İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın təslimçi sülh planı – Yada Bişkek protokolu düşür

ABŞ prezidenti Donald Tramp və RF lideri Vladimir Putin arasında baş tutan telefon danışığının təfərrüatı açıldıqca ortaya belə bir sual çıxır: “Trampın Ukraynanın adından danışmaq, onun yerinə atəşkəs sazişi razılaşdırmaq üçün mandatı vardımı?”

Düzdür, bundan əvvəl Ukrayna Trampın təklif etdiyi atəşkəs razılaşmasını bəyənmişdi, ancaq Tramp Putinlə danışarkən Ukraynanın kənara qoyaraq, təmsil etdiyi dövlət Rusiya-Ukrayna müharibəsinin tərəfi kimi göstərib. Sanki müharibəni davam etdirmək və ya dayandırmaq üçün bütün eksklüziv hüquqlar ondaymış.

Bilindiyi kimi, elə deyil. ABŞ Bayden administrasiyası dövründə Ukraynaya müstəsna hərbi və maddi yardımlar göstərib, pul, silah verib, ancaq cəbhədə döyüşənlər, həlak olanlar, yaralananlar Ukrayna vətəndaşları olub.

Hətta ABŞ-nin lazımi anlarda gec dəstək verməsini qeyd etmək olar. Məsələn, müharibənin ilk vaxtlarında Rusiya aviasiyası Ukraynanın hərbi-sənaye kompleksinə böyük zərərlər verəndə Zelenski hava məkanının NATO qüvvələri tərəfindən bağlanması üçün nə qədər yalvarsa da, ABŞ və digər Avropa dövlətləri bu xahişləri nəzərə almırdılar. Onlar yalnız Ukraynanın 3 günə, 1 həftəyə məğlub olmadığını görəndən sonra ciddi hərbi dəstək vermək qərarına gəldilər.

İndi danışıqlar masasında Ukrayna olmadan atəşkəs razılaşmasının əldə olunması bir baxımdan absurddur.

Belə atəşkəs sazişi qalıcı sülhə gətirib çıxara bilməz. Bu atəşkəsə Ukrayna tərəfinin prinsipial razılıq verməsi gərəkdir və bu razılıq danışıqlar zamanı Kiyevin irəli sürdüyü şərtlərin ən azı yarısının qəbul edilməsindən sonra əldə oluna bilər.

Trampın Putinlə danışığı və onun nəticəsi olaraq razılaşdırılan şərtlər Vaşinqtonun Kiyevin əvəzindən kapitulyasiya danışıqları aparması və ona razılıq verməsi kimi bir şeydir.

Məsələ ondadır ki, Ukrayna BMT-nin qəbul etdiyi xəritədəki ərazisinin Rusiyanın və ya başqa dövlətin işğalında qalmasına, ilhaq edilməsinə heç vaxt razılıq verməyəcək.

Rusiya və Ukrayna arasında aktiv hərbi əməliyyatlar tamamilə dayana, əsirlər mübadilə edilə bilər, amma müharibə vəziyyəti, hətta atəşkəs rejiminin vaxtaşırı pozulması halları baş verməkdə davam edəcək.

1994-cü ilin may ayında ATƏT-in Minsk Qrupunun patronajlığı ilə Bişkek şəhərində Ermənistan və Azərbaycan arasında da atəşkəs sazişi imzalanmış, aktiv hərbi əməliyyatlar dayandırılmışdı. Ancaq təmas xəttində atəşkəs rejimi hər gün pozulur, “snayper müharibəsi” davam edirdi və vasitəçilərin iştirakıyla davam edən danışıqlar uzandıqca uzanırdı.

O zamanlar torpaq itkisinə məruz qaldığımız, dolayısı ilə müharibəni uduzduğumuza görə ABŞ, Fransa və Rusiya “münaqişənin sülh yolu ilə həlli” üçün Azərbaycanın böyük güzəştlərə getməsini istəyirdilər və bəzən diplomatik dillə, bəzən də açıq-açıq deyirdilər ki, müharibəni uduzmuşunuz, başqa yolunuz yoxdur, işğalla barışmalısınız.

Bəs Azərbaycan dövləti nə etdi? Azərbaycan dövləti onu etdi ki, işğal faktı ilə heç vaxt barışmadı, ermənilər tərəfindən tutulmuş bir şəhərin, qəsəbənin belə Ermənistana ilhaq olunub sənədləşdirilməsinə razılıq vermədi. Sonrakı proses və hadisələri hamımız bilirik.

Ukrayna da elə edəcək. Bu dövlət nə Luqanskın, nə Donetskin, nə də hətta Krımın Rusiya ərazisi olmasına razılıq verməyəcək. Bu, birmənalıdır.

Belə olacağı təqdirdə o torpaqlar “mübahisəli ərazilər” statusu qazanacaq və Ukrayna Putindən sonra da həmin əraziyə iddiasını davam etdirəcək.

Düzdür, Rusiya kənək qozdur, ələ keçirdiyi əraziləri hələm-hələm öz sahibinə qaytarmır və bu, özünü Köniqsberqin (indiki Kalininqrad), Kuril adalarının, Karel-Fin yarımadasının taleyində göstərib, amma, məsələn, Yaponiya Kuril adalarından vaz keçməyib, bu ölkədə hakimiyyətə gələn siyasi partiyalar mütləq Kuril adaların qaytarılması ilə bağlı məsələ qaldırırlar.

Trampın Putinlə apardığı söhbətin mahiyyətcə kapitulyasiya danışıqları olmasına dəlalət edən iki nüans var: 1. Putin şərt irəl sürüb ki, müharibənin genişlənməsinin qarşısının alınması üçün xarici hərbi yardım və Kiyevə kəşfiyyat məlumatlarının verilməsi tamamilə dayandırılmalıdır; 2. Atəşkəs olacağı təqdirdə Ukraynanın səfərbərliyinin və Ukrayna ordusunun yenidən silahlanmasının dayandırılması zəruridir. (Yeri gəlmişkən, Ağ Ev söhbət zamanı belə tələbin müzakirə olunmadığını deyir).

Əgər danışıqlarda belə bir müzakirə predmeti olubsa, bu, müharibə apardığın tərəfdən təslim olmağı tələb etməyin tam özüdür. Kapitulyasiya tələbi başqa necə olur ki?

Burdan-bura, biz Ermənistanın bir kəndini, fermasını işğal etməmişik, sırf öz torpağımıza sahib çıxmışıq, amma İrəvan qalıcı sülh sazişi imzalamağı ləngidir, “gələcək uğurlu müharibə”nin daha əlverişli nəticələrinə ümid edir, bu baxımdan Ukraynanın öz ərazisini başqa dövlətə güzəştə getməsi ağlabatan deyil.
Uzun sözün kəsəsi, Trampın təklif etdiyi sülh planı bərbaddır və bir yaralı barmağa dərman deyil.

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Mart 2025

BÜTÜN XƏBƏRLƏR