Onlayn ictimai-siyasi qəzet
Təşkilatın Azərbaycana qarşı təzyiq alətinə çevrilməsi cəhdi yolverilməzdir
“BMT-nin 29-cu illik iqlim dəyişikliyi konfransında (COP 29) iştirak edən hökumətlər insan hüquqları sahəsində öz öhdəliklərini yerinə yetirməlidirlər”.
Azərbaycanı dəfələrlə “Dağlıq Qarabağa və Ermənistana təcavüz”da ittiham edən ermənipərəst “Human Rights Watch” təşkilatının məlumatında belə deyilir.
“Turan”ın məlumatına görə, erməni lobbisinə bağlı bu qurumun ətraf mühitin baş mühafizəçisi postunu tutan Mirto Tilianaki bildirib ki, Azərbaycanda COP29-da iştirak edən hökumətlər iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin müstəqil səslərin mühüm iştirakını tələb etdiyini açıq şəkildə bildirməlidir.
“Azərbaycanda özgə fikirliliyə dözməyən və son aylarda müstəqil jurnalistləri və vətəndaş fəallarını təqib edən hökumət var. Özbaşına saxlanılanlar arasında korrupsiyaya qarşı mübarizədə fəal, Azərbaycanın neft-qaz sektorunu tənqid edən və COP29-dan əvvəl Azərbaycanda vətəndaş azadlıqları və ekoloji ədalət təşəbbüsünün həmtəsisçisi olan insan hüquqları müdafiəçisi var. Azərbaycan hökumətinin müstəqil fəallara qarşı vətəndaş cəmiyyəti qruplarının COP29-da və konfransdan sonra iştirakını şübhə altına alır”, - deyə Tiliniaki bildirib və əlavə edib ki, “hökumətlər iqlim böhranı ilə mübarizə və insan hüquqlarının qorunması üzrə səyləri pozmaq üçün Azərbaycanın öz mövqeyindən istifadə etməsinə icazə verməməlidirlər”.
Hikmət Babaoğlu
Deputat Hikmət Babaoğlu “Yeni Müsavat” a bildirdi ki, “Human Rights Watch” təşkilatının Azərbaycanda keçiriləcək COP29-la bağlı səsləndirdiyi fikirləri qərəzlidir, heç bir əsası yoxdur. Millət vəkili təşkilatın Azərbaycana qarşı dəfələrlə bənzər yanaşma sərgilədiyini vurğulayıb: ""Human Rights Watch" təşkilatı ictimaiyyətdə Azərbaycana qarşı mənfi rəy formalaşdırmaq siyasətinə davam edir. Bunun səbəbləri Azərbaycan ictimaiyyətinə bəllidir. Məsələnin pis tərəfi ondan ibarətdir ki, səslənən fikirlərin COP29-la heç bir əlaqəsi yoxdur. Qlobal iqlim dəyişikliyinə həsr olunmuş belə bir ciddi tədbirin “Human Rights Watch” təşkilatı tərəfindən manipulyasiya edilməsi, Azərbaycana qarşı təzyiq alətinə çevrilməsi cəhdi yolverilməzdir. Bu, tədbirin nüfuzuna xələl vurur, həllini gözləyən məsələlərə münasibətdə qeyri-ciddilik yaradır. Buna görə də hesab edirəm ki, “Human Rights Watch” təşkilatı belə bir yalançı bəyanat vermədən öncə COP29-da iştirak edəcək dövlətlərin, heyətlərin tədbirə nə dərəcədə əhəmiyyət verdiyini nəzərə almalı idi".
H.Babaoğlu qeyd etdi ki, bəyanatda əksini tapan iddiaların heç bir əsası yoxdur: “Azərbaycanda azad söz, azad fikir var, insan hüquqları qorunur, öz milli demokratiyasını qurub, Azərbaycan Konstitusiyası demokratiyanın və insan haqlarının təminatçısıdır. VII çağırış parlamentin açılışında Azərbaycan Prezidenti İlham Əliyev öz nitqində çox maraqlı fikir səsləndirdi. Prezident qeyd etdi ki, Azərbaycanda ictimai rəyi idarə etməyə çalışan qüvvələr var və bunu ideoloji təhlükəsizliklə əlaqələndirdi. "Human Rights Watch" da Azərbaycanın suverenliyini qəbul etməyən bəlli güc mərkəzlərinin alətidir. Qlobal iqlim dəyişikliyi, ekoloji problemlərin həlli ilə məşğul olacaq mötəbər konfransda “Human Rights Watch” insan hüquqları təşkilatı kimi 30 il ərzində dünyanın qlobal ekoloji landşaftının bir hissəsi olan Azərbaycanın işğal edilmiş ərazilərində ermənilərin törətdiyi ekosidə diqqət çəksə idi, o zaman təşkilatı həqiqətən insan hüquqlarını qoruyan təşkilat kimi qiymətləndirmək olardı. Nəticə etibarilə ekoloji pozuntu da, onun insan sağlamlığına zərəri də insan hüquqları ilə bilavasitə bağlıdır. Çox təəssüf ki, Ermənistanın törətdiyi ekosid, ərazilərimizin minalarla çirklənməsinə diqqət çəkmək əvəzinə “Human Rights Watch” Azərbaycana qarşı qərəzli münasibət göstərməklə qeyri-ciddi çağırış edir. Bu, nə Azərbaycanın mövqeyinə, nə də COP29-un ən yüksək səviyyədə baş tutmasına təsir göstərəcək".
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ