İnsanlara hürriyət, millətlərə istiqlal!

İmamoğlunun Çakıra “çevrilməsi”...

Hakimiyyətlər gəldi-gedərdi, daima olan dövlətdir, Türkiyənin isə indi daxildə daha güclü və stabil olmasına ehtiyac var

Əkrəm İmamoğlu uzun müddət Azərbaycan mediasının diqqətində olmayıb, tanınmayıb. Yəqin ki, Türkiyədə də ciddi siyasi fiqur kimi adından söz etdirməsi 2019-cu ilin martından başlayıb. İmamoğlunun o zamankı seçkiqabağı çıxışları tezliklə Azərbaycanın siyasətlə maraqlanan kəsiminin diqqətini özünə çəkdi. İndinin özündə də “yaxşı siyasətçidir” deyənlər də var, “yaxşı natiqdir, amma iş bacarmır” qiymətini verənlər də...

Həmin mart seçkilərində İstanbul Böyük Şəhər Bələdiyyəsinə CHP-nin namizədi olaraq başqan seçilməsinin əsas səbəbi bu idi ki, AKP gənc, enerjili və ambisiyalı bir namizədin qarşısına yorğun və yaşlı Binəli Yıldırımı çıxarmışdı. İmamoğlu bələdiyyə işində təsadüfi adam deyildi, bundan əvvəl İstanbulun Bəylükdüzündə təcrübə qazanmışdı. Bəlli əngəllər oldu, amma təkrar səsvermədə “seçkinin mağduru” hesab olunan İmamoğlu bu dəfə daha çox səs qazandı, gec də olsa mazbatasını(bələdiyyə başqanı vəsiqəsini) aldı, görəvinə başladı.

Bələdiyyə başqanı olanda onun haqda yazmışam. Şəxsi qənaətimə görə, İmamoğlu İstanbul bələdiyyəsində siyasi lider kimi əvvəlki cəlbediciliyini itirdi, bir az da məmur qılafına uyğunlaşdı. İmamoğlunun bələdiyyə sədri kimi İstanbulda fövqəladə işlər görmədiyi də deyilir. Amma onun rüşvət almağına o vaxt da inanmırdım, indi də bunu gerçək hesab etmirəm. Ona görə yox ki, İmamoğlunun “imam övladı” və ya kristal məmur olduğuna inanıram. Ona görə inanmıram ki, əvvəla, başının üstündə AKP-ni təmsil edən İstanbul valiliyi, bələdiyyə məclisində hakim partiyanın təmsilçiliyi var. Ən əsas müxalifət təmsilçisi kimi 15 milyonluq şəhərin rəhbərlərindən bir kimi üzərində daima polisin, prokurorun, vergi müfəttişinin, hətta MİT-in nəzarəti var. Ən əsası Ərdoğan kimi isə siyasi rəqibin varsa, məntiqlə rüşvət ala bilməzsən, ya da bu sənin siyasətçi kimi sonun olar.

Əlbəttə, bələdiyyə böyük strukturdur, adamı ləkələyə də bilərlər, adından rüşvət tələb edən də, toplayan da tapılar. Ona görə bu gün səhər keçirilən əməliyyatlarda İmamoğlu daxil 100-dək bələdiyyə yetkinlisi saxlanılıb. Amma rüşvətlə bağlı tutarlı fakt olsaydı, ona çoxdan həbs etməli idilər. İmamoğlu bələdiyyə başqanı olduğu 6 il yarımda Ərdoğanla məsafəli davrandı, nə prezident, nə bələdiyyə başqanı bir-birlərini öydü, nə təriflədi, imkan düşəndə isə həmişə qarşılıqlı tənqidlər etdilər.

İmamoğlunun CHP-nin prezidentliyə namizəd kimi müəyyənləməsində fəal təbliğata başlaması hakimiyyətdə narahatlıq yaratmışdı. Onun 2023-dəki prezident seçkilərində müxalifətin vahid namizədi olması çox dartışıldı. İmamoğlu isə şansını 2027-ci ildə olası seçkilərə saxladı.

Son çıxışlarında başının üzərindəki “qara buludlar”ın sıxlaşdığının fərqində idi, həbs təhlükəsinin onu qorxutmadığnı deyirdi. İstanbul Universitetinə vaxtilə Kiprdə oxuduğu zaman qanunsuz köçürülməsi olayının araşdırılmasının nəticəsi olaraq əvvəl diplomum ləğvi, səhəri gün isə korrupsiya və kürd terror təşkilatlarına dəstək verməkdə ittiham olunaraq həbsi əlbəttə ki, diqqəti hakimiyyətin əsas alternativi olmasına yönəldəcəkdi. Onun həbsindən sonra aksiyaların 4 gün müddətinə qadağan edilməsi gərginliyin qarşısını ancaq müvəqqəti əngəlləyə bilər. İmamoğlunun ətrafında baş verənlər və nəhayətdə həbsinin yanlış qərar olduğunu demək mümkündür. Çünki yuxarıda da dediyimiz kimi həbsin yaradacağı “mağduriyyət”(zərərçəkən) İmamoğlunun lehinə işləyə bilər. Bunu kim unutsa da, hakimiyyətə gəlməsini əngəlləmək üçün vaxtilə qanunsuz həbs edilən Ərdoğan yaxşı bilir...

Son bələdiyyə seçkilərində İmamoğlunun bələdiyyə başqanı kreslosunu saxlayacağına çoxları inanmırdı, amma o, bu dəfə də AKP-nin daha gənc və şəhər təsərrüfatına yaxşı bilən namizədini üstələdi. Bunun özü də İmamoğlunun növbəti testi idi.

İmamoğlunu yazılarımın birində “Qurdlar Vadisi”nin baş qəhrəmanı, “İstanbul səfiri” Çakırla qarşılaşdırmışdım, Əkrəm rəisin Süleyman olmadığını yazmışdım. İndi iqtidar özü İmamoğlunu “hakimiyyətə gəlməsini” əngəlləmək üçün həbsə atdırılan Çakıra bənzətdilər.(Kafkanın “Çevrilmə”sinə aiddiyyəti yoxdur).

...Türkiyə bizim canımız, ikinci vətənimzdir. Ərdoğana son seçkidə vəfa borcumuzu verdik, Qarabağ, Azərbaycan üçün etdiyi fədakarlığı unutmadıq, unutmarıq. Canımız yanmasa, orada baş verənlərə diqqət də ayırmaz, narahat olmazdıq. Hakimiyyətlər gəldi-gedərdi, daima olan dövlətdir. Türkiyənin isə dünyanın indiki dəyişkən və gərgin dəngələrində daxildən daha güclü və stabil olmasına ehtiyac var...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Mart 2025

BÜTÜN XƏBƏRLƏR