İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Konqresindən Azərbaycana həmlə – Sentyabrın 19-da...

Erməni lobbistlərinin kök saldığı ABŞ Konqresində Azərbaycana qarşı yeni təxribat hazırlanır. Musavat.com-un xarici mənbələrə istinadən verdiyi məlumata görə, “Sentyabrın 19-da ABŞ Konqresinin İnsan Haqları Komitəsi Azərbaycanın Dağlıq Qarabağda (?! – red.) apardığı etnik təmizləmə (?! – red.) və Dağlıq Qarabağ (?! – red.) ermənilərinə qarşı insan haqlarının pozulması ilə bağlı dinləmələr keçirəcək”.

Həmçinin qeyd edilir ki, “Azərbaycan hakimiyyətinə qarşı çıxdıqları üçün repressiya qurbanlarına (?! – red.) çevrilmiş azərbaycanlılar mövzusu da müzakirə olunacaq”. Məlumatda habelə həyasızcasına iddia edilir: “Tədbir təşkilatçıları xatırladırlar ki, Azərbaycan hökuməti 2023-cü ilin sentyabrında Dağlıq Qarabağ (?! – red.) üzərində tam nəzarəti bərqərar etmək üçün hərbi əməliyyata başladıqdan sonra anklavda etnik ermənilərin vəziyyəti kəskin şəkildə dəyişib. 2023-cü ilin sonunda onların demək olar ki, hamısı Ermənistana qaçıb. Dinləmələrdə açıq-aşkar etnik təmizləmə (?! – red.) və bununla bağlı bir sıra məsələlər, o cümlədən hərbi əsirlərin (?! – red.) və siyasi məhbusların statusu, Dağlıq Qarabağdakı (?! – red.) erməni mədəni obyektlərinin statusu və etnik ermənilərin Dağlıq Qarabağa (?! – red.) qayıtmaq hüququ müzakirə olunacaq. Müzakirə iştirakçıları Konqresə təkliflər təqdim edəcəklər”.

Dinləmələr Konqres üzvləri, Konqresin əməkdaşları, maraqlı ictimaiyyət və media üçün açıq olacaq...

“Dağlıq Qarabağ”, “etnik təmizləmə” ifadələrinə və tarixə diqqət edin – 19 sentyabr. Azərbaycanın Qarabağda 1 günlük antiterror tədbirlərinə başladığı gün. Yəni yüzdə yüz erməni lobbisinin diktə elədiyi bir gündəlik. Sadəcə, guya qərəzsiz görünmək və tədbirin ictimai təsirini artırmaq üçün Azərbaycanda “siyasi məhbus” adlandırdıqları şəxslərin məsələsini də onun “gözünə” qatmaq istəyirlər.

Halbuki birinci halda söhbət Azərbaycanın öz ərazisində dağıdıcı separatizmin, xunta rejiminin kökünü kəsib ərazi bütövlüyünü bərpa etməsindən gedirsə, ikinci halda universal dəyərlərdən gedir. Görəsən birincinin ikinciyə nə dəxli? Məgər ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanımır? Demokratik, ya qeyri-demokratik, bir dövlətin öz ərazi bütövlüyünü bərpa etmək, işğalçını qovmaq hüququ yoxmu? Ərazimizdə saysız-hesabsız bəşəri cinayətlər törətmiş və insan haqları hərləməyən vəhşi-vandal işğalçı-separatçı qüvvələrin, quldur-banditlərin başını əzib suverenliyimizi bərpa etməli deyildikmi? Ardınca soydaşlarını öz yurd yerlərinə qaytarmaq haqqımız yox idimi?

Yeri gəlmişkən, hələ də öz evlərinə dönə bilməyən azərbaycanlı qaçqın-köçkünlərin taleyi, təməl haqları nədən Konqresin vecinə deyil? Onları ana doğmayıb, yoxsa ermənilər paltarda doğulub?..

Maraqlıdır ki, bu ərəfədə ABŞ Dövlət katibi Entoni Blinkenlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında bir neçə gün öncə baş tutmuş telefon danışığının təfərrüatı açıqlanıb. Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin yazılı açıqlamasında deyilir ki, “Birləşmiş Ştatlar Azərbaycan və Ermənistanın münasibətlərin normallaşdırılması ilə bağlı danışıqlarda əldə etdiyi irəliləyişi alqışlayır, xüsusilə sərhədlərin delimitasiyasının tənzimlənməsi haqqında Əsasnaməyə dair razılaşmaları qeyd edir”. Miller onu da vurğulayıb ki, Blinken Paşinyanla söhbətində Cənubi Qafqazda davamlı və layiqli sülhün bərqərar olmasının vacibliyini təsdiqləyib.

İndi o “o nə turşu, bu nə pəhriz”? Doğru, Konqres ABŞ hökuməti demək deyil. Amma yenə gözləyək, görək 19 sentyabr təxribatçı dinləmələrə hökumətdən (Dövlət Departamentindən) kim qatılacaq. Hərgah görünən kəndə nə bələdçi?..

Siyasət şöbəsi,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR