Onlayn ictimai-siyasi qəzet
Dünyada ictimai nəqliyyatı tamamilə pulsuz olan ölkələr var; professor deyir ki, ölkəmizdə heç olmasa müəyyən günlərdə ictimai nəqliyyat pulsuz olmalıdır
23 Aprel Milli Suverenlik və Uşaq Bayramı münasibətilə Türkiyədə ictimai nəqliyyat pulsuz xidmət göstərib. Bununla bağlı prezident fərmanı Türkiyənin “Resmi Gazete”sində dərc olunub.
Fərmanda qeyd olunur ki, 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı münasibəti ilə Başkentray və Marmarayda, o cümlədən Sirkeci-Kazlıçeşme dəmiryol xətti və Gayrettepe-İstanbul hava limanı-Arnavutköy istiqamətləri üzrə hərəkət edən ictimai nəqliyyatda gediş haqqı pulsuz olacaq.
Dünya praktikasında bir çox ölkələrdə bayram günlərində ictimai nəqliyyat pulsuz xidmət göstərir. Ölkəmizdə həftənin bazar günləri Bakıda parklanma yerləri ödənişsizdir. Bəs bəzi bayram günlərində (məsələn, 28 Mayda) ictimai nəqliyyatın ödənişsiz xidmət göstərməsi nə dərəcədə mümkündür?
Yalnız Türkiyədə deyil, dünya praktikasında bir sıra ölkələrdə və şəhərlərdə ictimai nəqliyyatın tamamilə və ya müəyyən günlərdə pulsuz olması təcrübəsi var. Bu, ətraf mühitin qorunması, tıxacların azaldılması və sosial ədalətin təmin olunması məqsədi daşıyır. Misal üçün, Lüksemburq dünyada ilk ölkədir ki, 2020-ci ildən etibarən bütün ictimai nəqliyyatı tamamilə pulsuz edib. Avtobus, tramvay və qatarlar həm şəhər daxilində, həm də şəhərlərarası səfərlərdə pulsuzdur. Estoniyanın Tallin şəhərində 2013-cü ildən bəri daimi sakinlər üçün ictimai nəqliyyat pulsuzdur. Digər Estoniya şəhərləri də bu modelə keçməyə çalışıblar. Almaniyada bəzi şəhərlərdə qısa müddətli və ya bayram günlərinə xüsusi layihələr çərçivəsində pulsuz nəqliyyat xidməti təqdim olunur. Məsələn, Berlin müəyyən günlərdə bu təcrübəni tətbiq edib. ABŞ-da da bəzi şəhərlərdə, xüsusən Kansas City, Columbia (South Carolina) və Chapel Hill (North Carolina) kimi şəhərlərdə ictimai nəqliyyat pulsuzdur. Hindistanın Dehli şəhərində isə yalnız qadınlara metroda və bəzi avtobus xətlərində pulsuz gediş haqqı təqdim olunur.
Ölkəmizdə nəqliyyat özəl və dövlət strukturlarına ayrılır. Dövlət strukturunda müəyyən şəxslər üçün müxtəlif güzəştlər tətbiq edilir. Amma bu proses də metro və avtobuslardan istifadədə fərqlidir. Məlumdur ki, ölkəmizdə 5 yaşdan aşağı olan şəxslər bütün nəqliyyat vasitələrindən ödənişsiz istifadə edə bilirlər. Özəl sektordan bunu gözləmək çətindir, dövlət strukturlarında nəqliyyatdan pulsuz istifadə edilməsinə müəyyən təşəbbüslər ola bilər. Bununla bağlı müəyyən layihələr də reallaşdırıla bilər. İnanmaq istərdik ki, bir gün paytaxtda nəqliyyat pulsuz olacaq. Amma o nə vaxt olacaq, bunu söyləmək çətindir.
Zahid Məmmədov
İqtisad elmləri doktoru, professor Zahid Məmmədov “Yeni Müsavat”a mövzu ilə bağlı fikrini bölüşüb: “Azərbaycanda da bu kimi layihələrin həyata keçirilməsi üçün imkanlar var. Xüsusən də gənclərin mədəni inkişafından danışırıqsa, bunlara diqqət etməliyik. Hətta Rusiyada belə gənclərin, tələbələrin endirimli kartları var. Fransada belə tələbə kartları var, istənilən yerlərə gedə bilirlər. İndi bizdə müəllim yanına gedən uşaqlar nə qədər avtobusa pul ödəyirlər. Metroya minir, sonra avtobusa minir, hər dəfə pul ödəməli olur. Türkiyədə isə avtobusa mindikdən sonra başqa nəqliyyatlara, misal üçün tramvaya mindikdə pulsuz sayılır. Müəyyən saat çərçivəsində bir yerə gedirəmsə, bir neçə dəfə nəqliyyat dəyişirəmsə, pul ödəyirəm, evə gedib çatmağım 3-5 manat pul edir. Biz, əlbəttə, bunu düşünməliyik. Bununla bağlı gərəkli addımların atılmasının vaxtıdır. Müəyyən insanlara bu güzəştlərin olması günün tələbidir. Özəlliklə bir qayda olaraq tələbələrə, şagirdlərə, pensiyaçılara dəstəyimizi göstərməliyik. Elə pensiyaçı var ki, 4-5 dəfə xəstəxanaya gedib gəlir. Bunlar çox vacibdir. Bayramlarda mütləq ictimai nəqliyyat pulsuz olmalıdır. Muzeylər də müəyyən tarixlərdə mütləq pulsuz olmalıdır. Bütün bunlar Azərbaycan xalqının rifahı naminə həyata keçirilməlidir”.
Professor əlavə edib ki, bu kimi layihələrə özəl sektor dəstək verməlidir: “Sosial məsuliyyət çərçivəsində bunu özəl sektor etməlidir. Özəl sektor çalışır ki, insanların rəğbətini qazansın. Bu gün bütün dünyada şirkətlər sosial məsuliyyət çərçivəsində insanların sosial rifahının inkişafına dəstək olur. Onları işlə təmin edir, məktəb, kitabxana tikir. O şirkətlər ki, müəyyən regionlarda yerləşir, onlar çox zəngin olur. Hazırda Sibirdə fəaliyyət göstərən rus şirkətləri var, onlar hara gedirlərsə, zənginləşirlər. Orada hər şey özəlləşir, bir görəsiniz şirkətlər orada nələr yaradıb. İnfrastruktur, kinoteatrlar, mədəniyyət sarayları yaradıblar. Misal üçün, Domodedovada elə parklar, sanatoriyalar açılıb ki, həmin region da o qədər inkişaf edib ki. Bizdə də Sədərək, Binə, Lökbatan da belə inkişaf etməlidir, çünki orada iş adamları var, sosial məsuliyyət var. İş adamı olan yerdə bu cür layihələrə dəstək verilir. Bu mədəniyyəti bizə də gətirmək lazımdır”.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
25 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ