Onlayn ictimai-siyasi qəzet
Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası üzrə birgə komissiyanın əsasnamə layihəsi haqda məlumat verilib. Artıq Ermənistan parlamenti onu təsdiqləyərək, Konstitusiya Məhkəməsinə göndərib (Azərbaycanı yeni tərkibli parlamenti öz işinə təzəcə başlayıb). Lakin deyəsən, Ermənistanın Konstitusiya Məhkəməsi məsələyə “mız” qoya bilər.
“Sənədə münasibətimi xüsusi qərar və ya fərqli rəylə bildirməliyəm”. Bunu Ermənistan Konstitusiya Məhkəməsinin hakimi Səda Səfəryan jurnalistlərlə söhbətində deyib.
Bu reqlamentdə hər hansı maneənin olub-olmaması ilə bağlı suala Səfəryan belə cavab verib: “Hər şeydə maneələr var, sadəcə, onları aşmaq lazımdır”.
Xatırladaq ki, sözügedən sənədə əsasən, Bakı və İrəvan 1991-ci il Almatı Bəyannaməsi əsasında sərhədin delimitasiyası barədə razılığa gəliblər, lakin bu sənəd yekun deyil. Əsasnamədə göstərilir ki, sülh sazişi qəbul edildikdən sonra proses başqa prinsiplərə uyğun davam etdirilə bilər. Əsasnamə 7 maddədən ibarətdir. Bu, əsasən ümumi ifadələrlə proseslə bağlı texniki məlumatlardır.
Ancaq məntiqlə indi Ermənistan Konstitusiya Məhkəməsi çox da önəmli olmayan ikitərəfli sənəd layihəsinə əngəl yarada bilərsə, gör sülh müqaviləsinin təsdiqinə hansı maneələr yaradacaq. Xüsusən də orada Ermənistanın Azərbaycan ərazi iddiasının olmadığı haqda bənd olacaqsa...
İlyas Hüseynov
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan və Ermənistan arasında müxtəlif trendlər mövcuddur: “Danışıqlar istiqamətində müstəvilər fərqli xarakter alıb. Baş nazirlərin müavinləri səviyyəsində keçirilən görüşdə əldə olunan nəticələr qismən uğurludur. Çünki nəticəyə yönəlikdir. Burada sərhəd təhlükəsizliyi və sərhədlərin delimitasiyası üzrə müəyyən əsasnamə razılaşdırılıb. Lakin sonrakı mərhələlərdə bu əsasnamə Konstitusiya Məhkəməsinin rəyi ilə parlamentlərin müzakirəsinə verilməli və səsverməyə çıxarılmalıdır ki, ratifikasiya olunsun. Eyni zamanda Ermənistanın hakimiyyət eşelonunda da əgər hansısa revanş tərəfdarı tapılacaqsa, bu əsasnamə əngəllənəcək: ”Həm Konstitusiya Məhkəməsində, həm parlamentdə belə bir maneənin meydana gəlməsi istisna deyil. Bütün bunlar onu deməyə əsas verir ki, əslində çox çətin bir mərhələ qarşıdadır. Xüsusilə Azərbaycana qarşı heç bir iddia olmaması, rəqəmlər ifadəsində qarşılıqlı olaraq sərhədlərin tanınması məsələsini Ermənistanda Nikol Paşinyan əleyhinə istifadə edirlər. Bunu qarşılıqlı olaraq biz uzun müddətdir ki, görürük. Ermənistanda hakimiyyətlə müxalifət arasında kəskin polemika getməkdədir, oktyabrın 2-də Ermənistanda keşiş Baqrat Qalstanyanın və ona dəstək verən revanşist müxalif qüvvələrin mitinqi təyin edilib. Bu mitinq də faktiki olaraq sülh prosesini əngəlləməyə xidmət edir. Ermənistan hakimiyyətinə Azərbaycana güzəştlərə getdiyi ittihamı irəli sürülür və sülh sazişindən imtina tələbi səslənir".
Ekspertin sözlərinə görə, bütün bunlar onu deməyə əsas verir ki, haqqında söhbət gedən əsasnamənin də Konstitusiya Məhkəməsində təsdiqlənməməsi üçün cəhdlər edilə bilər: "Ermənistan hakimiyyəti, şəxsən Nikol Paşinyan sərhədlərin müəyyənləşdirilməsi və sülh sazişinin imzalanmasında həqiqətən də maraqlıdırsa, iradə nümayiş etdirməlidir. İradə ortada olsa Konstitusiya Məhkəməsinin qərarı sülhə əngəl olan qərar deyil, sülhə dəstək olacaq qərar şəklində olar. Təəssüf ki, Ermənistan hakimiyyəti daha çox öz havadarlarının istəklərini yerinə yetirməyə çalışır, silahlanma yolunu tutub. Bu da əslində sülhdə maraqlı olmadıqlarının göstəricisidir. Əsasnamənin Konstitusiya Məhkəməsində təsdiq edilməməsi o demək olacaq ki, Ermənistan nə sərhədlərin müəyyənləşdirilməsində, nə də Azərbaycanla sülh sazişinin imzalanmasında maraqlı deyil. Ona görə də bəhanələrlə bu prosesi əngəlləyir”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ