Onlayn ictimai-siyasi qəzet
“Onların kitabı bağlandı”
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Ağdərə rayonunun Suqovuşan kəndində inşa olunan yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində iştirak edib, yeni mənzillərə köçən kənd sakinlərinə evlərin açarlarını təqdim ediblər.
Dövlət başçısı çıxışında bildirib ki, bir çox xarici ali məktəblərdə bizim Vətən müharibəsində göstərdiyimiz uğurlu əməliyyatımız öyrənilir: “İndi dünyada müharibələr, qanlı toqquşmalar kifayət qədər geniş vüsət alır. İndi internet dövründə, informasiya azadlığı dövründə hər kəs hər şeyi bilir, görür və izləyə bilir. Görürük ki, heç də hər bir ölkə öz maraqlarını, ədalətli maraqlarını özü təmin edə bilmir, ya da öz ərazi bütövlüyü uğrunda mübarizə aparır, amma nəticəyə çata bilmir, ya da ki, hər hansı bir kiçikhəcmli hərbi uğura nail olur, amma tam qələbə əldə edə bilmir. Yəni sadəcə olaraq, bu gün dünyada gedən toqquşmalara, münaqişələrə, müharibələrə nəzər salsaq, son tarixin müharibələrinə nəzər salsaq, hətta deyə bilərəm ki, İkinci Dünya müharibəsindən sonra Azərbaycan qədər birmənalı və tam qələbə heç kim tərəfindən qazanılmayıb. Ya yarımçıq qalıb, ya natamam qalıb, ya da ki, hər hansı bir başqa formada müharibə öz mahiyyətini dəyişməyərək modifikasiya olunub, başqa formalara keçib. Bizim Qələbəmiz isə tamdır və bu, həm dövlətimizin, Silahlı Qüvvələrimizin gücünü, həm də xalqımızın iradəsini göstərir. Siz də - bu bölgədə yaşamış insanlar, onların davamçıları yaxşı bilirsiniz ki, düşmən işğal dövründə elə güclü istehkamlar qurmuşdu ki, onları yarmaq həm qəhrəmanlıq, həm də peşəkarlıq tələb edirdi. Hətta bir çoxları əmin idi ki, biz heç vaxt o müdafiə xətlərini keçə bilməyəcəyik. Çünki relyef düşmənin xeyrinə işləyirdi, illər boyu qurduqları mühəndis istehkamları onların xeyrinə işləyirdi. Xarici qüvvələr, xarici ölkələr onların arxasında idi - ilk növbədə, guya bu məsələ ilə məşğul olmaq mandatını alan ATƏT-in Minsk qrupu. Onların əsas məqsədi bu münaqişəni əbədi etmək, torpaqlarımızı əbədi işğal altında saxlamaq, gözdən pərdə asmaq, bizim başımızı aldatmaq və sonsuz danışıqları aparmaqla bu reallığı bizə qəbul etdirmək idi. Onların hər üçünün məqsədi bu idi, burada bunların üçü də bir amal uğrunda birləşmişdi. Halbuki bu ölkələrin arasındakı indiki münasibətlər göstərir ki, bu, çox nadir bir hal idi. Yəni, nəyi göstərirdi, hər üçü Ermənistanın arxasında idi, hər üçü müxtəlif yollarla Ermənistanı dəstəkləyirdi. Biri silah verirdi, biri siyasi dəstək verirdi, biri iqtisadi imtiyaz verirdi. Bax, biz buna qarşı mübarizə aparmışıq, buna qarşı müharibə aparmışıq. İkinci Qarabağ müharibəsi başlayanda bilinmirdi kim özünü necə aparacaq. Mən böyük gücləri nəzərdə tuturam. Belə bir ağır siyasi mühitdə, belə bir ağır relyefdə, belə bir ağır istehkamlarla dolu olan ərazilərdə cəmi 44 gün ərzində düşməni böyrü üstə qoymaq xalqımızın gücünü göstərir. Ancaq o vaxt da biz bilirdik, əminəm ki, siz də bilirdiniz, bütün xalq bilirdi ki, bu, necə deyərlər, işimizin hələ tam başa çatması deyil. Çünki müəyyən səbəblərə görə separatçılar hələ ki, bizim torpaqlarımızda öz yuvalarını saxlamışdılar, sülhməramlı qüvvələr bölgəmizə gətirilmişdi və bu da separatçılara, necə deyərlər, əlavə ürək-dirək verirdi. Onlar da hesab edirdilər ki, belə olan vəziyyətdə o separatçılıq davam edəcək və digər müxtəlif hadisələr baş vermişdir. Ancaq onlar bir şeyi hesablaya bilməmişdilər, o da Azərbaycan xalqının və dövlətinin iradəsi, qətiyyəti, cəsarəti, öz gücünə əminliyi idi. Onlar bunu hesablaya bilməmişdilər. İlyarım bundan əvvəl birgünlük antiterror əməliyyatı separatçılığın kökünü kəsdi, onunla da məsələ bitdi, onların kitabı bağlandı”.
Müharibənin ən unikal əməliyyatı
Vətən müharibəsinin gedişində unikal əməliyyatlardan biri - Şuşanın işğaldan azad edilməsi əməliyyatı tarixdə əbədi qalacaq. Qarabağın tacı, döyünən ürəyi Şuşa təbii istehkam olduğundan şəhərə tanklarla, yaxud digər ağır silahlarla girmək mümkün deyildi. Onu almağın iki variantı vardı. Birinci halda, şəhərdəki düşmən qüvvələrini hava zərbələri, top atəşləri ilə məhv etmək olardı. Komandanlıq buna getmədi. Çünki şəhərin bombardman edilməsi böyük dağıntılara səbəb olacaqdı. Buna görə də alternativ variant kimi əlbəyaxa döyüş taktikası seçildi. Qəhrəman əsgər və zabitlərimiz yüngül silahlarla qalın meşələrdən, dərin dərələrdən keçərək, qayalar, dağlar aşaraq düşməni üzbəüz döyüşdə məhv etdi.
Azərbaycan ordusunun bölmələri oktyabrın ortalarında uğurlu əməliyyat nəticəsində Hadrut qəsəbəsi və ətraf kəndləri işğalçılardan azad etmişdilər. Onlar daha sonra şimala doğru irəliləyərək meşələri və dağ keçidlərini aşıb, Şuşa rayonuna daxil oldu.
Həm ərazi, həm də seçilən marşrut nəqliyyat vasitələri üçün uyğun olmadığından Azərbaycan qüvvələri beş gün Şuşa istiqamətində piyada davam etməli idi. Azərbaycan Prezidenti İlham Əliyev daha sonra bunu təkrar vurğulayaraq Azərbaycan əsgərlərinin Şuşa şəhərinə çatmaq üçün yarğanları, meşələri və dağları keçdiklərini qeyd edib. Erməni komandanlığı Azərbaycan qoşunlarına Qırmızı Bazar ətrafında müqavimət göstərməyi hesablamışdı, oradan Şuşakəndə yol gedir, sonra isə həmin yol Şuşaya qalxır. Ermənistan ordusunun Azərbaycan qoşunlarının Şuşaya həmləsini gözlədiyi ikinci istiqamət isə Laçın istiqaməti idi. Lakin Azərbaycan ordusunun komandanlığı öz miqyasına, planına və ardıcıllığına görə misli görülməmiş qərar verdi, Şuşaya sıx Qarabağ meşələrindən istiqamət götürüldü.
Azərbaycan qoşunları Çanaqçı kəndini işğaldan azad etdi, ardından da noyabrın 4-də strateji Şuşa-Laçın yolunun bir hissəsinin nəzarətini ələ keçirdi.
Noyabrın 6-da yüngül silah-sursat ilə təchiz edilmiş, hərəsi 100 nəfərdən ibarət olan dörd qrupa bölünmüş 400 nəfərlik Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri Şuşanın sıldırımlarına iplərlə dırmaşaraq səhər saatlarında şəhərə dörd tərəfdən daxil oldu və şəhərdə dərhal döyüşlər başladı. Yüzlərlə itki verən erməni silahlıları günortadan sonra şəhərdən tam çıxarıldı. Noyabrın 7-də Şuşaya Ermənistan tərəfindən qadağan olunmuş İsgəndər-M ballistik raketləri atılsa da, bu döyüşün taleyini dəyişə bilmədi. Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də xalqımıza Şuşanın azad edilməsi müjdəsini verdi. Şuşa zəfəri, əslində, müharibənin taleyini həll etdi. Ertəsi gün daha 70-dən çox kəndin azad olunması xəbəri gəldi və bundan bir gün sonra Ermənistanın Baş naziri Azərbaycan Prezidentinin şərtlərini qəbul edərək kapitulyasiya aktını imzalamağa məcbur oldu.
Prezidentin informasiya savaşı
Ali Baş Komandan İlham Əliyev müharibə dövründə bütün prosesə şəxsən nəzarət edirdi və bütün məsələlər barəsində incə detallarına kimi məlumat alırdı. Hələ 44 günlük müharibənin gedişində Prezident İlham Əliyev Ali Baş Komandan kimi həm də informasiya müharibəsinin ön cəbhəsində savaşırdı.
O, 30-a yaxın nüfuzlu xarici kütləvi informasiya vasitəsinə saatlarla müsahibələr verdi. Azərbaycanın apardığı haqq davasını, müharibənin gedişini, baş verən prosesləri bütün dünyaya anındaca çatdırdı. Bu müsahibələrlə əsl həqiqətlər, ermənilərin müharibə cinayətləri bütün dünya ictimaiyyətinə çılpaqlığı ilə təqdim edildi. Dövlət başçısının təkcə “BBC News”a verdiyi müsahibə ilə bağlı “Twitter”dəki paylaşımını üç milyondan çox insan izlədi, 85 mindən çox insan bəyəndi, 33 minə qədər insan isə videomüsahibəni öz səhifəsində paylaşdı.
İkinci dünya müharibəsindən sonra müharibədə tam qələbə qazanan ölkə
Dövlət başçısının dediyi kimi İkinci dünya müharibəsindən sonra Azərbaycan qədər birmənalı və tam qələbə heç kim tərəfindən qazanılmayıb. Ya yarımçıq, ya da natamam qalıb. Sovet qoşunlarının Əfqanıstana hərbi müdaxiləsini yada salaq.
1979-cu ilin dekabrında başlamış və düz 10 il davam edən uğursuz əməliyyatlardan sonra Sovet ordusu 1989-cu il fevralın 15-də tam heyətdə Əfqanıstanı tərk etdi.
ABŞ-ın Vyetnam müharibəsi də eyni aqibətlə nəticələndi. 1965-ci ildən başlayaraq ABŞ Cənubi Vyetnam hökumətini dəstəkləyərək kommunist Şimali Vyetnama qarşı mübarizə aparırdı. On illərlə davam edən müharibə, böyük insan itkiləri və xərclərə baxmayaraq, nəticə ABŞ üçün uğursuz oldu. 1973-cü ildə ABŞ qoşunları Vyetnamdan çıxarıldı və 1975-ci ildə Şimali Vyetnam tam qələbə qazandı. Bu, ABŞ-ın tarixində ən böyük məğlubiyyətlərdən biri hesab olunur.
2001-ci ildə ABŞ yenidən Əfqanıstana müdaxilə etdi. Bu dəfə məqsəd Talibanı devirmək və terrorçuluğa qarşı mübarizə aparmaq idi. Lakin ABŞ-ın uzun illər apardığı müharibə uğursuzluqla nəticələndi və 2021-ci ildə amerikalılar Əfqanıstandan geri çəkilməyə məcbur oldular. Taliban isə yenidən hakimiyyətə qayıtdı.
ABŞ-ın 2003-cü ildə İraqa müdaxiləsi zamanı Səddam Hüseyn rejimi devrilsə də, ölkədə sabitlik bərpa olunmadı. ABŞ illərlə İraqda qaldı, ancaq nə siyasi sabitlik yarada bildi, nə də ölkəni tam nəzarətə ala bildi. Nəticədə, ABŞ-ın İraqdakı mövcudluğu tədricən azalıb, amma ölkədə sabitlik tam təmin olunmayıb.
Üç ildir davam edən Rusiya -Ukrayna müharibəsində hər iki tərəfdən xeyli canlı qüvvə və texnika itkisi olsa da həlledici nəticə yoxdur. Müharibənin nə zaman və hansı şərtlər altında bitəcəyi də bəlli deyil.
2023-cü il oktyabrın 7-dən başlayan İsrail-HƏMAS müharibəsində də Yaxın Şərq "düyünü" açılmır . Bu ilin yanvarın 19-da İsrail və HƏMAS arasında barışıq qüvvəyə minsə də, İsrail martın 17-dən 18-nə keçən gecə Qəzza zolağında HƏMAS qruplaşmasının obyektlərinə zərbələri bərpa edib.
Göründüyü kimi Azərbaycan İkinci dünya müharibəsindən sonra müharibədə qalib gələn yeganə ölkədir. Və buna qısa müddətdə - 44 gün ərzində nail oldu.
Şahanə Rəhimli
Musavat.com
19 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ