İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Şuranın əfv fərmanına kölgə salmaq cəhdi

 

Meriyanın “yox” dediyi mitinq qərarına YAP-dan və hüquq müdafiəçisindən reaksiya

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) AXCP və Milli Şuranın aprelin 27-də “Siyasi məhbuslara azadlıq!” tələbi ilə “Məhsul” stadionunda mitinq keçirməklə bağlı müraciətinə cavab verib. Meriya mitinqin keçirilməsini məqsədəuyğun hesab etməyib.

Bəllidir ki, Prezident yanında Əfv Məsələləri Komissiyasının iclasları keçirilir. Ümumilikdə, Əfv Məsələləri Komissiyasının 2025-ci il üzrə altı iclası olub və 600-dən çox müraciətə baxılıb. Komissiyanın üzvü Əliməmməd Nuriyevin “Trend”ə verdiyi məlumata görə,  aprelin 23-də komissiyanın bu il üçün 6-cı iclası baş tutub. Onun məlumatına görə, iclasda 100-dən çox müraciətə baxılıb. Bildirilib ki, komissiyanın iclaslarının nəzərdə tutulan əfvlə bağlı keçirildiyi bildirilir.

İndiyədək Azərbaycanda 70 əfv sərəncamı və 12 amnistiya aktı imzalanıb. Sözügedən humanist addımların nəticəsində minlərlə şəxs azadlığa qovuşub.

Ən böyük əfv sərəncamı isə 2023-cü ildə olub. Belə ki, Heydər Əliyevin 100 illik yubileyi münasibətilə imzalanan bu əfv sərəncamı müstəqil Azərbaycan tarixində ən böyük əfv aktıdır. Sərəncama əsasən, 801 məhkum əfv olunub, onlardan 463 şəxs azadlıqdan məhrum etmə cəzasından, 220 şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilib.

Sonuncu əfv sərəncamı isə ötən ilin may ayında imzalanıb. Sərəncamla 154 nəfər əfv edilib, onlardan 63-ü cəzasının çəkilməmiş hissəsindən azad edilib, 52 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. 71-ci əfv sərəncamının neçə nəfəri əhatə edəcəyi hələlik məlum deyil.

Belə bir ərəfədə Milli Şuranın aksiya keçirmək istəyi əlbəttə ki, hər şeydən öncə manipulyasiyadır. İkincisi isə gözlənilən fərmana kölgə salmaq cəhdi kimi qiymətləndirilir.

Hikmət Babaoğlu: MSK üzvlərinin kimi sədr və müavin seçəcəyi...

Hikmət Babaoğlu

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini Hikmət Babaoğlu “Yeni Müsavat”a bildirdi ki, “siyasi məhbus” termininin özü beynəlxalq hüquqda təsdiqini tapmamış və yaxud mübahisə doğuran bir termindir: “Üstəlik də Azərbaycanda siyasi məhbus olmadığı halda "Siyasi məhbuslara azadlıq!" şüarının səsləndirilməsi cəhdlərinin olması özü-özlüyündə bir siyasi manipulyasıdır. Azərbaycanda heç vaxt olmadığı qədər möhkəm həmrəylik var. Azərbaycan xalqı ən müxtəlif siyasi dünya görüşünü mənimsəmiş fərdləri ilə birlikdə əldə etdiyimiz zəfərin təntənəsini yaşayır, güclü dövlətimizin təntənəsini yaşayır, güclü xarici siyasətimizin Azərbaycana vəd etdiyi perspektivləri görür, bundan qürur hissi keçirir. Belə olduğu halda, əlbəttə ki, regionda sülh istəməyən mərkəzlər Azərbaycan dövlətini gücsüzləşdirmək üçün uydurma “demokratiya, siyasi məhbus” məsələsini gündəmə gətirirlər. Əlbəttə ki, bu, Azərbaycan xalqının ictimai diqqətindən yayınmır. Kimisə əfv eləmək lazımdırsa biz görürük ki, Azərbaycanda əfv edilir və bu daimi bir prosesə çevrilib. Əgər kimsə qanun qarşısında cinayət törədibsə və pozulmuş qanun kiminsə maraqlarını təhdid edirsə, onu “siyasi məhbus” adlandırmaq qanunun özünə hörmətsizlikdir. Bu, bir siyasi şoudur və Azərbaycanın daxili həmrəyliyinin pozulmasına yönəlib".

Xəyal Bəşirov: Azərbaycan qlobal problemlərin həlli istiqamətində  təşəbbüslər ortaya qoyur - AZƏRTAC

 Xəyal Bəşirov

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov bildirdi ki, AXCP və Milli Şura adlandırılan qurum zaman-zaman sosial şəbəkələrdə 5-6 ildir mitinqlərin keçirilmədiyi, mitinqlərə hakimiyyətin icazə vermədiyi haqda fikirlər yayır. Belə bir statistik rəqəm söyləmək özü-özlüyündə yanlışdır: “Sual olunur: onların qeyd etdikləri dövrdən öncə mitinqlər olanda niyə müsbət qiymətləndirmirdilər? Axı o zaman da başqa bəhanələrlə ölkədə guya söz azadlığının, sərbəst toplaşmaq azadlığının pozulduğu təbliğatını aparırdılar. İkincisi, mitinqlər keçirəndə nə dəyişmişdi? Keçirdikləri mitinqlərə gələn insanların sayı çox cüzi olurdu. Ancaq onlar mitinqdən öncə təbliğat aparırdılar ki, ölkədə çox böyük narazılar kütləsi var. Mitinqlər isə onların bu tezisinin də düzgün olmadığını ortaya çıxarırdı. Mitinqlərinə qoşulanların olmadığını, hər dəfə keçirdikləri aksiyaya qatılımın azaldığını görüb mitinqlər keçirməyi özləri dayandırdılar. Eyni zamanda son beş ildə Azərbaycanda gedən prosesləri də nəzərə almaq lazımdır. Bu müddətdə İkinci Qarabağ müharibəsi olub, ondan sonra yeni reallıqlar meydana gəlib, 2023-cü ildə antiterror əməliyyatı həyata keçirilib. Belə bir dövrdə ölkədə ən vacib məsələlərdən biri sabitliyin olması idi. Mitinqləri qanunvericilik müharibə zamanı yasaq edir. Həmçinin son beş ilin müəyyən dövründə dünyada, Azərbaycanda pandemiya olub. Pandemiya şəraitində ümumiyyətlə dünyanın heç bir yerində kütləvi aksiyaların keçirilməsi mümkün deyildi. Milli Şura və AXCP isə Azərbaycanda beş ildir mitinq olmadığını başqa istiqamətdə qabardır. İndi isə yenə AXCP və Milli Şura həmişəki yanlış taktikanı seçiblər. Prezidentin əfv fərmanı imzalayacağı gözlənilir, Milli Şura və AXCP isə "siyasi məhbuslar" bəhanəsi ilə mitinq keçirmək istəyir. Bir halda ki, əfv olacaq, əfv tələbi ilə mitinq keçirilməsinə nə ehtiyac var? Deməli, əslində məqsədləri heç də hansısa məhusun azadlığa buraxılmasına nail olmaq yox, “siyasi məhbus” adı altında siyasi məqsədlərini həyata keçirməkdir".

Hüquqşünas qeyd etdi ki, 27 aprelə təyin edilən mitinqə sosial sifariş yoxdur. Bunu sosial şəbəkələri izləməklə də görmək olar: “Milli Şuranın mitinqlə bağlı qərarını və təbliğat yazılarını sosial şəbəkələrdə bəyənənlərin sayı 1000 nəfər civarındadır. Bu da ondan xəbər verir ki, cəmiyyət indiki zamanda mitinqlərin keçirilməsinə müsbət yanaşmır. Azərbaycanda vətəndaşlar istəklərini, hüquqlarını mitinqlərdə iştirak etməklə ifadə etmək yolunu seçmirlər. Bu istəkləri ifadə etməyin digər qanuni yolları da var ki, vətəndaşlar həmin yollardan istifadəni daha məqsəduyğun, daha faydalı, daha düzgün hesab edirlər”.

Ekspert onu da dedi ki, AXCP və Milli Şura təzyiq yolu ilə nəyəsə nail ola bilməz: “Onların nə deməsi, nə etməsi əfv sərəncamının qəbul edilməsinə hansısa təsir göstərə bilməz. Azərbaycan Prezidenti indiyə qədər dəfələrlə öz müstəsna səlahiyyətindən istifadə edib əfv sərəncamları imzalayıb. Qarşıdakı zamanda da imzalayacaq. Burada hansısa təşkilatın münasibəti rol oynamır. AXCP və Milli Şura isə aksiya keçirməklə məsələləri siyasi müstəviyə çəkməyə çalışır. Əfv humanizm mahiyyətini özündə daşıyan bir addımdır. Onu siyasiləşdirmək yanlışdır. AXCP və Milli Şuranın "siyasi məhbus" adlandırdıqları şəxslərdən də kimlərinsə əfv sərəncamının təsiri altına düşə biləcəyi mümkündür. Amma bu o demək deyil ki, AXCP və Milli Şura həmin şəxsləri “siyasi məhbus” adlandırdığı və azadlığını tələb etdiyi üçün onlar əfv edilib. Dövlət məhbuslar arasında bölücülük aparmır, dövlət qanunvericiliyə uyğun şəkildə  əfv sərəncamının təsiri altına düşə biləcək məhbuslarla bağlı Əfv Komissiyasında aparılan müzakirələrin nəticəsinə uyğun olaraq sərəncamı şərtləndirir".   

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR