İnsanlara hürriyət, millətlərə istiqlal!

Alovlanan Pakistan-Hindistan qarşıdurmasında ABŞ-la Çin üz-üzə - III Dünya müharibəsi Kəşmirdən başlayır

“Bu gün qardaş Pakistanla Hindistan arasında ciddi gərginliklər yaşanır. Hətta bəzi politoloqlar gərginliyin nüvə savaşı ilə nəticələnəcəyindən və III Dünya müharibəsinin Kəşmirdən çıxacağından narahatdırlar”.

Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında belə deyib. Heydər Oğuzun fikrincə, bu narahatlığın ciddi əsasları da var:

 “Məsələ burasındadır ki, Kəşmir məsələsinə Hindistan da biganə deyil. Kəşmirin kiçik bir hissəsi Çinin nəzarətindədir və Çin Pakistanın əsas strateji müttəfiqlərindən sayılır. Üstəlik, Çinin “Bir Yol, Bir Kəmər” layihəsinin cənub marşrutu da Kəşmirdən keçir. ABŞ-ın Uzaq Şərqdəki əlaltısına çevrilən Hindistanın məhz “Bir Yol, Bir Kəmər” layihəsinin qarşısını almaq üçün qəsdən Kəsmir qalmaqalını çıxardığı, İndus suları anlaşmasını pozaraq Pakistanı aclıq və səfalətə sürükləmək, dolayısıyla strateji müttəfiqimizdə iç savaşı qızışdırmaq istədiyi güman olunur.

Sözsüz ki, bu təxribata seyrçi qalmaq Çin üçün ölümcül ola bilər və böyük ehtimalla, Hindistan-Çin gərginliyi böyüyəcəyi təqdirdə, Pekin də proseslərə müdaxilə etməli olacaq. Bu isə istər-istəməz ABŞ-ın təhrikilə uzun illərdən bəri Çinlə savaşa hazırlanan ətraf ölkələrdən, o cümlədən Cənubi Koreya, Yaponiya, Filippinlər, hətta Avstraliya kimi dövlətlərdən də təsirsiz ötüşməyə bilər. Nəzərə alsaq ki, cənubumuzdakı İran, şimalımızdakı Ukrayna da hər an müharibə atəşinə tutula bilər, Kəşmir probleminin də bu gərginlik ocaqlarına əlavə olunması coğrafiyamızın atəş çəmbərinin ortasına atılması anlamına gəlir”.

Heydər Oğuzun fikrincə, Kəşmir probleminin mənəvi və tarixi baxımından da Azərbaycanla birbaşa əlaqəsi var:

“Tarixi bəlgələrə inansaq, Kəşmirin müsəlmanlaşması 1320-ci ildə hindu kralı Rincananın Seyyid Şərifuddin adlı Sührəvərdi dərvişinin vasitəsilə İslamı qəbul etməsilə baş verib. Kəşmirin İslamı qəbul etməsində və İslamın yayılmasında Sührəvərdi sufilərinin böyük təsiri olub. Bölgədə təsəvvüf məktəbinin yaranması ilə Buddist və Hindu dininə inananlar da İslamı qəbul ediblər. 100 illər keçəndən sonra bu din dəyişikliyi Kəşmir probleminin yaranmasına gətirib çıxarıb”.

Heydər Oğuz xatırladır ki, Sührəvərdiyyə təriqəti Cənubi Azərbaycanda ortaya çıxan dini ekoldur: “Hazırda dünyada ən böyük süfi təriqəti hesab olunan Sührəvərdiyyənin çıxış nöqtəsi adından da göründüyü kimi, Zəncan ostanının Xudabəndə şəhristanının Mərkəzi bəxşində yerləşən Sührəvərd şəhəridir.

2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,786 nəfər və 1356 ailədən ibarət idi. Yəni balaca bir şəhər olsa da, Sührəvərd İslam fikir tarixinə Əbunəcib Sührəvərdi, Şihabəddin Ömər Sührəvərdi, işraqi fəlsəfəsinin qurucusu Şihabəddin Yəhya Sührəvərdi və s. kimi dahilər bəxş etmişdir.

Sührəvərd şəhərinin əksər sakinləri bu gün belə Azərbaycan türklərindən təşəkkül tapır və Azərbaycan dilində danışırlar. Bu şəhərin əski adi Qaraquşdur. Bütün bu tarixi faktlar Kəşmirin İslam dünyasında ən çox bizə yaxınlığı ilə seçildiyini, bir növ, Azərbaycan türklərinin tarixi misrası olduğunu bir daha təsdiqləyir. Ən azı o səbəbdən ki, hazırda Azərbaycanda unulmuş olan İşraqilik fəlsəfi və Sürhəvəriyyə təriqətini indiyədək qoruyub saxlayan kəşmirlilərdir. Ümidvaram ki, Kəşmirdə gərginlik səngiyəndən sonra Azərbaycan Elmlər Akademiyasının dəyərli alimləri bu bölgəyə səfər edəcək, tarixi mirasımızın dəyərli nümunələrini araşdıracaq və onların yenidən ölkəmizə daşınmasına çalışacaqlar”.

 

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR