Onlayn ictimai-siyasi qəzet
Dostlarının sayını artıran Azərbaycanın fövqəldövlətlə bu müqaviləsinin olmaması diqqət çəkir - səbəblər
Azərbaycan dünyada etibarlı tərəfdaş, güclü, tərəfsiz və nüfuzlu dövlət kimi tanınır. Ölkəmiz həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Elə buna görə də dünyada bir sıra nüfuzlu dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən rəğbətlə qarşılanır, qəbul edilir.
Bu mənada Azərbaycanın strateji tərəfdaşlıq əlaqələri güclənir, dostlarının və tərəfdaşlarının sayı artır. Təsadüfi deyil ki, hazırda ayrı-ayrı dövlətlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu, praqmatik xarici siyasət kursunu yüksək qiymətləndirir, respublikamızla müxtəlif sahələri əhatə edən əlaqələrin inkişafına böyük önəm verir.
Müasir geosiyasi şəraitdə etibarlı strateji tərəfdaşlıq Azərbaycanın xarici siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan hazırda Türkiyə, Rusiya, İsrail, Pakistan, Misir və Mərkəzi Asiyanın bir sıra ölkələrlə strateji tərəfdaşlıq haqqında müqavilələr imzalayıb. Bu sırada xüsusən də Bakı ilə Ankara arasında 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi mühüm yer tutur. Bundan başqa, Azərbaycan 2022-ci ildə Rusiya ilə də analoji müqavilə imzalayıb.
Son olaraq Prezident İlham Əliyev və Si Cinpin “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” imzalayıblar.
Amma Azərbaycanın dünyanın super gücü ABŞ və aparıcı iqtisadi məkan olan Avropa İttifaqı ölkələri ilə strateji tərəfdaşlıq müqavilələrinin olmaması diqqət çəkir. “Azərbaycan bir çox ölkələrlə strateji tərəfdaşlıq sazişləri imzalayıb. Bütün bunlar coğrafi, siyasi, iqtisadi və nəqliyyat sahələrində Mərkəzi Asiya regionu ilə və Avropa arasında ümumi yanaşmaları formalaşmağa imkan yaradıb”.
Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib. Dövlət başçısı bildirib: “Regionda uzunmüddətli əməkdaşlığa gəldikdə, görə bilərsiniz ki, əgər xəritəyə baxsaq, Azərbaycan burada əsas yer tutur. Bəziləri Azərbaycanın nəinki bu prosesdən, o cümlədən, ümumiyyətlə, prosesdən ayırmaq və Cənubi Qafqazda ayırıcı xətləri çəkmək cəhdi göstərir. Lakin bu, birmənalı olaraq uğursuz olacaq”.
Elə həmin tədbirdə Azərbaycanın Cənubi Qafqazın aparıcı ölkəsi, Qlobal Cənubun bir hissəsi olduğunu xatırladan dövlət başçısı “biz Birləşmiş Ştatlar üçün çox mühüm tərəfdaş ola bilərik” deyib. Daha əvvəl də prezident bildirib ki, yeni administrasiyanın dövründə ABŞ-la əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksələ bilər. İsrail Knessetində də oxşar çağırışlar səslənib, yəhudi dövlətinin Bakı ilə Vaşinqton arasında belə bir sənədin imzalanması üçün rol oynamasının vacibliyi vurğulanıb.
Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, münasibətlərin strateji tərəfdaşlıq xarakteri alacağını gözləmək hələ tezdir. Onun fikrincə, ABŞ-ın indiki hakimiyyəti hələ də Cənubi Qafqaz proqramını elan etməyib.
Qabil Hüseynli
Q.Hüseynli hesab edir ki, bu səbəbdən strateji tərəfdaşlıq səviyyəsində müqavilə yaxın gələcəkdə olmaya bilər: “Amerikadakı iqtidar region ölkələri haqda mövqeyini bildirməyib. Ona görə də strateji tərəfdaşlıq statusu yaxında görünmür. Sadəcə, Azərbaycan niyyətini ortaya qoyub. Tramp iqtidarı Bakının rolunu qiymətləndirməlidir. Çünki Azərbaycan çoxvektorlu və praqmatik xarici siyasət xətti götürüb.
Biz Qərb və Şərqlə əməkdaşlığı edirik, bu coğrafiyada mühüm qovşaq rolu oynayırıq, regionun lider dövlətiyik. Bu gün Çin kimi nəhəng dövlət artıq bizimlə strateji tərəfdaşdır, Rusiya kimi nüvə dövləti strateji müttəfiqdir, Türkiyə və Pakistanla hərbi-siyasi müttəfiqlik səviyyəsini getdikcə yüksəldirik, İsraillə strateji tərəfdaşlıq əlaqələri var... Yəni Azərbaycan çoxşaxəli siyasət yürüdür və bu addımları üçüncü tərəfi qıcıqlandırmadan, ona qarşı olmadan atır".
Q.Hüseynlinin sözlərinə görə, Avropa Birliyi dövlətləri barədə heç də bunu birmənalı söyləmək olmaz: “Azərbaycan Avropa İttifaqının 9 ölkəsi ilə strateji əməkdaşlıq müqaviləsi imzalayıb. Ancaq bu münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi üçün ilk növbədə Brüsselin bizə münasibəti dəyişməlidir. Düzdür, Azərbaycan Avropa Komissiyası, Avropa İttifaqı ilə yaxşı əlaqələrə malikdir, Leyen Bakıya gələndə mühüm strateji qaz sazişi imzalandı, qurumun baş diplomatı Kaya Kallas da aprelin 24-də ölkəmizə səfər edib, amma Qərbin Bakıya qarşı addımlarını da nəzərdən qaçırmamalıyıq. Azərbaycan əleyhinə Avropa Şurasının, Avropa Parlamentinin tutduğu mövqe sözsüz ki, strateji tərəfdaşlıq sazişlərinin imzalanmasına əngəl olur. Ancaq 9 ölkə ilə strateji əməkdaşlığı da gəlin unutmayaq”.
Professor istisna etmir ki, gələcəkdə Azərbaycanla Macarıstan və bizə dost olan digər Aİ ölkələri arasında strateji tərəfdaşlıq sənədi imzalana bilər. O, ABŞ-la belə bir müqavilənin Tramp dövründə imzalanıb-imzalanmayacağına isə əmin deyil, hətta bunun baş tutmamasını da mümkün sayır: “Səbəbləri yuxarıda saladadıq, lakin bir nüans da odur ki, Tramp hakimiyyətinin başı başqa məsələlərə qarışıb. Onun Qrelandiyadan Panamaya, Ukraynadan İrana qədər bir siyasi gündəliyi var. Azərbaycan və bütövlükdə Cənubi Qafqazla bağlı yeganə istinadımız ABŞ liderinin Novruz bayramı təbriki, orada sülh müqaviləsinin imzalanmasını gözlədiyini qeyd etməsidir. Halbuki Azərbaycan Birləşmiş Ştatlar üçün bu regionda olduqca vacib dövlətdir”.
Politoloqun zənnincə, bizim ABŞ-ın müttəfiqi olan Avropa Birliyi ölkələrinin qaz təchizatında mühüm rolumuz, beynəlxalq terrorizmə qarşı birgə mübarizəmiz, zamanında Əfqanıstan, Kosova, İraqda sülhməramlı koalisiyada iştirakımız Amerika tərəfindən hər zaman vurğulanıb: “Eyni zamanda ABŞ-ın müttəfiqi olan İsraillə bizim əlaqələrimiz Vaşinqton tərəfindən dəyərləndirilir ki, bunu Trampın azərbaycanlı həmkarına məktubunda da görmək olardı. Üstəlik, ABŞ nəzərə almalıdır ki, Azərbaycan həm Rusiya, həm İranla sərhədi olan yeganə ölkədir. Bax, buna görə də bizimlə əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaqda ilk növbədə elə Birləşmiş Ştatların özü maraqlı olmalıdır”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
25 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ