Onlayn ictimai-siyasi qəzet
Məlumdur ki, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçiriləcək. Gürcüstan Mərkəzi Seçki Komissiyasının rəsmi məlumatına əsasən, seçkilərdə 13 azərbaycanlı mübarizə aparacaq.
Milli Məclisin deputatı Arzu Nağıyev Musavat.com-a bildirib ki, əvvəlki seçkilərdən fərqli olaraq, bu dəfə tam proporsional seçki sistemi olacaq. Bu da o deməkdir ki, hər bir partiyaya parlamentdə 150 yer ayrıla bilər:
“Parlamentə keçmək üçün 5 faizlik baryeri keçmək lazımdır. Deputatlar təqdim olunan siyahılar vasitəsilə parlamentdə yerlərini tutacaqlar. Hazırda bir neçə partiya arasında rəqabət getməkdədir. Bidzina İvanişvilinin rəhbərlik etdiyi “Gürcü arzusu” partiyasının güclü cəhətləri hakim partiya olması, maliyyə, administrativ resurslarına malik olması və hökumət tərəfindən nəzarətdə olmasıdır. Zəif cəhəti isə Qərb əleyhinə olan bir sıra qanunların qəbul olunması, diversifikasiyaslı xarici siyasətin həyata keçirilməsi, son zamanlar guya Moskva yönümlü olması barədə təbliğatın aparılmasıdır. Vaxtilə Mixeil Saakaşvilinin rəhbərlik etdiyi “Birlik - Milli Hərəkat” partiyası seçkilərdə iddialı çıxış edir. 2003-ildən 2012-ci ilə qədər iqtidarda olan bu partiyanın güclü tərəfi keçmişdə iqtidar partiyası olması, zəif tərəfi isə dəqiq proqramının olmamasıdır. Yeni lider axtarışındadırlar, bu isə çox çətindir. Ümumiyyətlə, parlamentə düşməyə iddialı bir çox partiya var”.
Azərbaycanlıların parlamentdə təmsil olunması barədə danışan deputat qeyd edib ki, Gürcüstanın 5 rayonunda azərbaycanlılar kompakt şəkildə yaşayırlar:
“Parlament seçkilərində iştirak edən partiyaların bir neçəsində azərbaycanlıların da adı var. Onlar da proporsional sistemlə parlamentə düşə bilərlər. Hər bir azərbaycanlı deputat azərbaycanlıların kompakt yaşadığı ərazidə islahatların həyata keçirilməsi, iş yerlərinin açılması və digər istiqamətlərdə problemlərin həlli istiqamətində addımlar atmalıdırlar. Bir sözlə, ayın 26-da ciddi rəqabətli seçki gözlənilir.
Düşünürəm ki, gürcü xalqı öz gələcəyini qurmaq üçün demokratik seçkinin iştirakçısı olacaq və demokratiyaya səs verəcək”.
Respublikaçı Alternativ Partiyasının (REAL) sədri Natiq Cəfərli isə vurğulayıb ki, Gürcüstandakı azərbaycanlılar kifayət qədər siyasi fəal qrupdur:
“Çox zaman azərbaycanlıların səsi Gürcüstanda keçirilən seçkilərdə həlledici olur. 250-300 min, bəzi məlumatlara görə isə daha çox şəxsin səsvermədə iştirakı və hansı partiyanı dəstəkləməsi həlledici olur. 13 azərbaycanlı siyasi partiyaların siyahısından namizədlik verib. Onların seçilməsi siyahıda tutduqları yer və təmsil etdikləri partiyanın seçkidə nə qədər səs qazanmasına bağlıdır. Bir çox partiya azərbaycanlıların daha çox yaşadığı bölgədə səs toplamaq üçün həmin şəxsləri siyahıda ön yerlərdə namizəd kimi göstərib. Təbii ki, azərbaycanlıların parlamentdə təmsil olunması soydaşlarımızın problemlərinin həllində önəmli rol oynayır. Bu problemlər əsasən yerli xarakter daşıyır, daha çox bələdiyyələrlə bağlı olur. Amma parlamentdə də müəyyən qərarların alınmasında azərbaycanlı deputatların rolu olur”.
Nigar HƏSƏNLİ,
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ