İnsanlara hürriyət, millətlərə istiqlal!

Londonda altı kafe açan soydaşımız: "Menyuya pomidor-yumurta əlavə etmək istəsək də, Azərbaycandakı dadı ala bilmədik"

Bugünkü müsahibimiz 20 ildən artıqdır ki, Londonda yaşayan və şəhərdə “Alma” adlı 6 kafe açan həmyerlimiz Bəxtiyar Sadıqlıdır.

AZƏRTAC onun Böyük Britaniyadakı həyat və peşə fəaliyyəti ilə bağlı söhbət edib. Biz Bəxtiyar bəyin Londonun mərkəzi hissəsində, “Kings Cross” ərazisində yerləşən, bir neçə həftə öncə açılışı olan “Alma” kafesinin yeni şöbəsinə üz tuturuq.

-Londonda kafe açmağa necə qərar verdiniz? Daha əvvəldən bu sahədə təcrübəniz var idi?

-Əvvəllər maliyyə sahəsində çalışmışam və qida sahəsi ilə heç bir əlaqəm olmayıb. Yaşadığım evin yanında çox bəyəndiyim bir kafe var idi. Onun formatı mənim çox xoşuma gəldi və düşündüm ki, əgər bu formatı bir qədər təkmilləşdirsəm və düzgün idarə etsəm, öz kafe biznesimi qura bilərəm. Kafe açmazdan əvvəl bir il ərzində müxtəlif kafelərdə çalışaraq işin incəliklərini öyrəndim. Bu təcrübə mənə işi daha dərindən anlamağa və düzgün idarə etməyə kömək etdi. Nəticədə 8 il əvvəl “Alma” kafesinin ilk şöbəsini açdım. Daha sonra kafeləri yaşayış komplekslərinin yaxınlığında açmaq qərarına gəldim.

- Niyə məhz kafeləriniz üçün “Alma” adını seçməyə qərar verdiniz?

- Əslində, “Alma” adını kafe üçün alman dostum məsləhət görüb. O, memardır və onunla söhbətimizdə mənə demişdi ki, “alma” sözü demək olar ki, hər dildə var. Azərbaycan dilində bu söz meyvə deməkdir. İspan dilində ürək, istilik mənasını verir. Həm də hər dildə asanlıqla tələffüz olunan bir sözdür. Üstəlik, qızımın da iki adı var - Fərəh Alma, bu da adın mənasına əlavə dərinlik qatır.

- Kafedə azərbaycanlı işçiləriniz də var və menyuda Azərbaycanla bağlı elementlər diqqətimi çəkdi. Bu barədə daha ətraflı danışa bilərsinizmi?

- Hazırda 100-dən çox işçimiz var və onlardan təxminən 10 faizi azərbaycanlıdır. Azərbaycanlı işçilərimiz çox çalışqan, çox zəhmətkeşdirlər. Kafemizin indiki “Kings Cross” şöbəsinin meneceri azərbaycanlıdır. Qardaşım Həsən Sadıqlı isə bütün “Alma” kafelərində “head of coffee”dir. Yəni, kofe ilə əlaqəli bütün fəaliyyətlərə cavabdeh olan şəxsdir. Hazırkı uniformalarımızda Azərbaycan bayrağı var və “Bakıdan sevgilərlə” yazılıb. Bu yazılar menyularımızda da əks olunub. Biz hər zaman vurğulamağa çalışırıq ki, azərbaycanlıyıq və Vətənimizi sevirik. Azərbaycanlı müştərilərimiz də bura gəlir. Dəqiq sayını bilməsək də, onların gəlişi bizi çox sevindirir. Yerlilərimiz kafeyə gələndə işçilərimiz də, biz də böyük sevinc hissi keçiririk. Çünki insan özünü qərib hiss etmir, bir istilik yaranır. Hətta kofe blendlərimizə də Zaqatala, Bakı, Quba və Qarabağ kimi Azərbaycan adları vermişik. Mən özüm Zaqataladanam. Müştərilərimiz tez-tez soruşurlar ki, bu adlar nə deməkdir. Belə detallarla həm britaniyalılara mədəniyyətimizi tanıdırıq, həm də insanlarda maraq oyadırıq.

Bir neçə meyvə suyuna Bakı ilə bağlı adlar vermişik. Məsələn, “Baku Breeze” kimi. Məqsədimiz Azərbaycanın tanıdılması və Azərbaycan brendinin təbliğidir. Onu da deyim ki, menyuya pomidor-yumurta yeməyi əlavə etmək istədik, amma bu, alınmadı. Çünki pomidor Azərbaycandan gəlməsə, yeməkdə əsl pomidor-yumurta dadı almaq olmur. Gətirsək də, qiyməti çox baha olur və maddi baxımdan sərfəli olmur. Amma belə düşüncələrimiz qalır. İmkan olsa, Azərbaycan yeməklərini menyumuza daxil etməyi çox istərdik.

- Kafenin açılışı zamanı qarşılaşdığınız çətinliklər barədə danışa bilərsiniz?

- İnsanları idarə etmək işin ən böyük çətinliklərindən biridir. Çünki hər bir insanın fərqli düşüncələri və yanaşmaları var; onları anlamaq üçün zaman və təcrübə tələb olunur. Qida sektorunda risklərin böyük olduğunu da unutmamalıyıq; pul itirmək və ya iflas olmaq ehtimalları yüksəkdir. Lakin biz bu sahədə addım-addım təcrübə toplayaraq, işlərimizi daha rahat idarə edirik.

- Gələcək planlarınız nələrdir?

- Biz gündəlik olaraq “Alma”ya 2000-dən çox müştəri qəbul edirik və onların sayı ildən-ilə artır. Gələcəkdə “Alma” brendini Londonda daha geniş yaymaq istəyirik. Bir il yarım əvvəl “Sushi Shop” açdıq. Hazırda bu layihənin uğurunu dəyərləndiririk və uğurlu olarsa, bu konsepti genişləndirməyi planlaşdırırıq. Bundan əlavə, Azərbaycanla bağlı ad daşıyan yeni bir brend yaratmağı planlaşdırırıq.

- Kafe biznesi qurmaq istəyən azərbaycanlılara nə məsləhət vermək istəyərdiniz?

- Hər sahənin öz riskləri var və bilik tələb edir, xüsusilə Londonda. Məsələn, azərbaycanlılar mənə yazaraq kömək istəyirlər ki, biz də kafe açmaq istəyirik. Mən onlara həmişə açığam və dəstək verməyə hazıram. Lakin burada bir məsələ var: əgər bu iş haqqında heç bir məlumatınız yoxdursa, sıfırdan başlayırsınızsa, mən sizə nə qədər kömək etsəm də, bu, kifayət etməyəcək. Siz mütləq bu sahədə çalışmalısınız. Mən gənc insanlara tövsiyə edərdim ki, əvvəlcə bu sahədə işləsinlər, təcrübə qazansınlar, sonra isə öz işlərini qurmağı düşünsünlər. Təcrübə olmadan uğurlu olmaq çətindir, ancaq zamanla təcrübə topladıqca iş daha asanlaşır.

Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR