Onlayn ictimai-siyasi qəzet
Donald Tramp administrasiyası Səudiyyə Ərəbistanına dəyəri 100 milyard dollardan çox olan Amerika silahlarının satışı ilə bağlı müqavilə təklif etməyi planlaşdırır.
Musavat.com xəbər verir ki, məlumatı Trampın səfəri öncəsi Reuters yayıb.
Bildirilir ki, müqavilə Trampın 2025-ci ilin may ayında krallığa planlaşdırılan səfəri zamanı müzakirə olunacaq. Agentliyin yazdığına görə, Co Baydenin başçılıq etdiyi əvvəlki ABŞ administrasiyası krallıq və İsrail arasında münasibətlərin normallaşdırılmasına dair sazişin bir hissəsi olması nəzərdə tutulan Səudiyyə Ərəbistanı ilə razılaşmanı yekunlaşdıra bilməyib. Co Baydenin krallığın Çindən silah almaqdan çəkinməsi və Pekinin ölkəyə əlavə sərmayə qoymasına qadağa qoyması müqabilində Səudiyyə Ərəbistanına ABŞ-ın qabaqcıl silah sistemlərinə geniş çıxış təklif etdiyi vurğulanır.
Reuters hazırkı administrasiyanın təklifində oxşar müddəaların olub-olmadığını dəqiqləşdirə bilməyib.
İki mənbənin dediyinə görə, “Lockheed Martin” şirkəti Səudiyyə Ərəbistanına C-130 hərbi-nəqliyyat təyyarəsi tədarük edə bilər. Onlardan biri konsernin ölkəyə raket və radar satmağı da planlaşdırdığını qeyd edib. Digər dörd mənbə hərbi təchizatda əhəmiyyətli rolun həmçinin aerokosmik istehsalçı RTX Corporation-a (keçmiş Raytheon Technologies) verildiyini deyib. Bundan əlavə, Boeing, Northrop Grumman və General Atomics də öz müqavilələrini imzalaya bilərlər.
Agentliyin məlumatına görə, paketə daxil olan sövdələşmələrin bəziləri yenidir, digərlərinin isə uzun müddətdir ki, üzərində işlənir. Məsələn, Səudiyyə Ərəbistanı ilk dəfə 2018-ci ildə istehsal etdiyi pilotsuz təyyarələr haqqında General Atomics-dən məlumat istəyib. Son 12 ay ərzində tərəflər MQ-9B SeaGuardian pilotsuz təyyarələrinin və ümumi dəyəri 20 milyard dollar olan digər təyyarələrin tədarükü ilə bağlı razılaşmaya diqqət yetiriblər. Reuters mənbələrinin dediklərinə görə, bir sıra müdafiə konsernlərinin top menecerləri Amerika nümayəndə heyətinin tərkibində regiona səfər etmək imkanını nəzərdən keçirirlər.
Agentliyin həmsöhbətlərindən üçü qeyd edib ki, Birləşmiş Ştatlar və Səudiyyə Ərəbistanı krallığın bir neçə ildir maraq göstərdiyi beşinci nəsil F-35 qırıcılarının tədarükü məsələsini müzakirə edəcəklər. Bununla belə, Reuters mənbələri səfər zamanı döyüş təyyarələri ilə bağlı müqavilənin imzalanacağını ehtimal etmədiklərini bildiriblər. Məqalədə vurğulandığı kimi, ABŞ həmişə əsas müttəfiqi İsrailin ərəb ölkələrindən daha təkmil Amerika silahlarına malik olmasını təmin edir və F-35 qırıcıları artıq doqquz ildir ki, İsrail Hərbi Hava Qüvvələrində xidmətdədir.
Musavat.com
25 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ