İnsanlara hürriyət, millətlərə istiqlal!

Əcnəbi döyüşçülərin toplanış yeri – İki koalsiyanın 71 il öncəki savaşı davam edir

Dörd il öncə bu vaxtlar Qarabağ müharibəsində Azərbaycan tərəfdən muzdlu əcnəbilərin vuruşduğu barədə haray-həşir salan dövlətlər bu gün özləri Ukraynada gedən savaşda başqa dövlətlərə məxsus nizami hərbi birləşmələr və muzdlu döyüşçü birlikləri toplayırlar.

Elə bir gün olmaz ki, Rusiya mətbuatında Ukrayna tərəfdən döyüşən fransızların, Latın Amerikasından gələn muzdluların, ingilis təlimçilərin hansısa bir feli barədə informasiya olmasın. Rus jurnalistlər gah onların qəddarlığından, gah səngəri qoyub qaçdıqlarından, gah qış söyuğuna dözə bilmədiklərindən, gah da böyük itki verdiklərindən yazırlar.

Eyni zamanda Rusiyanın da müharibəyə başqa ölkələrdən olan canlı qüvvələr cəlb etdiyi barədə informasiyalar var. Bu yaxınlarda Hindistanın baş naziri Narendra Modinin Rusiya prezidenti Vladimir Putinlə Rusiya tərəfdən Ukraynada döyüşən 200-ə yaxın hindistanlının tərxis edilərək vətənlərinə göndərilməsi barədə razılığa gəldiyinə dair xəbərlər çıxdı.

Bundan başqa, Rusiyanın hüquq-mühafizə orqanlarının Türküstan (Orta Asiya) respublikalarından və Tacikistandan olan miqrantları zorla vətəndaşlığa qəbul edərək, dərhal da cəbhənin ön xəttinə göndərmələrinə dair minlərlə fakt məlumdur.

Şimali Koreyadan cəlb olunmuş 8 min nəfərlik qoşun birləşməsinin Ukrayna müharibəsinə göndərilməsi isə artıq beynəlxalq söz-söhbətin mövzusuna çevrilib. Bu məsələyə ABŞ, Çin, Cənubi Koreya, Ukrayna və başqa ölkələr reaksiya veriblər.

Cənubi Koreya və Şimali Koreyaya məxsus hərbçilərin Ukrayna savaşında üz-üzə gəlmələri ehtimalı da var. Sanki bu iki ölkə 71 il öncə yarımçıq saxladıqları müharibəni Ukraynada davam etdirmək istəyrilər.

1950-53-cü illər arasında davam etmiş Koreya müharibəsini ona görə yarımçıq saymaq olar ki, vuruşan tərəflərin heç biri Koreya yarımadasına bütöv şəkildə sahiblənə bilməyib, onu iki hissəyə - Şimali Koreyaya və Cənubi Koreyaya bölüblər. Elə o vaxtdan da müharibə vəziyyətindədirlər. Bir millətin övladları düşmənçilik münasibətini davam etdirirlər. Onların arasındakı müharibə formal olaraq davam edir, sadəcə, atəşkəs rejimindədirlər, sülh sazişi imzalamayıblar.

Ukrayna müharibəsi kimi, Koreya müharibəsi də koalisiyaların, siyasi sistemlərin arasında başlanan müharibə olub.

Pxenyan şəhərini öz paytaxtı edən yerli kommunistlərə SSRİ və Çin himayədarlıq edib, cənubdakı antikommunistlər isə ABŞ-nin və onun müttəfiqlərinin yardımı ilə ayaqda qalıblar. Türkiyənin hərbi birləşmələri sırf sovet təhlükəsinə görə ABŞ-nin səfində yer alıb. Çünki o zamanlar Türkiyə Cümhuriyyətini idarə edən qüvvələr II dünya müharibəsindən sonra güclənmiş SSRİ-dən, dünyanın nəhəng siyasi lidelərindən birinə çevrilmiş Stalindən çox qorxurmuşlar.

Beləcə, 35 illik yapon müstəmləkəçiliyindən qurtulan Koreya yarımadasında iki dövlət əmələ gəlib. Şimali Koreyanın Yaponiyaya qarşı mənfi münasibətinin kökündə vaxtilə yaponların istila və istismarına məruz qalması durur. Cənubi Koreyada isə bu dövrü çoxdan unudublar, ya da artıq əhəmiyyətini itirmiş tarixi fakt sayırlar.

Həmin müharibənin Şimali Koreya tərəfindən baş komandanı indiki ŞKDR lideri Kim Çen Inın babası Kim İr Sen olub. Məhz bu adam Koreyanın tamamına sahib olmaq üçün müharibəyə başlayıb, amma arzusuna çata bilməyib. Kim İr Senin nəvəsi In babasının nailiyyət və irsini yaşatmaqda qərarlıdır, imkanı olsa, onun yarımçıq qoyduğu işi də tamamlayar. Ancaq bu 71 idə Şimali Koreya birindən başqa bütün sahələrdə Cənubi Koreyadan qat-qat geridədir, zəifdir, onunla rəqabət aparacaq gücdə deyil. Şimali Koreyanın yeganə üstünlüyü hərbi sahədə və malik olduğu nüvə başlıqlı ballistik raketlərdədir.

Budur, vaxtilə Koreyanı iki bölən qüdrətli dövlətlər bu dəfə Ukraynada toqquşublar və Koreya dövlətləri də köhnə müttəfiqlik səngəri üzrə öz yerlərini tutublar. Böyük dövlətlər bəlkə də sonradan Ukraynanı da iki yerı Qərbi və Şərqi Ukraynaya böləcəklər, bilmək olmaz.

O da ola bilər ki, Ukrayna müharibəsi də 3 ilin tamamında sona yetəcək. Ancaq indiki durumda bu savaşın hələ bir müddət də davam edəcəyi ehtimalı güclüdür.

Koreya müharibəsi 3 milyondan çox insanın ölümünə səbəb olub. Ukrayna savaşının qurbanlarının statistikası qarışıb, hər iki tərəf yalnız düşmənin itkilərini şişirdib qabardaraq təqdim edir, özününkü barədə susur.

Bir sözlə, Rusiya-Ukrayna savaşı artıq iki ölkənin müharibəsi olmaqdan çıxıb, bir düjün ölkənin bu və ya digər şəkildə qatıldığı müharibəyə çevrilib. Görünür, Şimali Koreya bu müharibəyə ona görə qatılır ki, Rusiyaya olan tarixi borcunu geri qaytarmaq istəyir.

1953-cü ilin 27 iyulunda başa çatan Koreya müharibəsinin nəticələri parlaq şəkildə ortadadır: Cənubi Koreya dünyanın ən güclü iqtisadiyyata malik 10 ölkəsindən biridirsə, Şimali Koreya ölkə əhalisinin rifahına görə dünyanın 200-ə yaxın ölkəsinin ən kasıblarının qrupundadır.

Beləcə, muzdlu döyüşçülərin silah oynatdığı müharibəyə baxırsan və düşünürsən: bu adətdəndirsə, normaldırsa, bizdən nə istəyirdilər?

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

23 Noyabr 2024

21 Noyabr 2024

20 Noyabr 2024

19 Noyabr 2024

17 Noyabr 2024

15 Noyabr 2024

13 Noyabr 2024

12 Noyabr 2024

11 Noyabr 2024

09 Noyabr 2024

08 Noyabr 2024

06 Noyabr 2024

05 Noyabr 2024

03 Noyabr 2024

01 Noyabr 2024

30 Oktyabr 2024

28 Oktyabr 2024

26 Oktyabr 2024

24 Oktyabr 2024

22 Oktyabr 2024

21 Oktyabr 2024

19 Oktyabr 2024

17 Oktyabr 2024

16 Oktyabr 2024

15 Oktyabr 2024

13 Oktyabr 2024

11 Oktyabr 2024

10 Oktyabr 2024

08 Oktyabr 2024

06 Oktyabr 2024