Onlayn ictimai-siyasi qəzet
"Tramp administrasiyası Yaponiya cənubundakı Kyuşu adasında uzaqmənzilli raketlər yerləşdirməyi planlaşdırır".
Bu barədə Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Politoloq qeyd edib ki, təxminən 1000 km mənzilli raketlər Şimali Koreya və Çinin sahil bölgələrindəki hədəflərini vura biləcək iki bazada yerləşdiriləcək:
"“Kiodo” xəbər agentliyinin hökumət mənbələrinə istinadən verdiyi məlumata görə, raketlər strateji əhəmiyyətli Okinava adaları zəncirinin müdafiəsini gücləndirəcək və hücuma məruz qalacağı təqdirdə Yaponiyanın “əks-zərbə imkanları”nın inkişafının bir hissəsi olacaq.
Tayvanın 110 kilometrə qədər məsafəsində olan Okinava adalarında uzaqmənzilli raketlərin yerləşdirilməsi bölgədə gərginliyi artıra bilər. Adalarda sadəcə qısa mənzilli bir sıra raket batareyaları var. Buna baxmayaraq, Çin və Şimali Koreyadan təhlükə artdıqca, Yaponiyanın buna daha effektiv silah sistemləri ilə qarşı çıxması gərəkəcək. Beləliklə, Yaponiya öz təhlükəsizliyini artırmaq üçün uzaq mənzilli raketlərin yerləşdirilməsi kimi tədbirlərə əl atmağa başlayıb.
Bu arada, ABŞ prezidenti Donald Tramp Yaponiya-ABŞ təhlükəsizlik müqaviləsinin qarşılıqlı olmamasından şikayətlənib: “Yaponiya ilə əla münasibətimiz var, bizim Yaponiya ilə maraqlı müqaviləmiz var, biz onları qorumalıyıq, lakin onlar bizi qorumaq məcburiyyətində deyillər” deyə Tramp sözlərinə əlavə edib. Başqa sözlə Tramp ABŞ-ın Yaponiyanı qorumasına görə, Tokionun xərclərini atrırmasına işarə edib. ABŞ-la Yaponiya arasında təhlükəsizlik müqaviləsi ilk dəfə 1951-ci ildə, Yaponiya hələ ABŞ ordusunun işğalı altında olarkən imzalanıb. Vaşinqton o zaman Yaponiyanın pasitifist Konstitusiyasının qəbuluna nail olub. Buna görə, İkinci Dünya müharibəsindən sonra Yaponiyanın kiçik ordusu və minimum hərbi xərcləri olmalı idi. Ancaq hazırda bölgədə Çin və Şimali Koreyanın artan hərbi gücü Yaponiyanın qanunlarını korrektə etməsini və hərbi xərclərini artırmasını diktə edir. Vaşinqton bunun əleyhinə deyil.
Bəzi ekspertlərin fikrincə, Çin Yaponiyaya hücum edərsə, Tramp administrasiyasının Yaponiyanı qoruyacağına zəmanət yoxdur. Hər halda ABŞ Yaponyadakı hərbi bazalarında uzaq mənzilli raketlər yerləşdirməklə Çini və Şimali Koreyanı Yaponiyaya qarşı təxribatlardan çəkindirməyə çalışır".
Xalidə Gəray
Musavat.com
19 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ