İnsanlara hürriyət, millətlərə istiqlal!

Girov götürüldü, sərhədləri qanunsuz keçdi, Azərbaycana sığındı- FİLM KİMİ HADİSƏ

27 yaşlı Gəncə şəhər sakini İrandan Azərbaycana qanunsuz yolla keçən zaman sərhəddə saxlanılıb. Onun başına gələnlər bir filmin ssenarisi ola bilər. O, Azərbaycana qayıtmaq üçün əvvəlcə Türkiyədən qaçıb. Sonra da İran sərhədindən qaçaq yolla neytral əraziyə keçməyə nail olub.

Musavat.com xəbər verir ki, bütün bunlar Rəşadət Bayramlının başına gəlib. Rəşadət təhsil almaq üçün Türkiyəyə gedib. 2016-cı ildə Mersin Dövlət Universitetində təhsil alıb. Təhsilini bitirdikdən sonra Türkiyədə çalışan Rəşadət ara-sıra Azərbaycana gəlirmiş.

Rəşadətin sözlərinə görə 2022-ci ildə məlumatı olmadığı halda onun kartına müəyyən məbləğlərdə pul köçürülüb. Dediyinə görə bunlardan xəbəri olmayıb və sonradan cinayət məsuliyyətinə cəlb edilib. Dələduzluq maddəsi ilə ittiham olunub. Sonra cəzası şərti hesab edilib və polis nəzarəti qətimkan tədbiri ilə azadlıqda qalıb.

Bundan sonra Ərzurum şəhərinə gedən Rəşadət orada şirkətlərdən birində mühasib kimi çalışmağa başlayıb. Bu hissədə Rəşadətin dedikləri daha çox diqqət çəkir. Bildirdiyinə görə şirkətin 4 nəfər tanımadığı əməkdaşı sənədlərini alaraq onu girov götürüb. Ondan ayrı-ayrı şəxslərin hesablarına müdaxilə etmək, pul çəkmək tələb ediblər. Onların istəyini yerinə yetirən Rəşadət əlavə edib ki, sonradan ondan dövlət qurumlarının hesablarına müdaxilə etməsi istənilib.

“Bundan sonra qaçmaq üçün pul yığmağa başladım. İlk fürsətdə oradan qaçdım”- deyə Rəşadət bildirib. 

Rəşadət Türkiyənin Ağrı şəhərindən qanunsuz yolla İrana keçməyi bacarıb. Dediyinə görə heç bir sənədinin olmadığına görə konsulluğa müraciət edib. Konsulluqdan ona deyiblər ki, 4-5 gün ərzində sorğuya cavab veriləcək. Lakin sərhəddi qanunsuz keçdiyinə görə məsuliyyətə də cəlb ediləcək.

İranda qalmağı risk hesab edən Rəşadət Bakıya qayıtmaq istəyib. Ailəsinə zəng edərək müəyyən məbləğdə pul istəyib. Sonra isə Biləsuvar sərhədinə gedib. Rəşadət burada da İran sərhədini qanunsuz keçməyi bacarıb. O, yük maşının yanında gizlin şəkildə piyada hərəkət edərək neytral əraziyə daxil ola bilib. Son olaraq Azərbaycan ərazisinə keçmək istəyəndə sərhədçilər tərəfindən görülüb.

Onun sözlərinə görə məqsədi sərhədçilərə yaxınlaşıb təslim olmaq, ölkəyə qayıtmaq istədiyini demək olub. Rəşadət heç bir müqavimət göstərmədiyini, “Dayan” əmrinə tabe olduğunu deyib.

Dindirilən sərhədçilər də bunu təsdiq edib. Rəşadət başına gələnləri sərhədçilərə danışıb. Rəşadətə qarşı dövlət sərhədini qanunsuz olaraq keçməyə cəhd maddəsi ilə ittiham irəli sürülüb.

Araşdırma zamanı məlum olub ki, Rəşadət barəsində Türkiyədə çıxarılmış hökmün Azərbaycanda tanınması ilə bağlı müraciət və müvafiq sənədlər Ədliyyə Nazirliyinədə aşkar edilməyib.

Məhkəmə belə qənaətə gəlib ki, Rəşadətin Azərbaycan sərhədini qanunsuz keçmək niyyəti olmayıb və sərhədçilərə könüllü təslim olub. Onun həmçinin öz ölkəsinə qayıtmaq hüququ olduğu, İranda konsulluğa rəsmi müraciəti də nəzərə alınıb. Buna görə də onun barəsində bəraət hökmü  çıxarılıb.

 

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR