Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Yaxın Şərq və Mərkəzi Asiyada yeni təhlükəsizlik arxitekturasının açar oyunçularından birinə çevrilir - yəhudi baş nazirin gəlişindən gözləntilər...
İsrailin baş naziri Benyamin Netanyahunun tezliklə Azərbaycana rəsmi səfəri gözlənilir. “Yeni Müsavat” bildirir ki, bu barədə aprelin 23-də “İsrael Hayom” nəşri məlumat yayıb. Səfərin tarixi dəqiqləşməsə də, yaxın gələcəkdə baş tutacağı gözlənilir. Səfər zamanı İsrail və Azərbaycan arasında ikitərəfli əməkdaşlıq müzakirələrin əsas mövzusu olacaq.
Artıq bir müddətdir Azərbaycanın “İbrahim sazişləri”nə qoşulacağı müzakirə edilir. İsrail baş nazirinin ofisi də martda bəyan edib ki, rəsmi Təl-Əviv, Bakı və Vaşinqton arasında üçtərəfli əməkdaşlıq üçün güclü təməl yaradılması istiqamətində iş aparılır.
Xatırladaq ki, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev fevralın 18-də Qüdsdə İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşüb. “The Jerusalem Post” nəşri bu görüşü rəsmi Bakının “İbrahim sazişləri”nə qoşulması məsələsinin qeyri-rəsmi müzakirəsi kimi dəyərləndirmişdi.
Digər tərəfdən, ABŞ-ın yəhudi icmasının 50-dən çox ravvini “İbrahim sazişləri”nin genişləndirilməsi ilə bağlı Prezident Donald Trampa müraciət ediblər. Ravvinlər türk dövlətlərindən Azərbaycan, Qazaxıstan və Özbəkistanın bu razılaşmaya daxil edilməsini istəyirlər. Müraciətdə həmçinin Azərbaycana qarşı “907-ci düzəliş”in ləğv edilməsinin zəruriliyi qeyd olunub.
Bütün bu amilləri nəzərə alaraq, Azərbaycanın “İbrahim sazişləri”nə qoşulması, əgər baş verərsə, təkcə diplomatik akt kimi deyil, həm də yeni geosiyasi və iqtisadi eraya keçid kimi qiymətləndiriləcək. ABŞ və İsrail üçün bu, regionda təsir dairəsini genişləndirmək və Azərbaycanın strateji əhəmiyyətini daha da artırmaq imkanıdır. Bakı üçün isə bu addım enerji, texnologiya və müdafiə sahəsində yeni imkanlar açmaqla yanaşı, beynəlxalq mövqeyini möhkəmləndirməkdir. Azərbaycanın bu qərarı verməsi isə təkcə regional deyil, həm də qlobal güclər arasında yeni siyasi balansın formalaşmasına təsir göstərə biləcək tarixi hadisə ola bilər.
Bəs Azərbaycan “İbrahim sazişləri”nin tamhüquqlu iştirakçısına çevriləcəkmi? Bu sual hələ açıq qalır, lakin artıq indidən aydındır ki, Bakı regionun diplomatik mənzərəsində getdikcə daha mühüm rol oynayır. Azərbaycan təkcə İsrailin strateji tərəfdaşı deyil, eyni zamanda Yaxın Şərq və Mərkəzi Asiyada yeni təhlükəsizlik arxitekturasının açar oyunçularından birinə çevrilir. Əgər Bakı və Təl-Əviv arasındakı danışıqlar Azərbaycanın rəsmi olaraq bu formata qoşulması ilə nəticələnərsə, bu, regional güc balansını dəyişərək yeni iqtisadi və siyasi əməkdaşlıq imkanları yaradacaq.
Qeyd edək ki, “İbrahim sazişləri” 2020-ci ildə ABŞ-ın vasitəçiliyi ilə İsraillə bir neçə müsəlman ölkəsi arasında imzalanmış diplomatik sazişlər paketidir. Bu sazişlər çərçivəsində İsrail Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn, Sudan və Mərakeşlə rəsmi diplomatik əlaqələr qurub.
Oqtay Qasımov
Siyasi analitik Oqtay Qasımov “Yeni Müsavat”a söylədi ki, Netanyahunun səfər edəcəyini hələlik İsrail mediası yayıb və rəsmi açıqlama verilməyib: “Əgər belə bir səfər gerçəkləşərsə, müzakirə olunacaq çoxlu mövzular var. Əvvəla, ikitərəfli münasibətlərə aid məsələləri danışacaqlar. Belə ki, İsrail Azərbaycanın ən yaxın tərəfdaşı statusunu daşıyan bir ölkədir. Hazırda münasibətlər intensiv şəkildə inkişaf etməkdədir. Bu əlaqələr bir çox istiqamətləri əhatə edir. Həm siyasət, həm iqtisadiyyat, həm ticarət, o cümlədən müdafiə sənayesi, hərbi-texniki, ən əsası enerji sektorunda əməkdaşlıq əlaqələri var. Nəzərə alsaq ki, SOCAR da İsrail dəniz sularında qaz istismarı ilə bağlı tenderdə iştirak edib və bu hüququ qazanıb. Bu da əlaqələrin hansı səviyyədə olduğunun göstəricisidir”.
O.Qasımov əlavə etdi ki, səfər zamanı regional məsələlər müzakirə ediləcək: “Xüsusən Cənubi Qafqaz və Yaxın Şərqdəki məsələlər var. Azərbaycanın Türkiyə-İsrail, İran-İsrail əlaqələrinin normallaşması üçün Bakının oynaya biləcəyi rol müzakirə ediləcək. Azərbaycanın belə bir təcrübəsi var və iki il əvvəl İsraillə Türkiyəni barışdırıb. Növbəti cəhd bu günlərdə oldu və Bakıda görüş keçirildi. Bundan başqa, Azərbaycan-İsrail-Amerika münasibətlərinin formalaşması son zamanlar yəhudi dövlətində tez-tez səslənən fikirlərdən biridir. "İbrahim sazişləri"nə qoşulmağa gəlincə, Azərbaycan onsuz da bu prosesdə bir formada iştirak edir. Yəni İsraildə səfirlik açan azsaylı müsəlman ölkələrindən biri Azərbaycandır. Bu məsələlər də müzakirə ediləcək. Amma regional və qlobal mövzuları müzakirə etmək üçün böyük bir gündəm var".
Züriyə Qarayeva
Siyasi ekspert Züriyə Qarayeva qeyd etdi ki, əslində “İbrahim sazişi” yəhudi dövləti ilə ərəb ölkələri arasında münasibətləri yaxınlaşdıran layihədir: “Azərbaycan bu sazişə qoşulmasa da olar. Çünki İsraillə münasibətlər yüksək səviyyədədir və spesifik xarakter daşıyır. Bu əlaqələr ən müxtəlif səviyyələrdə inkişaf edir. Ona görə Netanyahunun Azərbaycana gəlişi bu tərəfdaşlığı daha da gücləndirə bilər. Səfərin nə zaman olacağı deyilməsə də, yay mövsümünə təsadüf etməsi istisna deyil”.
Ekspert vurğuladı ki, Netanyahu Bakıda iki əsas məsələni müzakirə edə bilər - Türkiyə və İranı. Onun fikrincə, az əvvəl Bakıda İsrail və Türkiyə nümayəndələrinin görüşünün keçirilməsi Azərbaycanın barışıqda vasitəçi rolunun əhəmiyyətini bir daha nümayiş etdirdi: “Netanyahu Türkiyə ilə gərginliyin azaldılmasını Azərbaycanla müzakirə edə bilər. Bundan savayı, Bakı Suriya prosesində iştirak edir. Cənab Prezident Suriya lideri ilə Antalyada görüşdü və onu ölkəmizə dəvət etdi. Yəhudi baş nazirlə Azərbaycanın Suriyadakı rolunun da müzakirəsi gözləniləndir. Biz Suriyanın yenidən qurulmasında da iştirak edirik. Ona görə də bu mövzuların masada olacağını güman edirəm”.
İran Prezidenti Pezeşkianın da aprelin 28-də Azərbaycana gələcəyini xatırladan təhlilçi bildirdi ki, Bakı konflikti olan tərəflər arasında gərginliyin azaldılmasında önəmli məkan ola bilər: “Həm Netanyahu, həm Pezeşkianla İsrail-İran gərginliyinn müzakirəsi də istisna deyil. Azərbaycan Türkiyə-İsrail, İran-İsrail əlaqələrinin normallaşmasında, hərbi eskalasiya riskindən yayınmaqda köməkçi ola bilər. Bu da ölkəmizin regional oyunçu olaraq əhəmiyyətini artırmaqdadır. İran da anlamalıdır ki, Azərbaycan İsraillə münasibətlərdə ona qarşı planlar qurmur, əksinə, tərəfləri bir araya gətirməyə hazırdır. O baxımdan Netanyahunun səfəri olduqca vacibdir. Şübhəsiz ki, görüşdə ikitərəfli əlaqələr, enerji və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi də müzakirə ediləcək”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
25 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ