Onlayn ictimai-siyasi qəzet
Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Ağdərə rayonunun Həsənriz kəndinə köçən bir qrup sakinlə görüşünü fərəhlə, qürurla izlədik efirlərdən. Dövlət başçımızın və xanımının Sərsəng dəryaçasının seyrinə çıxması da tarixi görüntülərdən idi.
Azərbaycanın qazandığı zəfərlərin çox mühüm ünvanlarından biri idi Ağdərə və elə Sərsəng su anbarı. 1992-ci ildə Azərbaycan ordusu Ağdərəni erməni işğalından təmizlədikdən az sonra ABŞ Konqresi ölkəmizə qarşı məlum “907-ci düzəliş”i – sanksiya qərarını qəbul etmişdi, bu günə qədər başımızın üstündə “Domokl qılıncı” kimi saxlayır. Erməni faşizminin, terrorizminin tifağının dağılması ilə razılaşmamışdılar o zaman da... Avropa Şurası Parlament Assambleyasının Sərsənglə bağlı vaxtilə qəbul etdiyi qətnaməni də Ermənistanın ayaqlar altına atmasını unutmamışıq. Bu saymazlığın qarşılığında AŞ PA...Azərbaycana qarşı sanksiya qətnaməsini qəbul etdi və artıq bu qurumla əməkdaşlıq mövcud deyil. Təkcə iki nümunədə iki ünvandan aldığımız zərbəni, gördüyümüz haqsızlığı xatırlayanda qazandığımız zəfərin nə qədər möhtəşəm əhəmiyyətə malik olduğunu bir daha görürük. Vaxtilə Ermənistanın bir baş naziri var idi – Karen Karapetyan, qanunsuz olaraq Azərbaycan ərazisinə gəlməsi bir yana, Sərsəng dəryaçasında kater sürürdü, bizə dağ çəkmək üçün...Hələ Ermənistan rəsmiləri və bu gün Bakıda – Ədalət Məhkəməsi qarşısında cinayətlərini etiraf edən separatçılar Sərsəng dəryaçasını partlatmaqla Azərbaycanın bir sıra rayonlarını su altında qoyacaqları ilə təhdid edirdilər. Yay aylarında suyun qarşısını kəsib, bölgəyə yaxın ərazilərin sakinlərini, canlı aləmini susundan yandırırdılar, yağıntıların bol vaxtında da sel-daşqınlar təşkil edirdilər. Atəşkəs dövründə bizimlə savaşı bu şəkildə də davam etdirirdilər.
Xatırlayıram, Vətən müharibəsindən sonra Suqovuşana səfər etmişdik. O zaman qazandığımız böyük qələbədən şükranlıqla danışmaqla yanaşı, üzü Ağdərə tərəflərə, Sərsəngə sarı həsrətlə baxaraq dualar edirdik, tezliklə zəfərimizin qarşı dağları da o üzə aşacağına inamımızı ifadə etmişdik. Şükürlər olsun, Azərbaycan ordusunun bir günlük antiterror əməliyyatı nəticəsində Ağdərə bölgəsi də, gözəl Sərsəngimizlə bərabər azadlığına qovuşdu, separatizmin, cinayətkarlığın, terrorizmin kökü kəsildi.
Budur, artıq bu bölgəyə də qayıdış başlayıb. Dövlətimizin başçısı və birinci xanım budəfəki səfərində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar, sakinlərlə səmimiyyətlə görüşüb söhbət ediblər, bayramlaşıblar. Uzun onilliklər ərzində məcburi köçkünlərlə müvəqqəti sığındıqları ünvanlarda görüşən, onların öz evlərinə qayıdacaqlarını əminliklə bildirən ölkə rəhbəri artıq neçənci dəfədir ki, yenidən qurulan yurdlarımıza dönən vətəndaşlarımızla məhz dediyi kimi, öz evlərində, yurdlarında görüşür, bundan gözəl nə ola bilər?
Martın 3-dən yenidən qurulmuş Həsənriz kəndinə qayıdan kənd sakinlərinin Prezidentə “Bəli, yerləşmişik, çox gözəldir. İnanın ki, bura həmişə arzumuzda olub, o dağların arxasından buraya həsrətlə baxmışıq. İndi hər şey gerçəkliyə çevrilib”; “Allah Sizdən razı olsun ki, bu günü bizə yaşatdınız” sözləri nə qədər də səmimidir, duyğulandırandır.
Prezident İlham Əliyevin “Sağ olun. Bu gözəl bayram günündə artıq sizinlə birlikdə burada olmaq mənim üçün də çox xoşdur” deməsi də xoş olduğu qədər səmimidir, alicənablıqdır. Dövlətimizin başçısı məqamındaca tarixə ekskurs edib, Həsənrizin qədim Azərbaycan kəndi olduğunu xatırladır, burada Azərbaycan xalqının əsrlər boyu yaşadığını söyləyir. “Hətta çar Rusiyası dövründə dərc edilmiş xəritələrdə Həsənrizin adı var - Həsənriz kəndi. Qanunsuz olaraq Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılandan sonra ermənilər başqa yerlərdən gətirilərək burada məskunlaşdırıldı və bunun adı da dəyişdirildi. Artıq adını da bərpa etdik, tarixi ədaləti də bərpa etdik, Azərbaycan xalqı da buraya qayıdıb, indi rahat, xoşbəxt yaşayacaq”, sözlərində həm torpaqlarımızı qəsb etmək iddiasında olanlara ünvanlı tarixi həqiqətlər, faktlar var, həm də yerli sakinlərə əmanət edilən ünvanın nə qədər böyük dəyərə malik olması barədə önəmli ismarıclar…
Kənd sakininin “Siz Ali Baş Komandan kimi Qələbəni təmin etdiniz”, sözlərinə Prezident İlham Əliyevin reaksiyası mütəəssir edir: “Allah şəhidlərimizə rəhmət eləsin, biz bu torpaqları onların qanı-canı bahasına azad etmişik”. İki əsrə bərabər böyük qələbəyə imzasını atmış Qarabağ Fatehinin qələbələrin memarı olmasına baxmayaraq, Vətən uğrunda canından, qanından keçən oğullarımızın xidmətlərini yüksək qiymətləndirməsi faktının özü ən xoş sözlərə layiqdir.
Dövlətimizin başçısı Həsənriz kəndinin sakinləri ilə görüşdə bir günlük antiterror əməliyyatına aparan yoldan da bəhs edib. Qeyd etdi ki, biz tarixi ədaləti, beynəlxalq hüququ və öz haqqımızı bərpa etməli idik. Sitat: “Ona görə İkinci Vətən müharibəsindən keçən üç il ərzində biz gələcək planlarımız haqqında həm düşünürdük, həm çalışırdıq və əlbəttə ki, separatçıların hər hansı bir formada bu bölgədə qalmaları qeyri-mümkün idi”. Prezidentin bu sözləri 2020-ci ilin Vətən Müharibəsinin ilk həftəsində dediyi “Şuşasız işimiz yarımçıq qalar”, tarixi sözlərini xatırlatdı. Bəli, o zaman bir ay sonranın Şuşa Zəfərinin müjdəsini elan etmişdi. Ağdərədə dedikləri də onu təsdiqləyir ki, bəziləri 44 günlük müharibədən sonra Xankəndi, Ağdərə, Xocalı, Xocavənd...demaqogiyası ilə məşğul olarkən böyük qələbəmizin Memarı Vətən torpaqlarının son qarışınadək azad edilməsinin, separatizmin kökünün kəsilməsinin yol xəritəsini hazırlaşırmış. Prezident Həsənriz sakinləri ilə görüşdə də deyib ki, “biz burada məskunlaşdırılmış erməni əhalisinə də o vaxt təklif etmişdik ki, gəlin, Azərbaycan Bayrağı altında yaşayın, Azərbaycan vətəndaşlığını qəbul edin və burada sizə söz deyən olmayacaq. Bu gün də Xankəndi şəhərində erməni əhalisi var, onlara söz deyən yoxdur, əksinə, bizim sosial işçilərimiz onlara qayğı göstərirlər. Bax, bizim xalqımızın böyüklüyü bundan ibarətdir. Onlar isə bizi bu torpaqlardan, qədim torpaqlarımızdan didərgin salmışdılar, soyqırımı törətmişlər, Azərbaycan xalqına olmazın əzablar vermişdilər, xalqımızın böyüklüyü məhz bundadır”.
Bəli, dövlətimiz bu qədər humanistdir, amma ayrı-ayrı qüvvələrin əllərində oyuncaq olanlar Azərbaycanın bəşəri mövqeyini dəyərləndirə bilmədilər, fitnəkarlara uydular, uduzdular. Bundan sonra da onlardan istifadə etmək istəyənlər heç nəyə nail ola bilməyəcəklər. Bəli, ölkə başçısının dediyi kimi, biz haqlı olan tərəfik, həm işğal dövründə öz haqq səsimizi ucalda bilmişik və bütün dünyaya sübut edə bilmişik: bu, bizim tarixi və hüquqi torpağımızdır. Prezident bir məqama da diqqət çəkib: “Həm də İkinci Qarabağ müharibəsi dövründə baxmayaraq ki, Ermənistanın arxasında bir çox ölkələr, bir çox qüvvələr dayanmışdı, heç kim bizə əsaslı irad tuta bilməmişdi. Çünki biz beynəlxalq hüquq çərçivəsində öz torpağımızda müharibə aparırdıq. O cümlədən cəmi bir neçə saat çəkən antiterror əməliyyatı zamanı da bizə qarşı siyasi, ondan sonra digər hərəkətlər olsa da, onların heç bir nəticəsi olmadı. Beynəlxalq təşkilatlarda Ermənistanın havadarları Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə, digər addımlar atmağa çalışdılar, buna nail ola bilmədilər. Haqq-ədalət bizim tərəfimizdədir”.
Bəli, Həsənrizin azad olunmasının təməli məhz İkinci Qarabağ müharibəsi zamanı qoyulmuşdu. O vaxt artıq Qarabağın böyük hissəsi işğalçılardan azad edilmişdi. Prezident də qeyd edib: İkinci Qarabağ müharibəsindən sonra bir neçə əməliyyat nəticəsində mövqelərimizi daha da yaxşılaşdırdıq ki, ən qısa müddət ərzində az itki verməklə bütün qalan yerləri də nəzarətə götürək. Budur, İlaxır çərşənbə, Novruz tonqalları on illiklər sonra bu məkanda da torpağın əsl sahibləri tərəfindən yandırılır!
Azərbaycan Prezidenti olduqca mühüm məqamdan bəhs edib. Sitat: “Bu gün dünyada gedən toqquşmalara, münaqişələrə, müharibələrə nəzər salsaq, son tarixin müharibələrinə nəzər salsaq, hətta deyə bilərəm ki, İkinci Dünya müharibəsindən sonra Azərbaycan qədər birmənalı və tam qələbə heç kim tərəfindən qazanılmayıb. Ya yarımçıq qalıb, ya natamam qalıb, ya da ki, hər hansı bir başqa formada müharibə öz mahiyyətini dəyişməyərək modifikasiya olunub, başqa formalara keçib. Bizim Qələbəmiz isə tamdır və bu, həm dövlətimizin, Silahlı Qüvvələrimizin gücünü, həm də xalqımızın iradəsini göstərir”.
Qürur doğuran həqiqətdir. Bəli, tam qələbədir və qələbənin dadı-tamıdır – bal kimi! ABŞ Konqresinin kəsdiyi yolu İlham Əliyev öz əsgər-zabitləri ilə açdı! AŞ PA-nın saya salınmayan qətnaməsinin qarşılığında Azərbaycan Prezidenti “işğalçını Sərsəngdə belə susuz qoyarlar, atasını da yandırarlar”, həqiqətini dünyaya yaydı. Təkbaşına qazanılan qələbələrin seriyasındandır bunlar...
Bu cür tam qələbə nümunəsini Azərbaycan ortaya qoyub! Həqiqətən də İkinci dünya müharibəsindən sonra baş verən müharibələrə nəzər salaq: SSRİ-nin Əfqanıstana, ABŞ-ın Vyetnama, İraqa, Əfqanıstana müdaxilələri - heç birində tam qələbə əldə olunmayıb. Düzdür, burada təcavüz faktları da var. Amma istənilən halda söhbət savaşlardan gedir. Haqlı tərəf olan Azərbaycan ikinci dünya müharibəsindən sonra müharibəni tam qələbə ilə başa vuran yeganə dövlətdir! Rusiya-Ukrayna müharibəsi artıq 4 ildir davam edir, tərəflərdən heç biri ciddi nəticə əldə edə bilməyib. Özü də nəhəng dövlətlərin müharibəsi gedir. Heç İsrailin də Yaxın Şərqdə həyata keçirdiyi hərbi əməliyyatlar nizamlı orduya qarşı aparılmasa da, nəticə əldə edilməyib. Azərbaycan cəmi 44+1 günə torpaqlarını azad etdi, Xəzər sahilində “çay içmək istəyən” düşmənin hərbi texnikalarından və silahlarından ibarət Park qurdu, həmçinin 21-ci əsrin “Nürnberq prosesi”nə başladı.
Azərbaycan müharibəni bütün müasir texnika ilə təchiz edilmiş, 30 il müddətində oturuşmuş və güclü müdafiə xətti yaratmış orduya qarşı apardı. Ermənilərin havadarlarından pulsuz aldığı hərbi texnikaları, silahları, raket sistemləri, ağır artilleriyası və Fransa kimi anti-Azərbaycan ölkələrin dəstəyi ilə yaradılan istehkamların ordumuzun qarşısında aciz qaldı. Ermənistan ordusu 12 min fərarisi olan ordu kimi “tarixə düşdü”.
Nikol Paşinyan özü etiraf edib, əgər kapitulyasiya aktını imzalamasa, 25 min hərbçisi mühasirəyə düşəcək, itkilər azı 3-4 dəfə çox olacaqdı. Bu, Azərbaycanın gücünün düşmən tərəfindən etirafı, həm də hazırlanan hücum planının mükəmməlliyinin göstəricisidir. Azərbaycanın həyata keçirdiyi hərbi əməliyyatların unikallığı və qısa müddətdə böyük nəticələr verməsi dünyanın aparıcı hərbi mərkəzlərini də heyrətə saldı. Bu qələbə planını hazırlayan, xalqımızı Zəfərə qovuşduran Ali Baş Komandana, ordumuza təşəkkürlər! Uzun həsrətdən sonra özlərinin mübarək evlərinə qayıdan sakinlərimizə isə ocağınız daim gur yansın, yaşayın, yaradın, əkin, becərin, şəhidlərimizin əmanəti olan torpaqlardan cənnət yaradın, bir-birinə qarışan bayramlarınız mübarək olsun, deyirik...
19 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ