İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğanın anonsu: Azərbaycan da hazırlıq içində

Türkiyə-Pakistan-Azərbaycan hərbi-müdafiə ittifaqı yaradır?

“Türkiyə, Pakistan, Azərbaycan və digər türk dövlətləri birgə əməkdaşlıq çərçivəsində yeni addımlar atacaq”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın baş naziri Şahbaz Şəriflə birgə mətbuat konfransında deyib. Ərdoğan Türkiyə ilə Pakistan arasındakı əməkdaşlığın bölgədə sülh və sabitliyə mühüm töhfələr verdiyini bildirib: “Demək olar ki, hər mövzuda Pakistanla tam uyğunluq içində hərəkət etdiyimizi görməkdən məmnunuq. Bundan sonra Türkiyə, Pakistan, Azərbaycan və digər türk dövlətləri əməkdaşlıq istiqamətində önəmli addımlar atacaq”.

Amma Ərdoğan birgə yeni addımların nədən ibarət olacağının təfərrüatlarını açıqlamayıb.

Azərbaycan, Türkiyə və Pakistan sıx ikitərəfli münasibətlər qurduğu kimi, üçtərəfli platformada da əməkdaşlığı genişləndirirlər. Bu baxımdan dost ölkələrin beynəlxalq təşkilatlardakı fəaliyyəti xüsusi diqqət çəkir. Hər üç ölkə beynəlxalq tədbirlərdə koordinasiyalı fəaliyyət ortaya qoyaraq bir-birinin təşəbbüslərinə və haqlı mövqelərinə dəstək nümayiş etdirirlər.

Hərbi sahədə əməkdaşlıq Azərbaycan, Türkiyə və Pakistan münasibətlərində xüsusi yer tutur. Həm Pakistan, həm də Türkiyə güclü hərbi sənaye qurublar. Pakistan və Türkiyə arasında sıx hərbi əməkdaşlıq mövcuddur. Azərbaycan da özünün müdafiə sənayesini uğurla inkişaf etdirir. Hazırda Türkiyənin və Pakistanın ayrı-ayrı hərbi texnikaları Ordumuzun silahlanmasına cəlb olunub. Paralel şəkildə, birgə istehsalatların yaradılması istiqamətində iş aparılır. Üç dost ölkənin hərbi təlimlərdə bir araya gəlmələri də diqqətəlayiq haldır.

Rəşad Bayramov: “Rusiyanın bu layihənin inkişaf etdirilməsi üçün ən böyük  problemi maliyyə çatışmazlığıdır” - Azərbaycan Milli İstiqlal Partiyası

Rəşad Bayramov 

AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli dostluq və əməkdaşlıq münasibətlərinin ən yüksək səviyyədə formalaşdığı və bütün istiqamətlərdə uğurlu inkişaf etdiyi ortadadır: “Ölkəmizin Avrasiyanın ən əhəmiyyətli geostrateji regionlarından biri olan Cənubi Qafqazdakı güclü mövqeyi, enerji ehtiyatları, nəqliyyat dəhlizlərinin qovşağında yerləşməsi, Türkiyə və Pakistanla olan qardaşlıq münasibətləri geosiyasi maraqlar baxımından da bizimlə ittifaqı təşviq edir. Bu amillərin nəticəsidir ki, Azərbaycan, Türkiyə və Pakistan sıx ikitərəfli münasibətlər qurduqları kimi, üçtərəfli platformada da əməkdaşlığı genişləndirirlər. 27 iyul 2021-ci il tarixdə Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin üçtərəfli görüşündə imzalanmış Bakı Bəyannaməsi bunun bariz sübutudur. Eləcə də hərbi və müdafiə sahəsində çox uğurlu əməkdaşlıq fəaliyyətinin olduğu da məlumdur. 2021-ci ilin sentyabrında Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının iştirakı ilə keçirilən "Üç qardaş-2021" birgə təlimləri bu mənada son dərəcə böyük əhəmiyyət kəsb edən tarixi bir hadisə oldu".

Politoloq onu da vurğuladı ki, Ərdoğanın “Türkiyə, Pakistan, Azərbaycan və digər türk dövlətləri birgə əməkdaşlıq çərçivəsində yeni addımlar atacaq” bəyanatı da mövcud reallıqlardan irəli gəlir: “Türk dövlətləri arasında olan münasibətlər, eləcə də rəsmi İslamabadın hər zaman müsəlman dövlətləri ilə əlaqələrə, xüsusilə Türkiyə və Azərbaycan başda olmaqla, türk dövlətləri ilə münasibətlərə xüsusi önəm verməsi əməkdaşlığın genişləndirilməsi istiqamətində yeni addımların atılmasına imkan verir.

Türkiyə və Pakistan liderləri arasında keçirilən görüşdə əsasən iqtisadi münasibətlərin inkişaf etdirilməsi, qarşılıqlı sərmayə qoyuluşlarının təşviqi, hərbi və müdafiə sahəsində olan əməkdaşlığın ortaq layihələrlə daha da inkişafı, enerji sahəsində yeni layihələrə start verilməsi kimi məsələlərin olduğunu nəzərə alaraq deyə bilərik ki, sadalanan istiqamətlərdə Azərbaycanla və digər türk dövlətləri ilə birgə hansısa yeni addımların atılacağı gözlənilir. Xüsusən də enerji və təbii ehtiyatlar sahəsində, eləcə də hərbi sahədə hansısa yeni layihələrə start verilə bilər. Hətta Türkiyə-Pakistan-Azərbaycan hərbi-müdafiə ittifaqının yaradılması üçün müvafiq fəaliyyətə start verilməsi də ehtimal edilə bilər".

Deputat Sona Əliyeva: Özəl sektorda çalışanların da maddi vəziyyəti  yaxşılaşacaq

Sona Əliyeva

Siyasi təhlilçi Sona Əliyevanın sözlərinə görə, hazırda Pakistan da daxil olmaqla, Azərbaycan, Türkiyə və Orta Asiyadakı türk dövlətlərinin hərbi sənaye sahəsində müəyyən boşluqları var: “Hər biri silah istehsalçısı olsa da, bir sıra nüanslarda idxal asılılığından əziyyət çəkir.  Ona görə də adıçəkilən ölkələr çəkici bir yerə vurmağı qərara alıblar. Düşünürəm ki, yeni Ankara və İslamabad yaxınlaşması həm də Orta Asiya türklərinin nicat yoludur. Bu yaxınlaşmada Azərbaycanın da özünəməxsus yeri və payı var. Yeni dünya düzənində təzə təhlükəsizlik çətirinin qurulması olduqca vacib məsələdir. Eyni zamanda çağımızın tələbidir. Türk Dövlətləri Birliyinin Pakistanın da yaxından iştirakı ilə yeni ortaq silah sənayesi mərkəzinin qurulması bizi daha da güclü edəcək. Bu yaxınlaşma Pakistan üçün də olduqca vacibdir. Ona görə ki, İslamabad Pekin və Dehli ilə rəqabətdədir. Onlarla müqayisədə bəzi xammal çatışmazlıqları yaşayır. Qazaxıstan və Özbəkistan isə bu xammalı ödəyəcək gücdədir. Digər xammal və sənaye potensialını birləşdirdikdə ortaya gözəl və nəhəng hərb sənayesi mənzərəsi çıxacaq. Hazırda Pakistanla türksoylu ölkələr arasında əməkdaşlıq siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələrdə davam etdirilir. Xüsusilə 44 günlük Vətən müharibəsində də Pakistan ölkəmizin mövqeyini birmənalı olaraq dəstəklədi. Prezidentimiz İlham Əliyev dost ölkənin bu dəstəyini yüksək qiymətləndirib. Ümumiyyətlə, Pakistan keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər zaman öz qəti mövqeyini də bildirib. Pakistan Azərbaycana dəstək vermək və həmrəylik nümayiş etdirməklə bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmayıb. Həmçinin Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Azərbaycana dəstəyini möhkəmləndirmək üçün Xocalı faciəsini soyqırımı kimi tanıyıb. Səfər zamanı mətbuata birgə bəyanatlar zamanı Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ölkəsinin Qarabağla bağlı Azərbaycanın mövqeyini hər zaman dəstəklədiyini bəyan edib və Vətən müharibəsində qazanılan Qələbəni ədalətin təntənəsi kimi dəyərləndirib. Bu siyasətin əksini Türkiyə-Pakistan münasibətlərində də görmək mümkündür”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR