İnsanlara hürriyət, millətlərə istiqlal!

AŞ PA yeni anti-Azərbaycan müzakirələri hazırlığında

Şvabe və onun kimilərin fəaliyyəti böhranı daha da dərinləşdirir; siyasətçilərə görə, Qərb cəbhəsi siyasi basqıları genişləndirəcək

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) payız sessiyasında Azərbaycanda demokratiya, qanunun aliliyi və insan hüquqlarının vəziyyətinin pisləşməsi mövzusunda müzakirələrin keçirilməsi gözlənilir. 30 sentyabrdan 4 oktyabradək davam edəcək sessiyanın gündəliyinə təcili debatlar proseduru üzrə “Azərbaycanda insan hüquqlarının, qanunun aliliyinin və demokratiyanın vəziyyətinin pisləşməsi” mövzusu irəli sürülüb.

Assambleya sessiyanın ilk günündə mövzunun gündəliyə salınmasına səs verəcək. “Son hadisələri nəzərə alsaq, mövzunun gündəliyə salınması olduqca gözləniləndir”, AŞ PA-dakı mənbələrdən “Amerikanın Səsi”nə bildiriblər.

Yada salaq ki, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin səlahiyyətləri yanvar ayında baş tutan qış sessiyasında ratifikasiya edilmədiyi üçün onların assambleyadakı iştirakı dondurulub. AŞ PA bunu “Azərbaycanda insan hüquqlarının vəziyyətinin kəskin şəkildə pisləşməsi, o cümlədən jurnalist və fəalların əsassız həbsləri, Azərbaycanın öhdəliklərinə məhəl qoymayaraq qurumla əməkdaşlıq etməməsi, fevral ayında baş tutan prezident seçkisinə AŞ PA-nın müşahidə missiyasını dəvət etməməsi ilə əlaqələndirib.

Assambleyada səsvermədən əvvəl qurumda iştirakını dayandırdığını bəyan edən Azərbaycanın nümayəndə heyəti baş verənlərin ölkəmizə  qarşı aparılan qərəzli kampaniyanın bir hissəsi olduğunu qeyd edib. Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 6-da İtaliyada Çernobbio Forumunda çıxışında Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin səlahiyyətlərinin təsdiqlənməməsini “qırmızı xəttin keçilməsi” və Azərbaycanın suverenliyini bərpa etməsinə görə tətbiq edilən sanksiya adlandırıb. AŞ PA üzvlərinin Azərbaycanda “arzuolunmaz şəxs” elan edilməsinə toxunan İlham Əliyev qeyd edib ki, Azərbaycanın nümayəndə heyətinin fəaliyyəti bərpa edildikdən sonra onlara qarşı qoyulmuş qadağa aradan qaldırılacaq.

AŞ PA-da ən böyük fraksiya olan Sosialistlər, Demokratlar və Yaşıllar fraksiyasının sədri, anti-Azərbaycan mövqeyi ilə seçilən Frank Şvabe Azərbaycanın assambleyanın qaydalarına heç bir şərt qoymadan əməl etməli olduğunu deyib.

Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olanda ümid edirdi ki, təşkilatın köməyi ilə pozulan hüquqlarını bərpa edə, ərazi bütövlüyünü təmin etməyə müvəffəq ola bilər. Lakin 30 il ərzində gördüyü və müşahidə etdikləri bunun əksini üzə çıxardı. Nəhayət, Azərbaycan 44 günlük müharibə ilə öz ərazi bütövlüyünü təmin edəndən sonra ölkəmizə qarşı total hücum başladı və bu proses hələ də davam edir. Elə bu fonda Azərbaycanın Avropa Şurasını tərk etməsi istisna olunmur. Frank Şvabe və onun kimilərin fəaliyyəti AŞ PA-da böhranı daha da dərinləşdirməkdədir. Faktiki olaraq, AŞ PA-nın ölkəmiz əleyhinə qəbul etmək istədiyi qərarlar təşkilatın prinsip və normalarına zidd addımdır. Ümumiyyətlə, baş verən son hadisələr təşkilatın daxilində demokratik dəyərlərin iflasa uğradığını üzə çıxarıb. Təşkilat həqiqət və faktlardan uzaq, erməni təbliğatının əsas elementlərini təkrarlayan kampaniya aparır. Azərbaycanın bununla barışması, təbii ki, mümkün deyil. Ölkəmiz hazırkı fəaliyyətinə görə Avropa Şurası ilə yollarını tamamilə ayırmaq barədə də düşünür.

Samir Əsədli: “Bu, milli genefondun qorunması nöqteyi-nəzərindən son dərəcə  vacibdir” - VHP

Samir Əsədli 

Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli Qərb təsisatlarının davamlı olaraq tənqidlər səsləndirməsinə adekvat münasibət bildirməyi zəruri sayır. Onun təklifinə görə, xaricdəki diaspor təşkilatları, fəallar aksiyalar təşkil edə bilərlər. Partiya funksioneri hesab edir ki, AŞ PA ilə Bakının problemləri tez-tez olur, amma yaxın gələcəkdə “ulduzların barışması” gözlənilmir: “Məsələ bundadır ki, Azərbaycan qarşıda Avropa təşkilatlarından gələcək hesabatlara daha çox hazır olmalıdır. Buna səbəb təkcə müharibənin nəticələri deyil, həm də ölkənin BRİKS üzvlüyü üçün müraciəti, Rusiya ilə yaxınlaşma göstərilir. Qərbdə belə fikirləşirlər ki, Azərbaycanın enerji məhsulları Avropa bazarına daşınmaqla yanaşı, siyasi və strateji qütb olaraq bu ölkə Avrasiya xəttindədir. Az qala bunu Bakının sonuncu strateji seçimi kimi qiymətləndirirlər. Hərçənd deməzdim ki, Azərbaycan öz strateji seçimini Rusiyadan yana edib. Sadəcə, indi reallıqlar mövcuddur. O baxımdan biz bilməliyik ki, AŞ PA, ATƏT, Avropa Parlamenti, Fransa Senatı, ABŞ Konqresində hansısa qruplar, Kanada, ayrı-ayrı insan hüquqları təşkilatları bəyanatlarla çıxış edəcəklər. Bu təzyiqlər noyabra qədər güclənəcək, hətta COP29 günlərində davam edəcək”.

Onun sözlərinə görə, COP29 BMT-yə aiddir, biz sadəcə ev sahibliyi edirik: “Yəni BMT-yə aid bir konfrans üzərindən niyə üstümüzə gəldikləri də qəribə görünür. Hər halda, məsələyə birtərəfli baxmaq da çıxış yolu deyil. Azərbaycan hakimiyyəti, o cümlədən QHT-lər, siyasi partiyalar beynəlxalq təsisatlarla əməkdaşlıq etməlidirlər. Biz AŞ PA-dan uzaqlaşmaqla da nəticə əldə etmirik. Çünki Qərbdən qopduqca Rusiya daha çox özünə çəkməyə fürsət biləcək”.

Mühacirlərə "tərs şillə" - Ehtiram Mehdiyev - İnformasiya.az

Ehtiram Mehdiyev 

Milli Cəbhə Partiyasının sədr müavini Ehtiram Mehdiyev isə  güman edir ki, bu addımlar vahid mərkəzdən idarə olunur: “Nə təsadüfdürsə, ABŞ Konqresi də Azərbaycanla bağlı dinləmələrə hazırlaşır. Amma bizdən nümayəndə dəvət etmirlər ki, panel diskussiya olsun. Bakının fikrini öyrənmədən dinləmələr keçirməyin adı iftira atmaqdır. AŞ PA da eyni mərkəzin təlimatların yerinə yetirir. Az sonra Avropa Parlamentinin yeni heyətindən də əleyhimizə qətnamələr qəbul olunduğunu görsək, təəccüblənmərəm. Bugünlərdə 30 təşkilatın birgə bəyanatı da həmin hücumların tərkib hissəsidir. Çünki Qərb cəbhəsi Azərbaycana qarşı siyasi basqı kampaniyasını genişləndirir”. E.Mehdiyevin qənaətinə görə, bu təzyiqlər zamanı Qarabağdan köçmüş ermənilərdən, hətta həbsdə olan separatçı liderlərdən belə istifadə edir: “Əgər əllərində imkan olsa, sanksiya da tətbiq edərlər. Biz hazır olmalıyıq ki, Qərb uzunmüddətli bir təzyiq prosesinə başlayıb. Lakin nəticələri uğursuz olacaq”.

Sözcü - Xəzər Teyyublu: Müstəqil Həmkarlar Birliyinin qaynar xətti yaradıldı

Xəzər Teyyublu 

Siyasi Hüquqların Müdafiə Mərkəzinin rəhbəri Xəzər Teyyublu AŞ PA ilə yolları birdəfəlik ayırmağın tərəfdarı deyil. Hüquq müdafiəçisi Avropa Şurası üzvü olan bir ölkə kimi Qərbdən uzaqlaşma tendensiyalarını müsbət qarşılamır. Onun fikrincə, bu gərginliyə ikitərəfli razılaşma ilə son qoymaq lazımdır: “Bir müddət əvvəl xəbərlər yayıldı ki, danışıqlar gedir. Sonra informasiya təsdiqini tapmadı. Məncə, yenə də hələ heç nə qurtarmayıb, barış üçün imkan var. Yəqin ki, diplomatik kanallarla danışıqlar gedir. Prezidentin irəli sürdüyü şərt də yerindədir - səsvermə mandatımız qaytarılsın, person-non-qrata elan olunan şəxslər üzərindən bu qərar götürülsün”. QHT rəhbərinə görə, ümumiyyətlə, bizim orada səsimizi kəsmək çox böyük səhv idi: “AŞ PA cəza aparatı deyil və bu metod problemi həll etmir, daha da ağırlaşırır. Yaxşı olar ki, müzakirələr başlasın. AŞ PA bir Şvabedən ibarət və ya asılı deyil. Sadəcə, Şvabenin mövqeyi vəziyyəti çətinləşdirir. Əslində münasibətləri normallaşdırmaq elə də çətin olmamalıdır”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR