Onlayn ictimai-siyasi qəzet
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə “Respublika Perinatal Mərkəzi” PHŞ-də baş vermiş yanğınla bağlı cinayət işi üzrə araşdırmalar davam edir.
Musavat.com-un xəbərinə görə, hakim qarşısına mərkəzin direktoru Mehriban Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev, dəstək xidmətləri şöbəsinin müdiri Elnur Əhmədli çıxarılıblar.
Prosesdə zərərçəkmiş şəxslərdən Elşən Nəcəfov ifadə verib.
Deyib ki, PHŞ-də mühafizə polisi işləyib, orada yanğın baş verərkən işdə olub.
“Yanğına ilk müdaxilə edənlərdən biri mən olmuşam. Gecə 03:20-də Gülbahar xanım məni yuxarı çağırdı. 4-cü mərtəbəyə qalxanda küvəzin üstünün yandığını gördüm. Yanğın təxminən 15-20 dəqiqə davam etdi. Küvəzin üstünə vedrə ilə su tökdüm. Yanğın söndü, lakin təkrar alovlandı. Daha sonra yanğınsöndürən balonlardan istifadə etdim. Uşaqlardan 6 nəfərini xilas edə bildim. Təqsirləndirilən şəxslərin heç birindən şikayətçi deyiləm”, deyə zərərçəkən bildirib.
PHŞ-də yanğın olarkən zərərçəkmiş Vaqif Abdullayevin həyat və övladı orada olub.
O, ifadəsində müttəhimlərdən şikayətçi olduğunu deyib:
“Yoldaşımı mərkəzə yerləşdirdikdən sonra rayona qayıtdım. Rayona çatanda yoldaşım zəng edib, mərkəzin yandığını bildirdi. Yoldaşım daha sonra anama zəng edib. Anam taksi ilə mərkəzə gəlib və qayınanamla birlikdə uşağı küvəzdən çıxarıb. Mən də rayondan birbaşa mərkəzə qayıtdım. Daha sonra öyrəndim ki, yoldaşım və övladım ayrı-ayrı xəstəxanalara yerləşdirilib. Evin yeganə övladıyam. 8 ildir evliyəm. Sevinirdik ki, övladımız olacaq. Lakin bu yanğın baş verdi. Rəhbərlikdən şikayətçiyəm”.
Zərərçəkmiş Aynurə Əhmədova isə bildirib ki, xəstəxanada xadimə işləyib. Hadisə günü gecə növbəsində olub:
“Qışqırıq səsləri eşitdim və mərkəzin yandığını anladım. Yuxarı mərtəbəyə qalxdım. Tibb bacıları Təranə və Yeganə ilə birlikdə vedrələrlə su daşıyaraq yanğına müdaxilə etdik. Yanğın elektrik yuvasından başlamışdı. Ora su töküb yanğını söndürməyə çalışdıq. Lakin yanğın pərdə vasitəsilə yayıldı və daha sonra küvəzlərə keçdi. Tibb bacısı Yeganə yanan küvəzi açaraq uşağı qucağına aldı və kömək göstərdi. Daha sonra yanğın baş verən otaqdan uşaqları çıxararaq aşağı mərtəbəyə apardıq. Özüm 15 uşağı ikinci mərtəbəyə aparıb təhvil vermişəm. Mərtəbədə yalnız bir yanğınsöndürmə balonu var idi”.
Qeyd edək ki, 2024-cü il yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasında baş vermiş yanğınla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.
İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş körpə ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.
Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci ildə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını 2 dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.
Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib. Cinayət işi üzrə zərərçəkmiş qismində "Respublika Perinatal Mərkəzi", Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam oğlu Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova tanınıblar.
Növbəti məhkəmə prosesi mayın 19-na təyin edilib.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
28 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ