İnsanlara hürriyət, millətlərə istiqlal!

Kosmik dələduzlar

Hansı dələduzu tuturlarsa, minimum 50-100 min mənimsədiyi ortaya çıxır. Hətta milyonu keçənlər də vardır. Örnək üçün, talassemiyalı xəstələri aldadan qrup 1 milyondan çox pulu əkişdirmişdi. Yaxud keçmiş AzTV müdirinin qardaşı oğlunun prokurorun-filanın qahımlarına milyonlarla manat kələk gəldiyi xəbərlərdə gözümüzə dəyir.

Ancaq həmin adamlar vaxtaşırı ağlaşma qururlar, deyirlər kasıbçılıqdır, pulumuz yoxdur. Uşaq oğruları hökumətən uşaq pulu istəyirlər. Korrupsionerlər ünvanlı sosial yardım alırlar. Şair demişkən, “rəqsi təlim ediyor axsaqlar”. Havadan yazmıram. Əgər hökumətdən humanitar yardım alan məcburi köçkünlərin siyahısını qaldırıb baxsanız orada heyrətamiz adlar görərsiniz. Mən bu yaxında birini öyrəndim, şok keçirdim. Adam işıq pulunu güzəştlə ödəyirmiş (müəyyən hissəni dövlət verirdi, indi - rayonlar geri qayıdandan sonra bilmirəm o sistem hələ də qalırmı), halbuki özünün energetika şirkəti vardır.

Dələduzluğumuzun miqyası kosmikdir. Sözün əsl mənasında. Bu yaxında Hesablama Palatası “Azərkosmos”da yoxlamanın nəticəsini açıqlamışdı. On milyonlarla dövlət pulunun qanuna uyğun olmadan xərcləndiyi ortada idi. Tender keçirmədən, şübhəli şirkətlər vasitəsilə pulları xərcləyiblər. Hesabatdan bir cümlə isə tragikomik və ekzotik idi: “74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində alınmış 5 451 ədəd hədiyyə (315 min manat) və digər xərclərlə bağlı müvafiq mühasibat uçotu qaydalarına riayət olunmayıb, 154,1 min manatlıq normadan artıq hədiyyə alışı müəyyən edilib”. Sitatın sonu.

Bu yalnız 1 rəsmi tədbirdə, yalnız hədiyyə alışındakı yeyintidir. Görəsən, 154 min manata hansı hədiyyələr alınıb? Məsələn, raket şəklində armudu stəkan dəsti, ya da muğam oxuyan marsiançik heykəlləri konqresin qonaqlarına hədiyyə edilmişdirmi?

Ümumiyyətlə, “normadan artıq hədiyyə” nə deməkdir? Hesablama Palatası bu gülməli ölçünü necə müəyyən edib? Bizim qanunvericilikdə hədiyyə normaları da varmış. Halal olsun. Heç nə ölçüsüz deyildir. Türkiyəli qardaşlarımız demişkən, dövlətin malı dənizdir, onu yeməyən donuzdur. 

Artıq “həyasızın üzünə tüpürdülər, dedi yaz yağışıdır” mərhələsini ötüb keçmişik. Ayağında şərti cəzanın elektron qolbağını gəzdirən dələduz qanunsuz şəkildə taksi sürərək avtomobil qəzası törətmişdi. Sırf təsadüf üzündən ölən-itən olmadı, lakin hadisəni qınamaq yerinə sürücü üçün... pul yığmağa başladılar. Qatil meyxanaçının doğum gününü efirdə qeyd etdikləri kimi. Dələduz-kaskadyorumuz isə xəstəxanadan etiraz bəyanatları yollayırdı: “Mənə təzə maşın alınması, 10-15 min pul yığılması xəbərləri yalandır. Cəmi 3-4 min yığılıb”.

Əlbəttə. Vəsait azdır. Bununla gələn dəfə heç çəpərdən tullanmaq olmaz. Əlaqədar orqanları da qınayırıq. Kişiyə pul vermək lazımdır. Yaxşı olar dövlət təminatına götürülsün. 90-ların guya gülməli teletamaşasında deyilən kimi, DÖT-ə.

İndi buna pul verməsəniz, müalicəsini təşkil etməsəniz, sabah kim vətən uğrunda uçacaqdır!? Sizdən soruşuram! Əminəm ki, heç bir cavabınız yoxdur.

Gəlin ocağa gəlir demişdir atalarımız. O baxımdan, xalq hökumətinə layiqdir, hökumət də xalqına. Ətlə dırnağın arasına girən bizim kimi jurnalist-murnalistlər isə iylənib çıxmağa məhkumdur. Təzəlikcə karikatur bir yalan dövriyyədə idi, guya hökumət təzə qanun düzəldir, 60 yaşdan da pensiyaya çıxmaq mümkün olacaqmış. Bəzi avamlar sevindilər, hətta pensiyanı alıb xımır-xımır yeməyə hazırlaşanlar vardı. Deyirdilər minnətdarıq, artıq pensiya ilə dünya səyahətinə çıxacağıq. Ancaq çox keçmədi, camaat umsuq oldu. Sən demə, 65 yox, 60 yaşda pensiyaya çıxmaq üçün... 5 uşaq doğmaq lazım imiş. Doğa bilməyənlər üçün də işıq ucu qoymuşdular - əgər 5 uşağı doğan övrət rəhmətə gedibsə, bu dəfə onun əri 60 yaşda pensiyaya çıxa bilərmiş. Hərçənd, maşallah, pensiyamız o qədər çoxdur ki, onun məbləği ilə kişilərin də doğması mümkündür.

Nə qədər böyük humanizm... 5 uşaq, 60 yaş...  (Müəllifin gözü doldu, cızmaqara yarımçıq qaldı - red.)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR