Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının sessiyasında çıxış edib. Paşinyan deyib ki, o, qonşu ölkələri günahlandırmaqdansa, diqqətini imkanlara yönəldəcək və bu, müsbət düşüncə və imkanlar haqqında söhbətlər üçün yer yaradacaq.
Erməni baş nazirin çıxışı o dərəcədə “pozitiv ton”da olub ki, onu Ermənistandakı opponentləri də tənqid etməyə başlayıblar. Həmin çıxışdan bəzi fraqmentlər: “Biz keçmişi dəyişə bilmərik, bu gün də çox şeyi dəyişə bilmərik, çünki bu gün müəyyən dərəcədə keçmişin bir hissəsidir, lakin gələcəyin formalaşdırılması bu günün ən mühüm vəzifəsidir”.
Paşinyan qeyd edib ki, erməni tərəfinin də gündəliyi məlumdur: sülh, təhlükəsizlik, rifah, azadlıq, ədalət, insan haqları, süni intellekt, iqlim dəyişikliyi: “Bununla belə, xüsusilə vacib olan, gələcəyə baxışımızı hansı konsepsiyaya əsasladığımız və ona uyğun olaraq onu necə qurduğumuzdur. Qəribə görünə bilər, amma gələcək üçün edə biləcəyimiz ən vacib şey müsbət hekayələr yaratmaq və ona diqqət yetirməkdir”.
O, bugünkü qlobal böhranın səbəblərindən biri kimi beynəlxalq formatların uzun müddətdir qarşılıqlı ittihamlar və təhdidlər meydanına, böhranların və çıxılmaz vəziyyətlərin baş verdiyi və ya elan olunduğu məkana çevrilməsini göstərib: “Həm mənim, həm də digər liderlərin beynəlxalq platformalarda etdiyi müsbət çıxışları xatırlamaq mənim üçün çətindir və bunun obyektiv səbəbləri var.
Biz adətən BMT-yə bunun pis olacağını söyləmək üçün gəlirik. Çünki bunu təsdiqləyən çoxlu faktlar var və onlar hər yerdə var, onları aşkar etmək çox səy tələb etmir".
Müşahidəçilərə görə, Nikol Paşinyanın BMT tribunasından etdiyi bu çıxış siyasi artistlik nümunəsidir. Belə ki, sülh müqaviləsinin imzalanmasını hər bəhanə ilə uzadan Paşinyan dünyaya özünü və hökumətini konstruktiv, sülhpərvər və pozitiv göstərməyə çalışıb. Maraqlıdır ki, Ermənistan rəhbəri Azərbaycan əleyhinə danışmayıb. Bu, onun sülh danışıqlarında konstruktiv mövqe tutacağı anlamına gələ bilərmi?
Xatırladaq ki, Prezident İlham Əliyev sentyabrın 24-də VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında rəsmi İrəvanın sülh müqaviləsi məsələsində özünü qeyri-ciddi apardığını və vaxt uzatmağa çalışdığını, Minsk Qrupundan imtina etmək istəmədiyi və revanş hissi ilə yaşadığını bildirib.
Elçin Mirzəbəyli
Milli Məclisin deputatı, Ədalət, Hüquq və Demokratiya Partiyası sədrinin müavini Elçin Mirzəbəyli deyir ki, keçmişdə etdiklərinə görə ermənilər cavab verməlidirlər: “Paşinyana indiki mərhələdə "sülh göyərçini" obrazı yaratmaq tapşırılıb və Ermənistanın baş naziri də bu tapşırığı klassik erməni xarakterinə və öz istedadsızlıq və bacarıqsızlığına uyğun bir şəkildə həyata keçirir. Nikolun BMT kürsüsündə “filosofluq” etməsi isə, ümumiyyətlə, nonsensdir. Çünki onun əyalət hiyləgərliyi, ən yaxşı halda Fransa kimi ölkələrlə “vətəndaş nikah”ında yaşayan “Vətəndaş müqaviləsi” partiyasının yuxarı eşelonu üçün keçərli ola bilər.
Paşinyan keçmişi dəyişməyin, hətta bu gün də çox şeyi dəyişə bilməyin mümkünsüzlüyünü dilə gətirir, digər tərəfdən isə iddia edir ki, gələcəyin formalaşdırılması bu günün ən mühüm vəzifəsidir. O zaman sual olunur bu necə baş verəcək? Çünki keçmişə görə məsuliyyət daşıdığını etiraf etmədən və törətdiyin əməllərə görə cavab vermədən, bu günün ədalətli, obyektiv mənzərəsini dəyişmək mümkün deyil. Əgər sən, hazırda əlində olan bu günü dəyişə bilmirsənsə, məchul, əlçatmaz gələcəyi necə formalaşdıracaqsan? Bu adam ya klassik axmaqdır, ya da başqalarını axmaq yerinə qoymaq istəyir.
Bütövlükdə isə Paşinyanın BMT kürsüsündən söylədiklərini “Mesropun növbəti nağılı” kimi dəyərləndirmək olar. Sülh üçün nağıl danışmaq yox, praktik addımlar atmalısan. Bunun üçün isə Ermənistan keçmişə görə Azərbaycan xalqından üzr istəməli, müharibə cinayətkarlarının ədalət məhkəməsi qarşısında dayanmaları üçün müvafiq addımlar atmalı, ölkəmizə və xalqımıza dəyən ziyan üçün təzminat ödəməli, Azərbaycana qarşı ərazi iddialarından əl çəkməli və bunun üçün konstitusiyasında, digər hüquqi-normativ aktlarında dəyişiklik etməlidir. Yəni keçmişdə baş verənlərə görə məsuliyyət daşıdığını, dövlət olduğunu təsdiqləməlidir. Bu gün üçün sülh müqaviləsinin imzalanmasına maneə yaradan əməllərdən, xarici qüvvələrin marionet subyekti olmaqdan əl çəkməli, davamlı sülhə hərtərəfli hüquqi təminat verə biləcək addımlar atmalıdır. Yəni bu günü də keçmişin girovuna çevirməli deyil. Bu halda təhlükəsiz, firavan gələcək üçün narahatlığa ehtiyac qalmayacaq. Hoqqabazlıq etmək lazım deyil, məsuliyyətli və gerçək dövlət olmaq lazımdır".
Əli Orucov
AMİP liderinin köməkçisi, politoloq Əli Orucov Paşinyanın bu çıxışı ilə öz məkrli planını gizlətmək niyyətində olduğunu söylədi: “Ermənistanın sülhlə, regional təhlükəsizliklə bağlı imitasiyası yeni deyil. Hələ keçmiş Dağlıq Qarabağ münaqişəsinin mövcud olduğu dönəmlərdə də işğalçılıq hərəkətlərini ört-basdır etmək üçün bu cür priyomlardan istifadə edirdi. Paşinyanın BMT tribunasından etdiyi çıxışında da məqsəd əslində Ermənistanın əsil niyyətlərini gizlətmək, gələcək məkrli planlarını pərdələməkdir. Paşinyanın bu çıxışını artistlik hesab edənlər haqlıdırlar. Erməni baş nazir həqiqətən də rifah, sülh, qonşularla normal münasibətlər istəyirsə, bunu əməldə və verdiyi qərarları ilə sübut etməlidir. Halbuki tamam fərqli mənzərə görürük. Biz Ermənistanın sürətlə silahlanmasını, regiona yad oyunçuların cəlb olunmasını, təxribatları və revanşizmini görürük. Təsadüfi deyil ki, ölkə başçısı Milli Məclisin VII çağırış iclasının açılışında çıxışında da İrəvanın sülh prosesinə dırnaqarası yanaşdığını, yeni risklərin mümkünlüyü barədə ictimaiyyəti bir daha məlumatlandırdı. Ermənistan üzərinə götürdüyü öhdəlikləri və əldə edilmiş razılaşmalara da sadiq qalmayıb. Qərb kəşfiyyatı orqanlarının nümayəndələrini müşahidəçi adı altında Azərbaycanın sərhədlərinə yerləşdirib. Sülh danışıqlarını sabotaj etmək üçün bütün vasitələrə əl atır. Və çalışır ki, prosesə daha çox dövləti cəlb etməklə mürəkkəb vəziyyət yaratsın. Eyni zamanda keçmiş münaqişənin sülh yolu ilə nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürmüş lazımsız qurum olan ATƏT-in Minsk Qrupunu və digər struktur bölmələrini dirçətməyə can atır. Bütün bu pozucu fəaliyyətlərlə Paşinyanın BMT-nin yüksək tribunasından söylədikləri daban-dabana ziddir. Dünya birliyini də uzun zaman Paşinyan öz yalanları ilə aldada bilməz”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ