Onlayn ictimai-siyasi qəzet
Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar Direktoru Fahrettin Altun İstanbul Böyükşəhər Bələdiyyəsinin başqanı Əkrəm İmamoğlunun həbsi ilə bağlı danışıb.
Musavat.com bildirir ki, F.Altun bu sözləri deyib:
“İstanbul Baş Prokurorluğunun apardığı silsilə araşdırmalar çərçivəsində İstanbul Böyükşəhər Bələdiyyəsinin məsul işçiləri və digər şübhəli şəxslərin həbsinə dair qərardan sonra biz görürük ki, müəyyən dairələr, xüsusilə də ana müxalifət partiyalarının rəhbərləri siyasi və ideoloji motivlərlə istintaqın bütövlüyünü pozmağa çalışırlar.
Başlanmış istintaqın məzmunu və təfərrüatları ilə tanış olmadan verilən siyasi-ideoloji qiymətləndirmələr arasında Prezidentimizə qarşı böhtan xarakterli ittihamların səslənməsinin də şahidi oluruq.
Türk Milləti naminə səlahiyyətlərindən istifadə edən məhkəmə orqanlarımızın müstəqilliyinə xələl gətirən, həm də prezidentimizi ələ salan bu cür cəhdlərə qarşı bundan sonra da dik durmağa və bu ideoloji böhtan kampaniyalarına qarşı Prezidentimizin hüquqlarını qorumağa davam edəcəyik.
Müstəqil məhkəmənin verdiyi istənilən qərara cəmiyyətin bütün təbəqələri tərəfindən hörmətlə yanaşılmalı olduğu fikrimizi bir daha bildiririk və xatırlatmaq istərdik ki, Kommunikasiya Müdirliyi olaraq bu prosesdə dezinformasiyaya qarşı mübarizəmizi davam etdirəcəyik.
Vətəndaşlarımızdan təsdiqlənməmiş və şübhəli məzmuna qarşı diqqətli olmaqla bu mübarizəni dəstəkləmələrini, həmişə olduğu kimi, rəsmi qurum və orqanların bəyanatlarına inanmalarını xahiş edirik”.
Musavat.com
19 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ