Onlayn ictimai-siyasi qəzet
Bu gün Azərbaycan tarixinin qara günlərindən biridir. 1920-ci ilin bu günü ölkənin Rusiya ordusu tərəfindən ikinci işğalının birinci günü 28 aprel olub.
Əslində işğal aprelin 27-də olub, amma gəlmə bolşeviklər və onların yerli əlaltıları 28 apreli tarixə təntənəli gün kimi ısalıblar. Bu günün şərəfinə metro stansiyası, kollektiv təsərrüfatlar, digər müəssisələr adlandırılıb. Yəni sovet-rus bolşevikləri ölkəmizin işğal gününü bizə bayram günü kimi sırıyıblar.
O vaxtdan 105 il keçir. Aramızda o günün şahidləri qalmayıb. Bu mövzuda heç kəs xatirə danışmır artıq. Ancaq arxivlər, yazılanlar qalır. Faktların, gerçəkliklərin yozumu dəyişsə də, mahiyyəti dəyişmir, sadəcə, indi hər şeyi öz adıyla çağırmaq mümkündür və lazımdır.
Leninin başçılıq etdiyi bolşeviklərin dövlət çevrilişi nəticəsində ələ keçirdikləri hakimiyyət 105 il öncə bu aprel günlərində Azərbaycanı, Bakını ona görə işğal edirdi ki, buraları Rusiyanın ərazisi sayırdı.
Ölkə müstəqillik qazanmışdı, dünya birliyinin üzvü olmuşdu, himni, gerbi, bayrağı, parlamenti, demokratik əsaslarla fəaliyyət göstərən, hətta Avropaya nümunə ola biləcək hökuməti vardı, ancaq Kreml buna məhəl qoymurdu. “Bakı bizimdir, bizim olmalıdır” – düşüncə bu idi.
Əslində Bakı nefti olmasa da, Moskva Azərbaycandan əl çəkəsi deyildi, ancaq yerdən fəvvarə vuran qızıl seli demək olan neft Bakını daha da cazibədar edirdi. 105-120 il öncə Bakı Moskva və Peterburqdan sonra çar Rusiyasının ən önəmli şəhəri sayılırdı. Ona görə də buralar bolşevik hərəkatının üçüncü yuvasına döndərilmişdi.
Ermənil, gürcü, rus, yəhudi, polyak əsilli inqilabçılar Bakıda qarışqa kimi qaynaşırdılar. Onlara bizimkilər də qoşulmuşdular, yadellilərlə əl-ələ verib marksist ideyalarla xalqı xoşbəxt edəcəkdilər.
Bu gündən baxanda aydın şəkildə görmək və iddia etmək olur ki, Azərbaycan əsilli bolşeviklər böyük aldanış içərisində olublar. Onlar xarakter etibarilə də nümunəvi adamlar olmayıblar, əllərindən hər cür xainlik, satqınlıq, riyakarlıq, mərdiməzarlıq, böhtançılıq, şərbazlıq gəlib.
Məsələn, ən nümunəvi bolşevik sayılan, “Şərqin Lenini” adlandırılan, yazıçı, həkim, böyük ziyalı kimi tanınan Nəriman Nərimanov 1920-ci ilin may ayında yazdığı bir məqalədə belə mülahizələr irəli sürüb: “İki il ərzində Müsavat Azərbaycanı qarət etdi və iflasa uğradı. Hakimiyyət bolşeviklərə keçdi. Bir ay ərzində dövlətin daxili və xarici işləri ilə məşğul olan bolşeviklər Müsavatı devirdilər”.
Bu “böyük ziyalı”, baş nazir olduğu halda atasından dolanışıq üçün pul istəyən Nəsib bəy Yusifbəyliyə, Əlimərdan bəy Topçubaşova, Finlandiyadan siyasi sığınacaq alarkən sovet dövlətinin verdiyi ezamiyyət pulunu aparıb səfirliyə təqdim edən Məhəmməd Əmin Rəsulzadəyə, eləcə də dövlətin, xalqın varidatına xor baxmamış digər qurucu liderlərə “qarətçi” deyir.
Sonrası necə oldu? Cəmi bir neçə ilin içində o, Kreml tərəfindən necə aldandıqlarını anladı. Bu, o zaman baş verdi ki, Bakıda çoxsaylı vəzifələrə daraşmış erməni və rus bolşeviklər ona işləməyə, öz xalqına rəhbərlik etməyə imkan vermədilər, hər iclasda ona qarşı ittiham irəli sürdülər, ölkə xalqının ümdə maraqlarını müdafiə etməyə çalışdığı üçün onu “millətçi” adlandırdılar, axırda Bakıdan perik saldılar, Moskvaya aparıb axırına çıxdılar.
Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsi üçün dəridən-qabıqdan çıxan, Rusiyanın hərbi gəmilərinə, sərhədi keçən 11-ci qırmızı orduya güvənən digər yerli bolşeviklər də sonradan yanlış iş tutduqlarını başa düşdülər – amma onlar bunu çox gec, divara söykədilib güllələndə, daş divarların arasında işgəncəyə məruz qalanda bildilər.
Demək, işğal olunmuş ölkənin devrilmiş hökuməti, “Ey Azərbaycan müsəlmanları, biz hakimiyyəti müsəlman kommunistlərə təhvil verdik, onlar isə Azərbaycanı Rusiyaya satdılar” deyərkən haqlıymışlar.
Ancaq 105 il əvvəlin hadisələrinə bu gün qiymət verəndə etiraf etmək lazım gəlir ki, o zaman Azərbaycanın işğal olunması labüd, qaçılmaz olub. Müstəqilliyi, dövlətçiliyi qorumaq üçün yetərli gücümüz olmayıb. Ölkə zəif, ordusu yox, xalq qeyri-mütəşəkkil, daxildə qarmaqarışıqlıq, əyalətlərdə feodal rejimi, ağa-bəy, qul-kölə münasibətləri, kütləvi cəhalət və nadanlıq olan yerdə qurulmuş dövləti yalnız o zaman qoruyub saxlamaq olardı ki, xaricdən təzyiq, təcavüz olmasın. Bəlkə də Azərbaycan Xalq Cümhuriyyətinin 10 il vaxtı olsa, toparlana, özünü qoruya biləcək duruma gələ bilərdi. (33 ildir müstəqilik, hələ indi-indi öz başımızın salamatlığını pis-yaxşı qorumaq imkanı yaratmışıq).
O zamanlar ölkədə olan ali təhsilli şəxslərin sayı nəinki 100-ə, heç 70-ə də çatmayıb. Təsəvvür edirsinizmi, indi adi bir ortabab kənddə yüzlərlə ali təhsilli kadr tapmaq olar.
Biz o vaxt müstəqilliyimiz yalnız yaxın, dost-qardaş, dindaş Türkiyə və İranın köməyi sayəsində qoruya bilərdik. Onlar isə özləri işğal altında, inqilabi təlatümlərdə idilər, heç öz ərazilərini qoruya bilmirdilər.
Hətta hamı çəkici bir zindana vursa da, daxili satqınlar, aldanmış fəallar olmasa da, aclar və çılpaqlardan ordu qurmuş Rusiyaya müqavimət göstərmək çətin idi.
28 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ