Onlayn ictimai-siyasi qəzet
Noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Yaponiyaya işgüzar səfər edib.
Musavat.com-un xəbərinə görə, Elçin Əmirbəyov NHK telekanalına müsahibəsində bildirib ki, konfransda ən aktual məsələ inkişaf etməkdə olan ölkələr üçün iqlim dəyişikliyi tədbirlərini inkişaf etdirmək məqsədilə tələb olunan maliyyədir ki, buna xüsusilə diqqət yetiriləcək.
O qeyd edib ki, COP29 müxtəlif regionlar və maraqlı tərəflər arasında körpü olmaq üçün bir fürsətdir.
Elçin Əmirbəyov bildirib ki, neft hasil edən ölkə olan Azərbaycan 2030-cu ilə qədər ölkənin ümumi elektrik enerjisi istehsalında bərpa olunan enerjinin payının 30%-ə çatdırılması siyasətini qarşıya qoyub.
E. Əmirbəyov bunun əhəmiyyətini belə vurğulayıb:
"Azərbaycan sədr ölkə kimi bərpa olunan enerjiyə keçidlə irəliləməyə hazır olmaq üçün güclü siyasi iradə nümayiş etdirir".
Ermənistanın yaratdığı gərginliyə gəlincə, Elçin Əmirbəyov bunları deyib:
"Ümid edirəm ki, Ermənistanla münasibətlər bir gün normallaşacaq, amma əsas amil rəsmi İrəvanın iradəsinin olub-olmaması olacaq".
Qeyd edək ki, COP29 noyabrın 11-dən 22-dək Azərbaycanda keçiriləcək.
Musavat.com
06 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ