Onlayn ictimai-siyasi qəzet
Gürcüstanın şimal-şərqindəki Stepantsminda (Kazbegi) bələdiyyəsində qətldə şübhəli bilinən şəxsin qohumları qurbanın ailəsi qarşısında diz çökərək bağışlanmalarını xahiş ediblər. Bu anın görüntüləri sosial şəbəkədə yayılıb.
Musavat.com xəbər verir ki, cümə günü şübhəlinin ailəsindən təxminən 20 nəfər mərhumun dəfn mərasiminin keçirildiyi evə gəlib və diz çöküb başlarını aşağı salıblar.
Bir müddətdən sonra hər iki ailənin ağsaqqalları əl-ələ verib qucaqlaşıblar. Bundan sonra qarşı tərəf öldürülən şəxsin ailəsinin digər üzvlərinə başsağlığı vermək üçün evə daxil olub.
Gürcüstanda belə bir jest ümumi adət olmasa da, namus və icma həmrəyliyi ənənələrinin xüsusilə güclü olduğu Kazbeqi kimi dağlıq bölgələrdə bu, barışığa doğru bir addımdır və qan davasının qarşısını alır.
Cinayət aprelin 20-də Pasxa bayramında baş verib. Kazbeqi rayonunda yaşayan 47 yaşlı Gia Xaikaşviliyə 10-dan çox bıçaq zərbəsi vurulub, o, xəstəxanada qan itkisindən dünyasını dəyişib.
Aprelin 22-də polis 33 yaşlı Paata Kuşaşvilini qətldə, onun 27 yaşlı əmisi oğlu Nikanı isə cinayəti gizlətməkdə ittiham edərək həbs edib. KİV-in məlumatına görə, onlar başqa şəhərdə kirayədə qaldıqları mənzildə gizləniblər.
Yayılan məlumata görə, Xaikaşvili və Kuşaşvili qonşu olublar. Qveleti şəlaləsində bayram şənliyi zamanı onlar arasında dava düşüb. Bəzi mənbələrə görə, buna səbəb yerinə yetirilməmiş vəd olub.
İstintaq işdə yeni təqsirləndirilən şəxslərin meydana çıxacağını istisna etmir. Bu həftə məhkəmə Kuşaşvilinin hər iki əmisi oğlunu istintaqa qədər həbsdə saxlayıb. Onlardan birini 10 ildən 15 ilədək, digərini isə 3 ildən 7 ilə qədər həbs gözləyir.
Şahanə Rəhimli
Musavat.com
28 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ