İndi süni intellekt, müasir texnologiyalar inkişaf etdikcə, bundan faydalı məqsədlərlə istifadə edənlərdən çox fırıldaqçılar, falçılar yararlanmağa başlayıb.
Rusiyada sehrbazların və taro oxuyanların xidmətlərində 100 faiz artım gözlənilir. Musavat.com xəbər verir ki, bu məlumatı Mash telegram kanalı sahə adamlarına istinadən yayıb. Bildirilir ki, bu sektorun nümayəndələri qiymət artımını tələbatın çox olması ilə izah edirlər.
Böyük İT şirkətləri belə mütəxəssislərin xidmətinə müraciət etməyə başlayıblar. Onlar müsahibə prosesinə falçılıq elementlərini tətbiq edirlər və hətta evdə taro oxuyanları işə götürürlər. Bazarda yeni bir xidmət ortaya çıxıb - başqa bir taro oxucusu tərəfindən həyata keçirilən HR taro oxuyucusu ilə ünsiyyətə hazırlıq. Belə bir onlayn məsləhətləşmənin 1 dəqiqəsinin qiyməti 70 rubl təşkil edir.
Sehrli rituallar da bahalaşır. Sibir və Avropa Rusiyasında tələbin artması səbəbindən qiymətlər 40-50 faiz artdı. Məsələn, çakranın təmizlənməsi 9,5 min rubldan 15 min rubla, mənfi enerjinin çıxarılması isə 12 min rubldan 25 min rubla qədər bahalaşıb.
Təkcə Rusiyada deyil, Türkiyədə də artıq bir neçə ildir ki, süni intellektlə falçı proqramları geniş yayılıb.
Bəs süni intellektlə falçılar, magiyalar insan cəmiyyətlərinin ahəngini poza bilərmi? Bu tendensiya əndazədən çıxa bilərmi? Müasir texnologiyalarla falçılıq dələduzluq kimi tövsif edilib, məsuliyyət yaratmalıdırmı?
Əhməd Qəşəmoğlu
Mövzu ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu “Yeni Müsavat”a danışıb. Sosioloq qeyd edib ki, süni intellektin yaxşı tərəflərindən istifadə ilə bağlı maarifləndirici tədbirlərə ehtiyac var: “Şəxsən mən süni intellekti idrak intellekti adlandırıram. Çünki bu intellekti idrak yaradıb. Biri var təbii şəkildə, insanın özünün yaratdığı intellekt, hansı ki, uzun minillik proseslərin nəticəsi olaraq ortaya çıxıb, biri də var idraki intellekt. Biz bu idraki intellekti başlı-başına buraxa bilmərik, onun müəyyən meyarları olmalıdır. Bəs bu meyarlar nədir?
Bütün təhlillər, məntiq onu göstərir ki, həyatın davam etməsinin əsas düsturu ahəng prinsipləridir. Harada ahəng varsa, orada inkişaf, tərəqqi, həyat var. Ahəng pozulanda fəsadlar verir və böyük problemlər yaradır. Ona görə də beynəlxalq səviyyədə normal tələblər qoyulmalıdır ki, idraki intellekt harada ahəngi pozursa, dərhal həmin yerdə ona qadağa qoyulsun. Bu baxımdan süni intellekt çox təhlükəlidir. Çünki bir də görəcəyik ki, bizə bütün qanunları, tələbləri artıq süni intellekt irəli sürür. Ona görə də bütün dünya ictimaiyyəti bu məsələdə öz mövqeyini dəyişməlidir. İnsanlıq bu məsələdə diqqətli olmalıdır.
Şəxsən biz öz ölkəmizdə bu məsələlərlə bağlı ciddi maarifləndirmə işləri aparmalı, süni intellektlə bağlı ortaya çıxan problemlər barədə insanlara ətraflı məlumatlar verməliyik. İnsanları hələlik süni intellektin ancaq yaxşı tərəflərindən istifadə etmək istiqamətində maarifləndirməliyik ki, zərərli tərəfdən də özünü qoruya bilsin.
Ümumiyyətlə, internet, süni intellekt və bu kimi amillər ilan zəhəri kimi bir şeydir. İlan zəhərindən qaydasından istifadə etdikdə ən dəyərli dərman olur, səhv istifadə edəndə isə insanı dərhal öldürür. Beləliklə, biz hələlik imkan daxilində çalışmalıyıq ki, öz ölkəmizdə süni intellektin yaxşı tərəflərindən maksimum istifadə edək, eyni zamanda da onun qorxunc tərəflərindən özümüzü müdafiə edə bilək. Təəssüf ki, hələlik bu istiqamətdə ölkəmizdə də arzuolunan işlər görülmür".
Xalidə GƏRAY,
“Yeni Müsavat”
03 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ