Onlayn ictimai-siyasi qəzet
Bizim təhsil nazirimizə heyranam. Gerçəkdən, tam mübaliğəsiz və istehzasız. Harda açıqlamasını görsəm, mütləq oxuyuram, video versiyadadırsa, izləyirəm. Ötən gün də mətbuat konfransında bir jurnalistlə polemikasını izlədim. Öncə onu deyim ki, jurnalistləri qarşısına alıb, onların suallarına cavab verən tək-tük, bəlkə də yeganə nazir olduğu üçün ona təşəkkürümü bildirirəm.
Çünki son illərdə biz jurnalistlər ancaq anım günlərində, yanğında-fəlakətdə, hansısa beynəlxalq tədbirdə nazir, dövlət rəsmisi görə bilirik. Hətta COP29 tədbirləri zamanı jurnalistlər nazirlərin, rəsmilərin üstünə necə hücum edirdilərsə(mən mədəni formada yazdım), mediaya bir xəbərdarlıq gəldi: lütfən dövlət nümayəndələrini görəndə jurnalistlər xaos yaratmasın, xarici qonaqlar bu mənzərələri görüb, şoka düşür. Xarici qonaq hardan bilsin ki, biz nəinki nazir, onun müavini, heç komitə sədrlərinin də səsini il uzunu eşidə bilmirik. COP29 da bir fürsət idi, əlimizə keçmişdi. Nəsə, qayıdaq Emin müəllimə. Dedim axı, xoşum gəlir o danışanda. Çünki mənə elə gəlir ki, o, hərdən ezop dilində danışır. Ya da özünü çox saf aparır, özünün həll etməli olduğu məsələləri bizə yükləyir. Sanki bizim problemimiz kimi üzərimizə qoyur, danlayır, yol göstərir. Amma elə sakit, təmkinli və mədəni danışır ki, etiraz etməyə ürəyimiz gəlmir. Məsələn, bir neçə il əvvəl demişdi ki, müəllimlərə hədiyyə vermək ənənəsi hər zaman olub və olacaq da. “Bizim vaxtımızda da olub” sözünü elə şirin formada demişdi ki, mən müəllimə üçün bayramda pul yığmaq, hədiyyə almağın bir adət, nəsildən-nəslə ötürülən bir əmanət olduğunu düşünmüşdüm. Təxminən, elçilik kimi, xınayaxdı kimi... Kim o adəti pozsa, el içinə çıxa bilməzmiş kimi...
Lütfən, nazirin sonuncu mətbuat konfransında dediyi cümlələri diqqətlə oxuyun. Və sadəcə, düşünün ki, bunu Emin müəllim yox, hansısa bir müxalifət lideri deyir. “Dövlət bu müəllimə maaş verir. O, orda işləməsə, başqaları onun əvəzində işləyəcək də. Sizin övladınıza dərs deyən adam dərs vaxtı dərs demirsə, üstəgəl, siz ona pul verib dərsdən sonra dərs deməsini təmin edirsinizə, bu adama insanlıq çərçivəsində “vicdanlı” demək olar, yoxsa yox? Vicdanlı olan bunu etməməlidir. Sivil adam küçəyə zibil atmamalıdır. Normal, vicdanlı müəllim öz sinfindəki uşağa dərsdən sonra repetitorluq etməməlidir. Bunlar eyni dəyər pozuntusudur. Bizim insanımız bunu başa düşməyənə qədər bu, problem olaraq qalacaq”.
Razısızmı dedikləri ilə? Belə özündən razılıq çıxmasın, amma ötən həftənin çərşənbə günü, yəni, cənab nazirdən 3 gün əvvəl mən bu fikirləri TV Müsavatda yayımlanan müəllif verilişimdə demiş və müəllimlərdən də xeyli qınaq almışdım, almağa da davam edirəm. Müəllimlər hesab edir ki, biz valideynlər evdə 1 uşağımıza sahib çıxa bilmirik, amma onlar 30 uşağın öhdəsindən gəlməlidilər. Və ya aldıqları maaşdan şikayətlənib, “biz bu pulla necə ailə saxlayaq, məcburuq repetitorluq etməyə” tipli arqumentləri də sadalayırdılar. İndi nazir də deyir ki, onlara maaş verilir. İşləyə bilmirlərsə və ya işləmək istəmirlərsə, çıxsınlar, onların yerinə başqası gəlsin. Nəyi səhv deyir?
Amma məni burda güldürən və absurd hislər yaşadan cümlə vicdanla bağlı dedikləridir. Nazir az qala jurnalistlə mübahisə edir ki, bəs müəllimə dərs vaxtı dərs demədiyi uşağı dərsdən sonra yanına çağırıb, repetitorluq edirsə, bu, vicdansızlıqdır. Mən bilən, ölkədə təhsil sistemi vicdan meyarları ilə idarə olunmur, olunmamalıdır. Ölkədə məktəblər təhsil verən orqan olaraq fəaliyyət göstərir, büdcədən (oxu: bizim vergilərimiz hesabına formalaşan büdcədən) onlara maaş verilir. Və dövlətin, Təhsil Nazirliyinin də borcudur ki, məktəbdə təhsil verilməsini təmin etsin. Müəllimənin vicdanı ilə həll olunacaq məsələ deyil axı bu. Vicdana qalsa, mən dəfələrlə seçki məntəqələrində ona etiraz edən müşahidəçilərin iki gözünü bir deşikdən çıxarmağa hazır olan müəllimələr görmüşəm və o söhbətdə vicdanı “gördüm” deyən olmayıb.
Yəni, dövlətin, nazirliyin və başda Emin Əmrullayev olmaqla bütün təhsil sistemin borcudur ki, müəllimələrin dərs keçməsini təmin etsinlər. Heç bir valideyn pulunun əlindən dəli olmayıb ki, ayda 400-500 manatını repetitorlara versin. Başqa bir tərəfdən, məktəbi repetitorluq ocağına çevirən, məktəblərdə otaqları kirayələyib, uşaqlara hazırlıq keçən müəllimələri də yaddan çıxarmasın nazirlik. Yox, əgər “elə şey yoxdur” deyirsə, axşam saatlarında məktəblərdəki işığı yanan otaqların hesabatını versin. Axşam saat 8-də bir məktəbdə bir neçə sinif otağının işığı niyə yanır? 3-cü növbə yoxdursa, nədir bunun izahatı? Dövlətin əmlakı dövlətin müəlliməsinə icarəyə verilib, pulunu isə biz valideyn ödəyirik.
Bütün il belə keçir. İllərdir bu qayda belə dövr edir. Valideyn pul tökür, uşaq yollarda qalır, axırda pis-yaxşı bir universitetə qəbul olur. Uşağın məzun olduğu məktəb isə sinəsini qabağa verib deyir ki, bəs bizim filan qədər məzunumuz bu il tələbə adını qazandı. Sizin məzununuz yox e, o məzunların binəva valideynlərinin ödənişi, repetitorların qoyduğu zəhmət tələbə adını qazanır. İldən-ilə də bu problem daha qabarıq hal alır. Uşaq birinci sinfə başlayan gündən hazırlığa gedir. Proqram ağır, uşaq zəif, sinifdə 25-30 uşaq. İstər-istəməz repetitorluq ənənəsinə ilk gündən start verilir. Beləcə, 1-ci sinifdən 11-ci sinfə qədər başını alıb gedir...
Bütün bu həqiqətləri cəmiyyətimiz bilir. Amma nazir onu elə ürək ağrısı, üzündəki saf ifadə ilə deyir ki, biz özümüzü günahkar hiss edirik. Bir an bizə elə gəlir ki, nazirimiz bizdən küsüb, incikdir yaratdığımız bu mənzərəyə görə. Öz şagirdinə pul qarşılığında dərs deyən müəllimlərin vicdansızlığına görə bütün toplum günahkardır, bir tək nazirlikdən başqa. Uşaqları savadsız olmasın deyə cibindən repetitorlara pul verən valideynlər isə ikiqat günahkardır. Təxminən “cücə və yumurta” mübahisəsi kimi. Öncə repetitora müraciət edən valideyn yaranıb, yoxsa repetitor xidmətini təklif edən müəllimə?
Bir sözlə, günahkarıq. Hamı özünü ələ alsın, birgə yığışaq, müzakirə edək və təhsili “vicdansız müəllim problemi”ndən xilas edək. Çünki nazir bizdən küsüb...
30 Mart 2025
29 Mart 2025
27 Mart 2025
22 Mart 2025
02 Mart 2025
23 Fevral 2025
16 Fevral 2025
09 Fevral 2025
26 Yanvar 2025
25 Yanvar 2025
18 Yanvar 2025
22 Dekabr 2024
11 Avqust 2024
25 May 2024
12 Aprel 2024
ŞƏRHLƏRŞƏRH YAZ